Şuşa şəhərinin erməni işğalından azad edilməsindən (8.11.2020) və İkinci Qarabağ müharibəsində (27.09.2020-10.11.2020) qələbədən sonra Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi ənənəsi bərpa edilmişdir. Ümumilikdə festival beş dəfə keçirilmişdir.
Festival Şuşa şəhərinin rəmzi sayılan “Xarıbülbül” çiçəyinin (enliyarpaq səhləb) şərəfinə adlandırılmışdır. “Xarıbülbül” festivalı (ildə bir dəfə may ayında keçirilir) Azərbaycanın Rusiyadakı səfiri, Azərbaycan SSR-nin keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə yaradılmışdır.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 89]
[“Kommunist” qəzeti №92 16.05.1991-ci il., səh. 4]
Polad Bülbüloğlu festival haqqında aşağıdakı fikirləri söyləmişdir: “Azərbaycanda 70 il ərzində ilk dəfə keçirilən bu beynəlxalq folklor musiqisi forumunu cəsarətlə incəsənətimizin intibahı adlandırmaq olar. O, Azərbaycan və dünya xalqlarının mədəniyyətləri arasında canlı körpü rolunu oynayır. Biz fəxrlə deyə bilərik ki, indi bizim hər yerdə əsl dostlarımız var. Və bunda “Xarıbülbül”ün çox böyük xidməti var”.
[“Mədəniyyət” qəzeti №20 24.05.1991-ci il., səh. 3]
Birinci festival “Monodiya oxuma üzrə Ümumittifaq xalq yaradıcılığı festivalı” adlandırılırdı və 19 may-24 May 1989-cu ildə Şuşada Cıdır düzündə keçirilmişdir. O, azərbaycanlı xanəndə Seyid Şuşinskinin 100 illiyinə həsr olunmuşdu. Festivalın açılışı Ağdam şəhərində baş tutmuşdur. Orada Özbəkistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Başqırdıstan MSSR-dən olan nümayəndələr iştirak etmişdilər.
[“Bakinskiy Raboçiy” qəzeti №118 (21543) 21.05.1989-cu il., səh. 1]
[“Sovetskaya kultura” qəzeti №23 (6747) 9.06.1990-cı il., səh. 2]
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 283]
1990-cı ildə festival beynəlxalq status aldı. İkinci festivala ABŞ, İsrail, Türkiyə, Meksika, Belarus, Gürcüstan, Niderland, Litva və Dağıstandan olan folklor kollektivləri gəlmişdilər. Festivalda 11 ölkədən ümumilikdə 250 nəfər qonaq iştirak etmişdir.
[“Sovetskaya kultura” qəzeti №23 (6747) 9.06.1990-cı il., səh. 2]
[“Vışka” qəzeti №113 (18091) 24.05.1990-cı il., səh. 4]
[“Kommunist” qəzeti №92 16. 05.1991-ci il., səh. 4]
Ən geniş miqyaslı üçüncü festival (18-25 may 1991-ci il) oldu ki, burada da 16-17 respublikadan və SSRİ-nin muxtar vilayətlərindən nümayəndələr iştirak etmişdilər. Festivalda, həmçinin Avstriya, Almaniya, İtaliya, İspaniya, Əfqanıstan, Çin, Yaponiya, ABŞ, Moldova və İsraildən olan qonaqlar da iştirak edirdilər. Folklor kollektivlərindən başqa, festivalda rok və pop musiqi janrlarının müğənniləri də qatılmışdılar. Bu festivalın konsertləri stadionlarda keçirilirdi. Onun açılış mərasimi Mingəçevir şəhərində keçirildi, yekun konsert isə Bakı şəhərində, Heydər Əliyev sarayında (keçmiş V. İ.Lenin sarayı) keçirildi. Bütün folklor kollektivlərinin rəhbərləri “Xalqın milli mədəniyyətinin qorunması və yüksək ustalığa görə” diplomları ilə təltif edildilər.
[“Mədəniyyət” qəzeti №21. 1.06.1991-ci il., səh. 1-3]
[“Mədəniyyət” qəzeti №20. 24.05.1991-ci il., səh. 1-3]
[“Kommunist” qəzeti №92. 16.05.1991-ci il., səh. 4]
[“Bakinskiy Raboçiy” №190 (22125) 28.05.1991-ci il., səh. 3]
1992-ci ildə keçirilməli olan növbəti festival Qarabağ müharibəsi və Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi nəticəsində ləğv edilmişdir.
12-13 may 2021-ci il tarixlərində 30 illik uzun fasilədən sonra Şuşada sayca dördüncü Beynəlxalq “Xarıbülbül” festivalı keçirilmişdir. Festivalın tarixində ilk dəfə olaraq tədbirin açılış və bağlanış mərasimlərində dövlət başçısı – Azərbaycan Prezidenti İlham Əliyev qonaq qismində iştirak etmişdir. Tədbir ilk dəfə Azərbaycan Dövlət Televiziyası ilə canlı efirdə yayımlanmışdır. Festivalda Azərbaycanın müxtəlif xalqlarının musiqi kollektivləri, eləcə də görkəmli azərbaycanlı müğənnilər və musiqiçilər iştirak etmişdilər.
12-14 may 2022-ci il tarixlərində beşinci festival keçirilmişdir. Festivalda yerli ifaçılar, mədəniyyət nümayəndələri və Azərbaycan rəhbərliyindən əlavə, Mali, Tunis, Misir, Pakistan, Bolqarıstan, Türkiyə, Özbəkistan və Gürcüstandan olan musiqi kollektivləri də iştirak etmişdilər.