1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin köməyi ilə erməni yaraqlıları Xocalı şəhərinə nəticədə yüzlərlə azərbaycanlı dinc sakinin qurbana çevrildiyi bir hücuma başladılar. Qarabag.com xarici mənbələr əsasında Qarabağ Müharibəsi dövrünün ən dəhşətli faciəsi olan Xocalı qətliamı haqqında material hazırlamışdır.
Rəsmi məlumatlara görə, Xocalı sakinlərinin qətliamı və kütləvi surətdə qovulması nəticəsində 613 nəfər (o cümlədən yolda donanlar) həlak olmuşdur.
Onlardan:
- 63 uşaq
- 106 qadın
- 70 qoca
8 azərbaycanlı ailəsi tamamilə məhv edilmişdir. 487 nəfər, o cümlədən 76 uşaq, yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Daimi yaşayış yerlərindən 5379 nəfər qovulmuşdur. Əsir düşən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi barədə hələ də heç nə məlum deyil.
Dinc əhaliyə divan tutulması bütün Qarabağ münaqişəsinin dönüş nöqtəsi oldu. Bu, azərbaycanlıların ruhunu sındırmaq məqsədi ilə qorxutma aksiyası idi. Qarabağ separatçılarının liderlərindən biri, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın sözlərinə görə: “Amma düşünürəm ki, əsas məsələ tamamilə başqa idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qıra bildik…”
[Tomas de Vaal. Qara bağ. Moskva, 2005. Səh. 235]
Erməni yaraqlıları Xocalını üç tərəfdən mühasirəyə alaraq şəhərə daxil oldular. Yeganə çıxış qalırdı – Ağdama tərəf. Gecə bir dəstə dinc sakin bir izdiham meşə ilə dizə qədər qarı yararaq qaçdı və Qarqar çayının vadisində enməyə başladı. Səhərə qədər Xocalı sakinləri azsaylı omonçuların müşayiəti ilə erməni kəndi Naxiçevanikin yaxınlığındakı düzənliyə çıxdılar və burada artıq onları düzənliyin üzərindəki dağ ətəklərində gözləyən erməni yaraqlıları atəşə tutdular.
[Tomas de Vaal. Qara bağ. Moskva, 2005. Səh. 233]
Bir neçə gün sonra Xocalıya gəlmiş jurnalistlər və müstəntiqlər qanlı qırğının dəhşətli mənzərəsi ilə qarşılaşdılar. Parçalanmış cəsədlər donmuş torpağa səpələnmişdi. Londonun “Tayms” qəzetinin müxbiri Anatol Liven yazırdı ki, “onların bəzilərində, o cümlədən kiçik bir qızın bədənində dəhşətli yaralar var idi. Onun yalnız üzü bütöv qalmışdı”.
[Tomas de Vaal. Qara bağ. Moskva, 2005. Səh. 234]
4 mart 1992-ci ildə Moskvada operator Çingiz Mustafayevin Xocalı şəhərinin dinc sakinlərinin kütləvi qətliamı yerində çəkdiyi 2 videosüjet nümayiş olunmuşdur. Kadrlarda dinc sakinlərin cəsədləri göstərilirdi. Güllələnənlərin çoxu 2 yaşından 15 yaşına qədər olan uşaqlar, qadınlar və qocalar idi, əksəriyyətini yaxın məsafədən başından vurmuşdular. İnsanları soyuqqanlılıqla və qəsdli şəkildə öldürürdülər, heç bir mübarizə, qaçış əlaməti yox idi. Kəsilmiş qulaqları olan uşaqların, baş dərisi çıxarılmış kişilər və üzün sol hissəsinin dərisi kəsib çıxarılmış bir yaşlı qadının cəsədi görünür.
[“İzvestiya” qəzeti, 04.03.1992, № 54 (23628), səh. 1]
Xocalıda CNN üçün videomateriallar hazırlayan rusiyalı operator Yuri Romanov özünün “Mən müharibəni çəkirəm…” adlı kitabında gözləri siqaretlə yandırılmış balaca qızdan bəhs edir.
[Y.Romanov. “Mən müharibə çəkirəm…” Sağ qalma məktəbi. 2001-ci il, səh. 56]