Şuşanın şərq qapısı: Əsgəran qalası – Qarabag
Şuşanın şərq qapısı: Əsgəran qalası

Qarabag.com Qarabağ xanlığının iri müdafiə tikililərindən biri olan Şuşa şəhərindən təqribən 25 km aralıda yerləşən Əsgəran qalasının yaranması tarixi və memarlıq quruluşu haqqında material hazırlamışdır.

Əsgəran qalası Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində, Qarqarçay çayının sağ və sol sahilində, dağlarının arasında dərədə yerləşir. Qala Qarabağ xanlığının müdafiə olunma qabiliyyətində xüsusi rol oynayırdı. Əgər düşmən dar dərənin girişini bağlayan qalanı tuturdusa, o zaman o Şuşaya sərbəst girişə malik olurdu.

Qalanın əsası 1758-1760-cı illərdə Qarabağ xanı Pənah Əli xanın oğlu Mehrəlı bəy tərəfindən qoyulmuşdur.
[Əhmədbəy Cavanşir. Qarabağ xanlığının siyasi mövcudluğu haqqında (1747-ci ildən 1805-ə qədər) 1961, səh.71]
[Azərbaycan arxeologiya komitəsinin xəbərləri. 1926-cı il,  E.A. Paxomovun “Əsgəran” məqaləsi 1902-ci il, səh. 9]
[Yevlax-Şuşa: Arxeoloji oçerk. C. Aleksandroviç, İ. Əzimbəyov, M. Sısoyev. 1928-ci il, səh. 10]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il, səh. 133]

Azərbaycan tarixçisi Mirzə Camal Qarabağiyə görə, qala 1788-1789-cu illərdə Mehrəlı bəyin qardaşı Qarabağ xanı İbrahim Xəlil tərəfindən inşa edilmişdir. Lakin İmperator Moskva Arxeologiya Cəmiyyətinin müxbir üzvü V. M. Sısoyevin kitabında qalanın XVIII əsrin ortalarında Pənah Əli xan tərəfindən inşa edildiyi göstərilir.
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il, səh. 101-102]
[V.M. Sısoyev. Azərbaycanda ən məşhur qədim dövr və təbiət abidələri üzrə qısa bələdçilik kitabçası. 1930-cu il, səh. 8]

Rus yazıçısı V.M.Sidorov “Səyahət qeydləri və təəssüratları. Turist üçün praktiki məlumatlar” 1897-ci il kitabında qalanı aşağıdakı kimi təsvir edir:

“Ağdamdan sonra dağlar başladı. Biz tut ağacı və üzüm bağları arasında qurumuş kiçik çayın boyunca gedirdik, yanından balaca ağ tatar məscidi olan unudulmuş kiçik qəbiristanlığın yanından keçib getdik və tezliklə yüksək bir dağın başında heyrətamiz mənzərəli Əsgəran qalasını gördük. Qalanın qüllələri, aralarından axan çay ilə iki zirvəni tutmuşdu, yəqin ki, köhnə zamanlarda zəncirlə bağlanan, divarları cod tük kimi iki tərəfdən çaya doğru uzanırdı”.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratları. Turistlər üçün praktiki məlumatlar.1897-ci il, səh. 238-239]

Əsgəranın müdafiə sistemi Qarabağ xanlığının formalaşması dövründə Şuşa qalasına arandan gələn hücumlara qarşı qoruyucu sipər kimi yaranmışdı. Azərbaycan tarixçisi Mirzə Camal Qarabağinin yazdığı kimi:“Əgər müharibə zamanı qalada azsaylı piyada döyüşçülər olduğunda, düşmən onların yanından Şuşa qalasına tərəf keçib gedə bilməzdi”.
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il, səh. 102]
[A.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı 1964-cü il, səh. 87]

Qala iki hissədən – iki istehkamdan ibarətdir, onlardan biri çayın sağında – şərq sahilində, digəri isə solunda – qərbdə yerləşir. Onlar yalnız onun məcrasını boş buraxaraq çayın dərəsinin qarşısını köndələn kəsirlər. 1901-ci ildə “Qafqazda rus hökmranlığının bərqərar olması” kitabında çayın məcrasının iki qüllədən ibarət istehkamla bağlanıldığı qeyd olunur:

“Böyük  Ağdam kəndindən keçərək yol Qarqarçay və ya Əsgəran-çayın dərəsinə daxil olur. Burada Şuşaya çatmağa təqribən 25 verst qalmış dərədən keçən yolun qarşısı Əsgəran qəsrinin divarları ilə kəsilir. Çayın hər iki tərəfində yerləşən istehkamların hündürlüyü (3 saja qədər) divarlarla bir-birinə bağlanmış qüllələrdən ibarətdir. Əsgərançayın qayalı sahilləri o qədər sıldırımlı və uçurumludur ki, istehkamdan dolanıb yan keçmək mümkün deyil. Hətta çayın məcrasında da iki qüllə durur”.
[Qafqazda rus hökmranlığının bərqərar olması. I-ci cild. 1901-ci il, səh. 202]

Qalanın sağ sahil istehkamı təpənin üzərində əsas istehkamları və qüllələri ilə olan 250 sm-ə qədər qoşa divardan ibarətdir, sol sahil hissəsi isə künclərində qüllələr ilə, içərisində heç bir tikili olmayan böyük möhkəmləndirilmiş dördbucaqdan ibarətdir. Qalanın divarları çay daşından inşa edilmişdir. Divarların hündürlüyü 9 m-ə qədər, qalınlığı isə 2 m-ə qədərdir.
[Yevlax-Şuşa: Arxeoloji oçerk. C. Aleksandroviç, İ. Əzimbəyov, M. Sısoyev. 1928-ci il., səh. 10]
[V.M. Sısoyev. Azərbaycanın ən məşhur qədim dövr və təbiət abidələri üzrə qısa bələdçilik kitabçası. 1930-cu il, səh. 8]
[A.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı 1964-cü il, səh. 88]

Sovet arxeoloqu E.A.Paxomov 1902-ci ildə yazdığı “Əsgəran” məqaləsində qeyd edirdi ki, qalanın divarlarının yaxınlıqdan götürülmüş və kifayət qədər düzgün kublara bölünmüş cırıq daşdan hörüldüyünü; bəzi yerlərdə (xüsusilə divarların hörgü daxilində) bu daşa iri çaylaq daşı qarışdırılmışdır və bütün bunlar çox möhkəm sementlə birləşdirilmişdir.
[Azərbaycan arxeologiya komitəsinin xəbərləri. 1926-cı il, E.A.Paxomov “Əsgəran” məqaləsi, 1902-ci il, səh.7]

Həmçinin məlumdur ki, çayın sol sahili ilə şose yolun çəkilməsi üçün qalanın divarlarının bir hissəsi dağıdılmışdır. 1871-ci ildə “İmperator I Aleksandrın çarlığının və o dövrün Rusiyasının tarixi” adlı kitabında qalanın bir hissəsinin, 1823-1825-ci illərdə erməni əsilli rus generalı, knyaz Valerian Qriqoryeviç Mədətov tərəfindən dağıdıldığı qeyd edilir:

“Diyarın ticarət və sənayesini gücləndirmək üçün Mədətov yolları abadlaşdırmağı öz öhdəsinə götürdü. 1823-cü ildə Əsgərandan Şuşa qalasına ordan da təqribən Ağoğlana qədər yolun düzəldilməsinə başlanıldı. Bu iş 1825-ci ildə hökümətin xərcləri olmadan yerli sakinlər tərəfindən başa çatdırıldı. Yelisavetpolun 20 verstliyindən Şuşanın yoxuşuna qədər yeni yol çəkildi və bu yolda Mədətov tərəfindən kazak postları və poçt stansiyaları üçün əlverişli və sağlam yerlər qeyd edildi”.
[İmperator I Aleksandrın çarlığının və o dövrün Rusiyasının tarixi. VI cild. 1871., səh. 328]

1901-ci ildə “Qafqazda rus hökmranlığının bərqərar olması” kitabında bu barədə aşağıdakılar göstərilir:

“Ən yeni dövrdə Şuşa avtomobil yolunun çəkilməsi zamanı onun inşaatçıları divarlarda böyük dəliklər açmağa və qalanın öz içərisindən keçməklə yolu çəkməyə məcbur olmuşdular”.
[Qafqazda rus hökmranlığının bərqərar olması. I-ci cild. 1901-ci il, səh. 202]
[Yevlax-Şuşa: Arxeoloji oçerk. C. Aleksandroviç, İ. Əzimbəyov, M. Sısoyev. 1928-ci il., səh. 10]
[V.M. Sısoyev. Azərbaycanın ən məşhur qədim dövr və təbiət abidələri üzrə qısa bələdçilik kitabçası. 1930-cu il, səh. 8]

1810-cu ildə Rusiya-İran müharibəsi (1804-1813) zamanı qalada Rusiya ilə İran arasında 18 gün sülh danışıqları aparılırdı və bu danışıqlar uğursuzluqla başa çatdı.
[Qafqazda rus hökmranlığının bərqərar olması. II-ci cild. 1902-ci il, səh.160; 163-166]
[H.M. İbrahimbəyli. Rusiya və Azərbaycan XIX-cu əsrin birinci üçdə birində (hərbi-siyasi tarixdən) 1969-cu il, səh.62; 64]
[Azərbaycan Sovet Ensiklopediyası – IV cild., səh. 233]

Rusiya imperiyası tərəfindən xanlıqların ləğv edilməsi ilə (XIX-cu əsrin 20-ci illərinin sonu) Əsgəran qalası öz müdafiə əhəmiyyətini itirmiş və tərk edilmişdi.
[Azərbaycan. (Tarixi və görməli yerlər). 1960-cı il, səh. 134]

1992-ci ildə Xocalı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra qala dağıntılara məruz qalmışdır. 2 avqust 2001-ci ildə qala yerli əhəmiyyətə malik memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

image_pdfimage_print