“Aşıq Qərib” operası – Qarabag
“Aşıq Qərib” operası

Zülfüqar Hacıbəyov tərəfindən 1915-ci ildə yazılmış “Aşıq Qərib” muğam operası (bəzi mənbələrdə həmçinin 1916-cı ildə yazıldığı göstərilir) ilk dəfə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası tərəfindən Bakıda 13 may 1916-ci ildə Tağıyev teatrının (milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrının yerləşdiyi bina 1992-ci ildə sökülüb, yerində isə sonralar Azərbaycan Dövlət Musiqi Teatrının indiki binası tikilib) səhnəsində tamaşaya qoyulmuşdur.
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 99-100]
[Azərbaycan muğamının ensiklopediyası. 2012-ci il, səh. 88]
[Böyük sovet ensiklopediyası. 1-ci cild. 1949-cu il, səh. 477]

Zülfüqar Hacıbəyov operanın librettosunun (musiqi-səhnə əsərinin mətni) müəllifidir və opera Azərbaycanda, Zaqafqaziyada, Kiçik və Orta Asiyada geniş yayılmış eyni adlı güman ki, XVI-XVII əsrlərə aid aşıq nağılının (dastanının) süjetinə əsaslanmışdır. “Böyük sovet ensiklopediyası”nın 1970-ci il nəşrində “Aşıq Qərib” anonim romantik Azərbaycan dastanı kimi göstərilir. “Aşıq Qərib” dastanının Azərbaycan versiyası ilk dəfə rus şairi Mixail Yuryeviç Lermontov tərəfindən 1837-ci ildə Qafqazda olarkən yazıya alınmış və 1846-cı ildə nəşr edilmişdir.  Azərbaycan folklorşünası Əhliman Axundovun məlumatına görə, 1944-cü ildə Laçın rayonunun Əhmədli kəndində dastançı Meşədi-Dadaş Əhməd oğlu tərəfindən yazıya alınmış dastanın mətni bir çox cəhətdən özünün müəyyən süjet ardıcıllığına və personajlarına görə Lermontovun yazıya aldığı nağılın mətni ilə üst-üstə düşür.
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 97-98;100]
[Böyük sovet ensiklopediyası. 2-ci cild. 1970-ci il, səh. 472]

Zülfüqar Hacıbəyov özü də “Aşıq Qərib” operasının tamaşaya qoyulmasında fəal iştirak etmiş, dirijor, yəni tamaşanın baş musiqi rəhbəri kimi çıxış etmişdir. Aşıq Qərib rolunda opera müğənnisi, teatr aktyoru Hüseynqulu Sarabski, Şahsənəm rolunda isə opera müğənnisi Əhməd bəy (Bədəlbəyli) Ağdamski çıxış etmişlər.
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 100]
[Teatr ensiklopediyası. Cild I. 1961-ci il, səh. 66]
[Q. Məmmədli. Azərbaycan teatrının salnaməsi (1850-1920-ci illər). 1975-ci il, səh. 434]

“Aşıq Qərib” poetik xalq nağılının obrazlarını musiqidə ilk dəfə Zülfüqar Hacıbəyov meydana çıxarmışdır. O, operada xalq mənbəyinin ideya əsasını və ümumi süjet ardıcıllığını qoruyub saxlamış və onu musiqi səhnəsinin tələblərinə uyğunlaşdırmışdır. Zülfüqar Hacıbəyov bütün dastanı dörd böyük hissəyə ayırmış, hər biri bir aktın məzmununun əsasını təşkil etmişdir. Hissələrin hər biri də onun tərəfindən nisbətən müstəqil olan iki ölçüyə bölünmüşdür. Beləliklə, operada dörd pərdə və səkkiz səhnə meydana gəlmişdir. Librettodakı səhnə pərdələrinin tələblərinə uyğun olaraq dastanın süjet xətti qısaldılmışdır.
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 101]

C.Cəbrayılbəylinin 1986-cı ildə qələmə aldığı “Zülfüqar Hacıbəyov” kitabında opera haqqında belə deyilir:
“Hacıbəyovun “Aşıq Qərib” operası Azərbaycan bəstəkarlarının erkən yaradıcılığına təzə ruh gətirmişdir. Digər muğam operalarından fərqli olaraq bu əsərə xoşbəxt sevgi obrazları hopmaqla parlaq lirik əhval-ruhiyyəyə bürünmüşdür. “Aşıq Qərib” operası nağıl janrından çox şey əxz etmişdir. Bu həm süjetin inkişafında, həm də öz səadətləri uğrunda inadla mübarizə aparan baş qəhrəman – Şahsənəm və Qərib obrazlarında aşkara çıxır. Musiqi nağıl ahənginə görə də “Aşıq Qərib” nağıl janrına doğmadır. Buna görə də bu operanı muğam-nağıl operası hesab etmək olar.”
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 104]

1916-cı ildə “Aşıq Qərib” operası dörd dəfə səhnəyə qoyulmuşdu.

“Kaspi” qəzetində operanın premyerası aşağıdakı kimi təsvir olunur:
“Müsəlman səhnəsinin bütün ən yaxşı qüvvələri çıxış edir. Kişi və qadın qarışıq böyük xor orijinal və xalq motivlərinin 20-yə qədər nömrəsini ifa edəcək. Baş rollarda Sarabski və Ağdamski oynayır. Pyes üçün yeni dekorasiyalar çəkilib. Qapalı lojalar var.”

“Cümə günü, mayın 13-də H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan Z. b. Hacıbəyovun yeni “Aşıq Qərib” operasında zal adamla dolu idi. Opera həm musiqisinə, həm də məzmununa görə çox maraqlı idi. Musiqisi melodik xalq və orijinal motivlərdən (xor) və Şərqdə mövcud olan klassik ariya və melodiyalardan tərtib olunmuşdur. Orkestr yalnız Şərq musiqi alətlərindən ibarət idi”.
[С. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 100]

“Aşıq Qərib” tamaşası ikinci dəfə 20 may 1916-cı ildə, üçüncü dəfə isə indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında (9 sentyabr 1916) səhnəyə qoyulmuşdur. Bu tamaşanın tərtibatçısı azərbaycanlı rejissor Abbas Mirzə Şərifzadə olmuşdur. Tamaşa Hacıbəyov qardaşlarının yeni təşkil olunmuş antrepriza (təşkilatçının tamaşada iştirak etmək üçün müxtəlif teatrların aktyorlarını dəvət etdiyi teatr işinin təşkili forması) tərəfindən səhnələşdirilib. Dördüncü tamaşa sentyabrın 15-də səhnəyə qoyuldu.
[C. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 101]
[Q. Məmmədli. Azərbaycan teatrının salnaməsi (1850-1920-ci illər). 1975-ci il, səh. 436; 447-448]

1929-cu ildə operanın növbəti tamaşası Sabunçu qəsəbəsində baş tutdu. Tamaşada dirijorluk edən bəstəkar Müslüm Maqomayev idi. Tamaşada Həqiqət Rzayeva (Şahsənəm), Hüseynqulu Sarabski (Aşıq Qərib) və digər aktyorlar oynayırdı.
[C. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 101]
[Teatr ensiklopediyası. Cild IV. 1965-ci il, səh.606]

Zülfüqar Hacıbəyov 5 (17) aprel 1884-cü ildə Şuşada anadan olub. Lakin teatr ensiklopediyasında onun doğum tarixi 4 (16) sentyabr olaraq qeyd olunur. 1899-cu ildə Zülfüqar Gürcüstanın Qori şəhərində olan Zaqafqaziya Müəllimlər Seminariyasına daxil oldu. Hacıbəyov müsiqini özü öyrənib. O, kiçik qardaşı Üzeyir Hacıbəyov və digər görkəmli xadimlər: Müslim Maqomayev, Hüseynqulu Sarabski və Hənəfi Terequlovla birlikdə Azərbaycan xalqının özünəməxsus milli musiqi sənətini təsdiq etmişdir.  
Zülfüqar Hacıbəyov “Əlli yaşında cavan” (1909), “Varlı” (“On bir yaşlı gəlin”) (1910-1911), “Evliykən subay” (1911) musiqili komediyalarının, “Sovet Azərbaycanının 30 illiyinə” (1950, bəstəkar Zakir Bağırovla birgə) kantatasının və başqa əsərlərin müəllifidir. 1920-1930-cu illərdə o, “Kənd qızı”, “Çoban qızı”, “Əsgər nəğməsi” və s. kimi bir neçə mahnı yazmışdır.  Onun “Üç aşıq” (“Məlikməmməd”) və “Nüşabə” kimi iki operası yarımçıq qalmışdır. Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn edilib.
[Azərbaycan muğamının ensiklopediyası. 2012-ci il, səh. 88]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il, səh.65]
[Musiqi Ensiklopediyası. 1-ci cild 1973-cü il, səh. 871]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il, səh. 147]
[The Honorary Cemetery. 2007-ci il, səh. 109]
[Teatr ensiklopediyası. Cild I. 1961-ci il, səh.1073]
[D. Əhməd. Fəqlilər. 2020-ci il, səh. 177]

image_pdfimage_print