“Azərbaycan səhnəsinin Cülyettası”, əslən Şuşadan olan: Barat Şəkinskaya
Aktrisa Barat Həbib qızı Şəkinskaya 28 (15) iyun 1914-cü ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Lakin azərbaycanlı jurnalist İlham Rəhimlinin 2005-ci il “Barat Şəkinskaya” adlı kitabında onun doğulduğu tarix 28 iyun 1915-ci il kimi göstərilir.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 19]
[Teatr ensiklopediyası. V cild 1967-ci il., səh. 855]
Barat Şəkinskayanın atası Zəngəzurda pristav olub. O, Qubadlı mahalının, Zəngəzur qəzasının Muradxanlı, Həkəri və Novruzlu kəndlərinin sahibi idi. Azərbaycanın sovetləşdirilməsindən sonra (1920-ci il) Həbib xan Şəkinski İrana mühacirət etmək məcburiyyətində qaldı. Onun ailəsini də özü ilə aparmaq üzrə sonrakı cəhdi uğurla nəticələnmədi.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 9-11; 19]
[N. Heydərov. Zəngəzur dağlarında. 2016-cı il., səh. 31]
Barat ibtidai təhsilini Şuşada aldı. 12 avqust 1920-ci ildə Barat ilk dəfə Şuşada “Şəbih” (dini dram, misteriya) tamaşasında oynadı.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 13]
21 avqust 1920-ci ildə Barat ailəsi ilə birlikdə Ağdam rayonunun Göytəpə kəndinə köçdü, bir müddət sonra isə onlar Gəncədə məskunlaşdılar.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 9; 19]
1923-cü ildə Barat Şəkinskaya öz təhsilini Gəncə şəhər 2 saylı birinci dərəcəli qadın məktəbində davam etdirdi. 1927-1929 (1930)-cu illərdə Barat dram dərnəyində iştirak etdiyi Gəncə Pedaqoji Texnikumunda (məktəbində) oxuyurdu.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 19]
[Teatr ensiklopediyası. V cild 1967-ci il., səh. 855]
1929-cu ildə Barat Gəncə Həmkarlar İttifaqının “Fəhlə klubu”nda, 1933-1935-ci illərdə isə Kirovabad Dram Teatrında (indiki Gəncə Dövlət Dram Teatrı) aktrisa kimi çıxış edirdi.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 19-20]
[Teatr ensiklopediyası. V cild. 1967-ci il., səh. 855]
1935 (1936) – 1978-ci illərdə aktrisa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış etmişdir.
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 214]
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 22]
Barat Şəkinskaya ingilis dramaturqu Uilyam Şekspirin pyeslərində rolların ən yaxşı ifaçılarından biridir. 14 yanvar 1937-ci ildə “Romeo və Cülyetta” tamaşasında ilk dəfə “Cülyetta” rolunu ifa etmişdir. Bundan sonra onu “Azərbaycan səhnəsinin Cülyettası” adlandırdılar.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 21; 55-56]
Bundan başqa, aktrisa Uilyam Şekspirin “Kral Lir” (Kordeliya), “On ikinci gecə” (Viola), “Otello” (Dezdemona), “Maqbet” (Ledi), alman şairi Fridrix Şillerin “Məkr və məhəbbət” (Luiza), ispan dramaturqu Lope de Veqanın “Rəqs müəllimi” (Florella), Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu” (Pəri), Azərbaycan şairi Hüseyn Cavidin “Səyavuş” (Südabə), “Şeyx Sənan” (Xumar) Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun “Hacı Qara” (Sona), və digər əsərlərdə olan obrazları teatrda canlandırmışdır.
[Barat Şəkinskaya. 1974-cü il., səh. 2-3]
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 23; 25-26]
[Teatr ensiklopediyası. V cild 1967-ci il., səh. 855]
Barat Şəkinskaya Azərbaycanın ilk travesti aktrisalarından (oğlan, yeniyetmə və qız rollarını ifa edən aktrisa) biridir.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 112]
1940-cı ildə aktrisaya əməkdar artist, 1949 (1947)-ci ildə isə Azərbaycan SSR xalq artisti adı verilmişdir.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 21-22]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 214]
[Teatr ensiklopediyası. V cild 1967-ci il., səh. 855]
Barat Şəkinskaya “O olmasın, bu olsun”(1956) filmində “Sənəm” obrazını yaratmış, həmçinin “Görüş”(1955), “Qızmar günəş altında”(1957),”Kölgələr sürünür” (1961), “Telefonçu qız” (1962) və s. filmlərdə oynamışdır.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 22;30-31]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il, səh. 214]
1958-ci ilin avqustunda aktrisa Daşkənddə (Özbəkistan) keçirilən beynəlxalq kinofestivalda iştirak etmişdir.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il, səh. 22]
1970-1971-ci illərdə Barat aktrisa kimi Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında işləmişdir.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 22]
Barat Şəkinskaya 13 yanvar 1999-cu ildə vəfat etmişdir. O, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
[İ. Rəhimli. Barat Şəkinskaya. 2005-ci il., səh. 22]
[“Bakinski raboçiy” qəzeti. №9(23435) 15.01.1999-cu il., səh. 2]