Azərbaycanda ilk uşaq baletinin müəllifi, əslən Şuşadan olan: Əşrəf Abbasov – Qarabag
Azərbaycanda ilk uşaq baletinin müəllifi, əslən Şuşadan olan: Əşrəf Abbasov

Qarabag.com Azərbaycan bəstəkarı, musiqiçisi, Azərbaycanda uşaqlar üçün balet janrının banisi, Azərbaycanda musiqişünaslıq sahəsində ilk sənətşünaslıq elmləri namizədi Əşrəf Abbasov haqqında materialı təqdim edir.

Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov 23 Mart 1920-ci ildə Şuşa şəhərində dərzi ailəsində anadan olmuşdur.
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 4]
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 451]

Əşrəf ibtidai təhsilini Şuşada musiqi məktəbində (tar sinfində) almışdır. 1936-cı ildə Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun dəvəti ilə Əşrəf Abbasov Bakıya getmişdir və onun köməyi ilə Azərbaycan Dövlət Musiqi Məktəbinə daxil olmuşdur (hal-hazırda Azərbaycan Milli Konservatoriyasının nəzdində Bakı Musiqi Kolleci).
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh.5-6]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 451-452]

1938-ci ildə Əşrəf Abbasov Moskvada (indiki Rusiya) Azərbaycan ədəbiyyatı və incəsənətinin birinci Dekadasında iştirak etmişdir. O, Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının tamaşasını müşaiyət edən orkestrdə tarda ifa edirdi. 1939-cu ildə Əşrəf Abbasov Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq sinfinə daxil olmuşdur.
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 6]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 453-454]
[Üzeyir Hacıbəyov Ensiklopediyası. 2003-cü il., səh. 17]

1939-cu ilin dekabrında Əşrəf Abbasov sovet ordusu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Belarusda keçmişdir. Burada o, hərbi hissə klubunun nəzdində xora rəhbərlik edirdi. Lakin 2018-ci ilin “Azərbaycan musiqisinin tarixi” kitabında göstərilir ki, o, 345-ci atıcı piyada alayının hərbi nəfəs orkestrinin sıravi musiqiçisi olmuşdur. Böyük “Vətən” müharibəsinin başlanması ilə (1941-1945) Əşrəf Abbasov könüllü olaraq cəbhəyə yazılıb və Novopasskoye kəndi (Smolensk vilayəti, Rusiya) yaxınlığında Yelnya şəhəri ətrafındakı döyüşlərdə iştirak edib. Burada o, əlindən ağır yaralanmış və sonradan ordu sıralarından tərxis olunmuşdur.
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 6-7]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 454-455]

Cəbhədən qayıtdıqdan sonra səhhətini yaxşılaşdıraraq Əşrəf Abbasov eyni zamanda Şuşa musiqi məktəbində pedaqoji fəaliyyət ilə məşğul olmuşdur, 1942-ci ildə isə məktəbin direktoru təyin olunmuşdur.
[Musiqi ensiklopediyası. Cild 1.1973-cü il., səh. 16]
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 7]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 455]

1945-ci ildə Əşrəf Abbasov “Şuşa” adlı özünün ilk simfonik poemasını yaratdı. O, həmçinin aşağıdakı əsərlərin: “Gələcək gün”(1952), “Dramatik poema”(1953\1962) poemaların və Simfonik orkestr üçün “Konsertino”-nun (1942-1951) müəllifidir. Rus bəstəkarı Dmitri Şostakoviç son əsər haqqında fikirlərini belə ifadə etmişdir:
“Ə.Abbasovun orkestr və solo alətlər üçün “Konsertino”su təravətli, parlaq, istedadlı əsərdir. Yəqin ki, müəllif təvazökarlıq edərək əsəri “Konsert” adlandırmamışdır. Əla orkestrləşdirmə, məzmunun zənginliyi, boyalardan qənaətlə istifadə olunması əsərə repertuarımızda möhkəm yer təmin edəcəkdir.”
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 17;22-23]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 455]
[Musiqi ensiklopediyası. Cild 1. 1973-cü il., səh. 17]

Əşrəf Abbasovun “Rəqs süitası” (1944) Azərbaycanda simfonik musiqinin əsasını qoyan ilk nümunələrdən biridir.
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 14]

1943-1948-ci illərdə Əşrəf Abbasov Bakı Musiqi Məktəbində müəllim 1947-1948-ci illərdə isə direktor işləmişdir.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Musiqi ensiklopediyası. Cild 1. 1973-cü il., səh. 16-17]

1948-cı ildə Əşrəf Abbasov Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdir, 1952-ci ildə isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 458]
[Teatr ensiklopediyası. Cild I. 1961-ci il., səh. 18]

1952-ci ildən etibarən özünün düz ölümünədək (1990) Əşrəf Abbasov Azərbaycan Dövlət Konservatoriyasında müxtəlif vəzifələrdə – müəllim (1952), dosent (1954), rektor (1953-1957), bəstəkarlıq kafedrasının müdiri (1957-1972) və professoru (1968/1969) vəzifələrində çalışmışdır.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Musiqi ensiklopediyası. Cild 1. 1973-cü il., səh. 17]
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh.12]

1951-cı ildə Əşrəf Abbasov öz müəllimi Üzeyir Hacıbəyovun xatirəsinə poema həsr etmişdir, 1952-ci ildə isə “Üzeyir Hacıbəyovun “Koroğlu” Operası” elmi-tədqiqat işinə görə Əşrəf Abbasova sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır. Beləliklə, Əşrəf Abbasov Azərbaycanda musiqişünaslıq sahəsində ilk sənətşünaslıq namizədi olmuşdur.
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 457;461]
[Musiqi ensiklopediyası. Cild 1. 1973-cü il., səh. 16-17]
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 12]

1965-ci ildə Əşrəf Abbasov Azərbaycan yazıçısı Süleyman Sani Axundovun eyni adlı povestinin motivləri əsasında “Qaraca qız” (1965) adlı ilk Azərbaycan uşaq baletini yazmışdır.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 480]
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 13;25]

Əşrəf Abbasov “Səndən mənə yar olmaz”(1963), “Dağlar qoynunda”(1970) və “Həyətim mənim – həyatım mənim “(1977) musiqili komediyalarının müəllifidir. O, görkəmli Azərbaycan şairlərinin “Heyran olmuşam” (Molla Pənah Vaqif), “Qurban olduğum” (Mikayıl Müşfiq), “Ey, Füzuli” (Məhəmməd Füzuli) və s. sözlərinə romanslar bəstələmişdir.
[E.Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 48-50]
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]

1963-cü ildə Əşrəf Abbasova əməkdar incəsənət xadimi adı verilmişdir, 1990-cı ildə isə Azərbaycan SSR-nin xalq artisti adı verilmişdir. O, “Şərəf Nişanı”, II dərəcəli Vətən müharibəsi (1985) ordenləri və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 462]
[E. Mirzəyeva. Əşrəf Abbasov. 1982-ci il., səh. 14]

Əşrəf Abbasov 8 fevral 1992-ci ildə vəfat etmişdir.
[“Bakinski Raboçiy” qəzeti №29 (22308) 11.02.1992., səh. 3]
[Azərbaycan musiqi tarixi. III cild. 2018-ci il., səh. 461]

image_pdfimage_print