11 dekabr 1933-cü il tarixində dramaturq, publisist, diplomat, əslən Şuşadan olan Əbdürrəhim bəy Haqverdiyev vəfat edib. Qarabag.com Azərbaycan ədəbiyyatının klassikinin ictimai, siyasi, mədəni fəaliyyəti haqqında material hazırlamışdır.
Əbdürrəhim bəy Haqverdiyev 17 may 1870-ci ildə Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində zadəgan ailəsində anadan olmuşdur.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 11]
Atasını erkən itirən Əbdürrəhim bir neçə il əmisinin, daha sonra isə ona rus dilini öyrədən atalığının himayəsində olmuşdur.
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.7]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 12]
1880-ci ildə Əbdürrəhim Şuşa şəhərində altı siniflik məktəbə daxil olmuş, 1881-ci ildə isə Şuşa realnı məktəbinə keçmişdir. 1884-cü ildə 14 yaşında özünün ilk “Hacı Daşdəmir” adlı komediyasını yazmışdır.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 14]
1890-cı ildə Ə.Haqverdiyev Tiflisə köçdü və orada realnı məktəbini bitirdi.
[Marallarım. Ə. Haqverdiyev. 1960-cı il., səh.102]
1891-ci ildə Sankt-Peterburq dəmir yol mühəndisləri İnstitutuna (indiki Rusiyada imperator I Aleksandr dəmir yolları üzrə Peterburq Dövlət Universiteti) daxil olmuş, lakin tezliklə universitetin şərq fakültəsinə sərbəst dinləyici kimi keçmişdir. Həmçinin məlumdur ki, o, Peterburq Universitetinə (indiki Sankt-Peterburq Dövlət Universiteti) mühazirələrə gedirdi.
[Marallarım. Ə. Haqverdiyev. 1960-cı il., səh.102]
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il, səh. 51]
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.9]
Tələbəlik illərində Ə.Haqverdiyev “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) komediyasını və “Dağılan tifaq” (1894) faciəsini yazmışdır. Sonuncu pyesində o, Azərbaycan bədii ədəbiyyatında ilk dəfə olaraq qadının təhkimlikdən azad edilməsi məsələsini qaldırmışdır.
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il, səh. 51]
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.33]
Sankt-Peterburqda oxuduğu illər ərzində Haqverdiyev doğma diyarı ilə əlaqəsini qoruyub saxlamışdır və yay tətillərini Şuşada keçirirdi. 1897-ci ildə o, azərbaycanlı xanəndə Cabbar Qaryağdıoğlu ilə birlikdə Şuşada “Məcnun Leylinin məzarı üzərində” səhnəsinin tamaşasını qoymuşdur. Bu səhnəni müşayiət edən oğlanlar xorunda Azərbaycanın gələcək bəstəkarı, 12 yaşlı Üzeyir Hacıbəyov da oxuyurdu.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı., 2008-ci il. S, 18-19]
[D. Əhməd. Fərqlilər. 2020-ci il, səh. 177]
Haqverdiyev Sankt-Peterburqda yaradılmış, Qarabağın yetim uşaqlarına, yoxsul və aclıq çəkən ailələrinə yardım edən “İslam Xeyriyyə Cəmiyyəti”nin əsas təşkilatçılarından və fəal üzvlərindən biri olmuşdur.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 22]
1899-cu ildə, universiteti bitirdikdən sonra Əbdürrəhim bəy Azərbaycana qayıtmış, Şuşa və Bakıda yaşamışdır.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 22]
1901-ci ilin yayında Haqverdiyev Şuşada Azərbaycanın xanəndələri və aşıqlarının ilk “Şərq konserti”ni təşkil etmişdir. 1902-1903-cü illərdə onun rəhbərliyi altında konsertlər Bakıda keçirilmişdir.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 24]
1904-cü ildə onu Şuşa şəhər upravasının (özünüidarəetmə) üzvü seçmişlər. 1905-ci ildə Haqverdiyev Yelizavetpol quberniyasından Birinci Dövlət Dumasının üzvü seçilmişdir və Peterburqa yola düşmüşdür. Çar hökuməti tərəfindən Dumanın dağıdılmasından sonra Haqverdiyev 1906-cı ilin sonunda Azərbaycana “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsində qayıtmışdır. 1908-1911-ci illərdə o, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin gəmiçiliyində eyni vəzifədə çalışmışdır.
[Marallarım. Ə. Haqverdiyev. 1960-cı il., səh.104]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 29]
Haqverdiyev özünün yumoristik hekayələrini, felyetonlarını və oçerklərini 1906-cı ildən nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalında dərc edirdi. Onların arasında “Marallarım” və “Xortdanın cəhənnəm məktubları ” silsilə əsərləri var idi.
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev 1938-ci il, səh. 9-10]
[Marallarım. Ə. Haqverdiyev. 1964-cü il., səh.104]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 29]
Əbdürrəhim bəy Haqverdiyev 1908-ci ildə Bakıda tamaşaya qoyulmuş Azərbaycanın ilk operası, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasına dirijorluq etmişdir.
[Marallarım. Ə. Haqverdiyev. 1964-cü il., səh.103]
[V. Vinoqradov. Üzeyir Hacıbəyov. 1947-ci il, səh. 16]
Əbdürrəhim bəy – Azərbaycan şairi və ictimai xadim Mirzə Fətəli Axundovun həyat və ədəbi irsinin ilk tədqiqatçılarından biridir. 1911-ci ildə onun yüzilliyi şərəfinə Haqverdiyev “Xəyalat” pyesini yazmışdır. O, Axundovun yubiley tədbirlərinin təşkilatçılarından biri olmuşdur.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 36]
1916-1917-ci illərdə Ə.Haqverdiyev Tiflisin “Şəhərlər İttifaqının Qafqaz bölməsinin xəbərləri” jurnalında redaktor işləmişdir. 1917-ci il fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinin və onun mərkəzi şurasının üzvü, Borçalı qəzasının (indiki Kvemo-Kartli, Gürcüstan) qəza komissarı seçilmişdir. 1918-1919-cu illərdə Gürcüstan parlamentində azərbaycanlı əhalinin maraqlarını təmsil etmişdir.
[Marallarım. Ə. Haqverdiyev. 1964-cü il., səh.104]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 41-43]
1918-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra Əbdürrəhim bəy bir sıra vəzifələrdə çalışmışdır. O, Azərbaycan Cümhuriyyətinin Dağlılar Respublikasında (indiki Dağıstan, Rusiya) ilk diplomatik nümayəndəsi olmuş, həmçinin 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin Ermənistanda səfiri işləmişdir.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Xarici siyasət (Sənədlər və materiallar) 1998-ci il, səh. 129;346]
[Marallarım. Ə. Haqverdiyev. 1960-cı il., səh.103]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 36;43;55-56]
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Haqverdiyev Dövlət Teatrının komissarı, sonra Dövlət Kinematoqrafiya Komitəsinin İncəsənət şöbəsinin müdiri təyin olunmuşdur. 1921-ci ilin noyabrından 1930-cu illərədək Əbdürrəhim bəy Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Azərbaycan ədəbiyyatı tarixini və Azərbaycan dilini tədris etmişdir. 1922-1925-ci illərdə o, universitetin şərq fakültəsinin katibi vəzifəsini tutmuşdur. Bu dövrdə o, “Padşahın məhəbbəti”, “Ağac kölgəsində”, “Köhnə dudman”, “Ədalət qapıları”, “Vaveyla”, “Qızıl buğa”, “Qırmızı qarı” əsərlərini yazmışdır.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 51-53]
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.10]
1923-1925-ci illərdə Haqverdiyev Azərbaycanın ilk elmi-tədqiqat müəssisəsinə – “Azərbaycan Elmi-Tədqiqat Cəmiyyəti”nə rəhbərlik etmişdir.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 54]
1924-cü ildə o, SSRİ Elmlər Akademiyasının diyarşünaslıq bürosunun müxbir üzvü seçilmişdir. Elə həmin ildə o, Bakıda çağırılmış Azərbaycanın birinci diyarşünaslıq qurultayının nümayəndəsi olmuşdur.
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il, səh. 52]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 54;60]
1928-ci ildə, uzun illər ədəbi fəaliyyətinə, mədəni quruculuq sahəsində bir sıra xidmətlərinə görə Haqverdiyevə əməkdar incəsənət xadimi adı verilmişdir.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 60]
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.10]
Əbdürrəhim bəy ingilis şairi U. Şekspirin “Hamlet”, “Kral Lir” pyeslərini və rus yazıçıları A. P. Çexov, M. Qorkinin hekayələrini azərbaycan dilinə tərcümə etmişdir. Haqverdiyevin özünün bir çox əsərləri rus, gürcü, özbək, tatar və digər dillərə tərcümə edilmişdir.
[Onların adları ilə Bakının küçələri adlandırılmışdır. 1962-ci il, səh. 52]
[Seçilmiş əsərləri. Ə. Haqverdiyev. 1938-ci il., səh.34]
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 50]
Əbdürrəhim bəy Haqverdiyev 11 dekabr 1933-cü ildə ürək xəstəliyindən Bakıda vəfat etmişdir. O, Bakıda, Birinci Fəxri xiyabanda dəfn edilmişdir.
[M.Məmmədov. Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı. 2008-ci il. S, 61]