Şərifan sərdabəsi Zəngilan rayonunun Şərifan kəndi yaxınlığında, Həkəri çayının sağ sahilində yerləşir. Lakin 1947-ci ilin “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında qeyd edilir ki, abidə Həkəri çayının sağ qolu olan Bərgüşad çayının sağ sahilində yerləşir.
[A.B.Salamzadə, K.M.Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh.50]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il. səh. 157]
Məqbərə XIII-XIV əsrlərdə inşa olunub. Abidənin qalıqlarının memarlıq-tikinti keyfiyyətlərinə əsasən tədqiqatçılar onu Azərbaycanın qala türbələri qrupuna aid edirlər.
[Ə.V.Salamzadə, K.M.Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh.51]
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il, səh. 295-296]
[G. Məmmədova, Z.Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər.) İkinci cild. 2013-cü il., səh.135]
Sərdabənin qalıqları, yəni türbənin yeraltı hissəsi dörd dayaz çıxıntılı dördkünc otaqdan ibarətdir. 1947-ci ilin “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında qeyd olunur ki, məqbərənin yeraltı hissəsi dördkünc xaç formasındadır. Üç hissəsi oxvarı tağtavan ilə örtülüb, dördüncüsü isə yəni onun qərb hissəsi güzgülü tağtavan ilə örtülüb. Türbənin divarları və tağtavanları təmiz yonulmuş ayrı-ayrı səthli daşlardan hazırlanıb. Daxili hörgü isə onu bol məhlul ilə möhkəm monolitə çevirmiş çay daşındandır. Küncün arxivoltu, qığırdaq ilə bəzədilmiş, bir sıra prizmatik çıxıntılarla mürəkkəb valiklərin birləşməsidir və səthi üçbucaq formalı rozetlərlə dekorasiya edilmişdir. Oymalarla bəzədilmiş tağtavanın arkasının arxivoltu, səthi üçkünc formalı rozetlərlə bəzədilmiş bir sıra prizmatik çıxıntılara malik silsilələrin mürəkkəb birləşməsidir.
[Ə.V.Salamzadə, K.M.Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 50-51]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 157]
Türbənin cənub divarında dərin olmayan dördkünc oyuq şəklində mehrab yerləşir. Onun yuxarı hissəsi stalaktitlərlə işlənib, yan tərəfləri isə nazik qırışıq sütunlarla bəzədilib. Mehrabın üstündə, tağtavanın ən yuxarı hissəsində sütunvari kanalın başlanğıcı olan dördkünc dəlik var, sonuncunun divarları hamar yolunan daş plitələrlə üzlənib.
[Ə.V.Salamzadə, K.M.Məmmədzadə.Arazboyu abidələr. 1979-ci il., səh. 50-51]
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il., səh. 295-296]
[Azərbaycan memarlığı. Nizami dövrü., 1947-ci il., səh. 157]
1947-ci ilə qədər məqbərə dağıdılmış vəziyyətə idi. Sovet arxeoloqu İvan Pavloviç Şeblıkin abidəni aşağıdakı kimi təsvir edib:
“Xaçın şimal qolundakı tağtavan çöküb; döşəmədə çıxıntılı daşlar məzarın istiqamətini müəyyən edir, məzarın qərb ucu isə düz stalaktitlərlə işlənmiş yüksək olmayan oxla işarələnib. Xaçın mərkəzi hissəsi günbəzlə örtülüb, hazırda isə əsasən dağıdılmış formadadır. Abidənin yerüstü hissəsinin qalıqları, məlumatların olmaması səbəbindən ümumi görünüşünü bərpa etmək mümkün olmayan abidəyə, görünür, özül kimi xidmət edən kvadrat təməldən söz açmağa imkan verir”.
1947-ci ilin “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında aşağıdakılar qeyd edilir:
“Təmtəraqlı bəzəyinə görə, məqbərə Bərdədə dağıdılmış Axsadan baba türbəsinin yeraltı hissəsinə yaxındır. Yetkin tikinti ustalığı barədə xəbər verən əla daş seçimi, onun təmiz yonulması, bədii-dekorativ oyma, həmin türbəni ən yaxşı memarlıq abidələri, məsələn, Mirəli türbəsi, Cuğa türbəsi (Gülüstan kəndi, Naxçıvan) və Babı kəndində (Füzuli rayonu) türbə ilə eyni sıraya qoymağa imkan verir.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 158]