Vaqif türbəsi – Qarabag
Vaqif türbəsi

Molla Pənah Vaqifin türbəsi və ya Muzey-məqbərə kompleksi Şuşa şəhərinin cənub-şərq hissəsində, “Cıdır düzü”ndə (yəni “yarış meydanı”) (və ya onun yaxınlığında) yerləşir. 
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa – Vaqifin türbəsi. 1986-cı il, səh.42-43]

Məqbərə Azərbaycan şairi və dövlət xadimi, Qarabağlı İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifin (1717-1797) məzarı üzərində inşa olunub. Abidənin müəllifləri Azərbaycan memarları Əbdülvahab Salamzadə, Eldar Xanukov və heykəltəraş Albert Mustafayevdir.
[“Bakinski raboçi” qəzeti. №13 (19341) 16.01.1982-ci il., səh. 1]
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa –  Vaqifin türbəsi. 1986-cı il, səh.70;73]
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 99]

Memorial tikilinin arxitektura kompozisiyası özlüyündə aydın, tarazlaşdırılmış və mərkəzləşdirilmiş həcm kimi təqdim olunmaqla iki hissədən ibarətdir: aşağı-kəsik piramida formasında, yuxarı hissə – dinamik olaraq yuxarıya can atan, pilonlu dördkünc qüllə. Günbəzin əvəzinə hündür dayaqlarla birlikdə döşəmə müstəvisindən bir qədər yuxarı çıxan yastı dəmir-beton tavan və fasadın açıq işlənmiş alüminium şəbəkəsi mövcuddur. Dördbucaqlı qüllənin monumental divarları və pilonlarına yerli qırmızıya çalan çəhrayı mərmərdən üz çəkilmişdir, içərinin bəzəyi isə açıq-boz rəngli mərmərdən hazırlanmışdır.
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa – Vaqifin türbəsi. 1986-cı il, səh.50;52]
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 100]

Xatirə zalı kvadrat formada, düz üzlü otaq idi ki, onun mərkəzində əsas girişin oxu boyunca Vaqifin qəbrinin üstündə qara (tünd-yaşıl) qranitdən düzbucaqlı sarkofaq qoyulmuş, zalın içərisində isə, qarşı tərəfdəki divarda – üzərində şairin ağ mərmərdən heykəltəraş portreti yerləşdirilmişdi. Məqbərəyə düzgün həndəsi bölmələrdən, iri “şəbəkələrdən işıq süzülürdü. Giriş üzərindəki mərmər frizin enli zolağında “Vaqif” yazılmışdı.
[“Bakinski raboçi” qəzeti. №13 (19341) 16.01.1982-ci il., səh. 1]
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa – Vaqifin türbəsi. 1986-cı il, səh.52;54;56-57;60]
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 100]

“Vaqif türbəsində bu tip tikililərdə ilk dəfə olaraq müəlliflər daxili məkanın ənənəvi arxaik olaraq yaruslara bölünməsindən imtina etmişlər və bunun sayəsində zalın interyeri bir bütöv kimi qəbul edilir. Belə bir qərar qəbul edərkən müəlliflər Vaqif məqbərəsinin bir növ xalq muzeyi olduğunu nəzərə alırdılar”.
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 100]

Həmçinin, Azərbaycan rəssamı Elturan Avalovun kitabında qeyd edilir ki, Vaqif türbəsi sovet dövründə Gəncədə Nizami Gəncəvi məqbərəsindən sonra tikilmiş ikinci minarəli türbə olmuşdur.
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 100]

14 yanvar 1982-ci ildə Vaqif türbəsinin rəsmi açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı Baş katibi Heydər Əliyev və Azərbaycan ədəbiyyatı və incəsənət xadimləri: yazıçılar Mirzə İbrahimov, Süleyman Rüstəm; şairlər Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, dirijor Niyazi, opera müğənnisi Lütfiyar İmanov, teatr rejissoru Şəmsi Bədəlbəyli, bəstəkarlar Cahangir Cahangirov, Rauf Hacıyev, rəssamlar Lətif Kərimov, Toğrul Nərimanbəyov, heykəltəraş-monumentalist Tokay Məmmədov, Ömər Eldarov və b. iştirak ediblər.
[“Bakinski raboçi” qəzeti. №13 (19341) 16.01.1982-ci il., səh. 1]
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa – Vaqifin türbəsi . 1986-cı il, səh.62]

29 iyul 1982-ci ildə türbənin yaxınlığında ilk dəfə Vaqif poeziya günləri kimi məşhur olan ümumxalq poeziya bayramı keçirilmişdir.
[K. M. Məmmədzadə. N.A.Sarkisov. Şuşa – Vaqifin türbəsi.  1986-cı il, səh.62]

1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı ilə məqbərə vandalizmə məruz qalıb. İkinci Qarabağ müharibəsi zamanı şəhər işğaldan azad ediləndən sonra (8 noyabr 2020-ci il) 2021-ci ildə türbə bərpa olunub. 

29 avqust 2021-ci ildə türbənin rəsmi açılışı oldu və ertəsi gün, 30 ildən çox fasilədən sonra abidənin önündə Vaqif Poeziya Günləri keçirildi. Ədəbi tədbirinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. 14-15 iyul 2022-ci ildə Şuşa şəhərinin işğaldan azad edildikdən sonra sayca ikinci Vaqif Poeziya Günləri keçirilib.

image_pdfimage_print