Yaşı 700 ildən çox olan Qarabağ abidəsi: Məmmədbəyli türbəsi

Məmmədbəyli və ya Yəhya ibn Məhəmməd əl-hac türbəsi Azərbaycanın Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşir.
[Azərbaycan sovet ensiklopediyası. VI cild. 1982-ci il., səh. 493]
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 140]

Türbə 28 Mart-27 aprel 1305-ci ildə Əli Məcdəddin adlı memar tərəfindən ucaldılmışdır.  Bu məlumat məqbərənin giriş qapısının üzərində ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabə ilə təsdiqlənir: “Mən bu tikilinin (yəni türbədə dəfn olunan şəxs) sahibiyəm, Uca Allah-Təalanın rəhmətinə ehtiyacı olan zəif bir qulam, Yəhya İbn Məhəmməd əl-hac. 704-cü ilin ramazan ayında (28.III-27.IV.1305) Əli Məcd əd-Dinin əli (memar) ilə tikilmişdir”. Yazının əvvəlində və haşiyədə Qurandan ayələr var.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Neymətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 140]

Azərbaycanlı tarixçi Məşədi xanım Nemətovaya əsasən məqbərədə yüksək rütbəli dövlət məmuru Məhəmməd əl-hacın oğlu – Yəhya adlı şəxs dəfn edilmişdir. Amma məqbərə və eyni adlı kənd səhvən onun atasının şərəfinə “Məmmədbəyli” adlandırılmışdır.
[Qarabağ: münaqişə kontekstində tarix\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 141]

Məqbərə səkkizguşəli formaya malikdir və piramida şəkilli günbəzlə örtülmüşdür.  O ağ daşdan inşa edilmişdir, lakin onun pərvazı qara daşdan yerinə yetirilmişdir. Məqbərəyə əsas giriş şimal-şərq tərəfdəndir.
[Azərbaycan sovet ensiklopediyası. VI cild. 1982-ci il., səh. 493]
[Azərbaycan memarlığı. Oçerklər. 1952-ci il., səh. 264]

Məqbərənin günbəzi iki örtükdən: çöl tərəfdən – piramida şəkilli çadır formasından və daxili tərəfdən kürəşəkilli formadan ibarətdir. Daxili günbəzlə xarici çadır arasında olan yer yüngül doldurucuyla bərkitmə ilə doldurulmuşdur.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 41]

“Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər)” 1983-cü il tarixli kitabda aşağıdakılar qeyd olunur:
“Kiçik kürsülüyə malik olan digər səkkizguşəli türbələrdən fərqli olaraq, burada giriş qapısı yer səviyyəsindən 1,8 m yüksəklikdə yerləşmişdir. Bu xüsusiyyət və sərdabənin olması Məmmədbəyli kəndindəki məqbərəni Azərbaycanın gülləvari türbələrinə yaxınlaşdırır”.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 40]

Məqbərənin sərdabəsi ilk dəfə 1975-ci ildə onun yeraltı hissəsinin tam təmizlənməsi nəticəsində aşkar edilmişdir. O, 2,95×3,30 m. ölçülü düzbucaq şəkilli plana malikdir və 1,90 m hündürlükdə olan çatma tağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 41]

Zəngilanın 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə türbə dağıntılara məruz qalmışdır.