Mirəli türbəsi

Qarabag.com Qarabağın qədim memarlıq abidələrindən biri olan Mirəli türbəsi haqqında materialı təqdim edir.

Mirəli türbəsi Azərbaycanın Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşir.
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]
[L. S. Bretanitskiy. XII-XV əsrlərdə Azərbaycanın memarlığı və onun Yaxın Şərq memarlığında yeri. 1966-cı il., səh. 185]
[Memarlığın ümumi tarixi. Aralıq dənizi ölkələrinin memarlığı. 8. 1969-cu il., səh. 393]
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 82]

Lakin sovet tarixçisi İvan Şeblıkinin 1943-cü il “Nizami dövrünün Azərbaycan memarlığının abidələri (materialları)” kitabında qeyd olunur ki, abidə Füzuli rayonunun Veysəlli və Kürdlər kəndləri arasında yerləşirdi:
“Abidə geniş dərədə, burada hündür olmayan Qarabağın sıra dağlarının ayrılan qolları arasında yerləşir. Təpənin zirvəsini taclandıran abidə uzaqdan gözəl görünür. O, günün batmasının və uzaq dağların tünd göy rəngli fonunda xüsusilə gözəl seçilir. Yerinin seçilməsinə səriştəli yanaşma türbənin qamətli, ciddi silueti cənub səmasının mavi emalında rənglərin parlaqlığı ilə bərk vurduğu xüsusilə nəzərə çarpır. Özünün orijinal forması, cizgilərinin ciddiliyi, gözəl silueti, hissələrinin və detallarının mütənasibliyi ilə abidə istər-istəməz diqqəti özünə cəlb edir. Abidənin dayandığı təpənin yamaclarında qəbirüstü daşları ilə olan qəbiristanlıq yerləşir. Abidə və qəbiristanlıq ilə olan təpə Veysəlli və Kürdlər kəndlərinin arasındadır.”
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 82]

Bir çox mənbələrdə qeyd olunur ki, Mirəli türbəsi ehtimala görə XIII-XIV əsrlərdə inşa edilmişdir (və ya XIII əsrin sonu – XIV əsrin əvvəlləri), 1947-ci ilin “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında isə abidənin tikintisi XII əsrə aid edilir.
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 138-139]
[L. S. Bretanitskiy. XII-XV əsrlərdə Azərbaycanın memarlığı və onun Yaxın Şərq memarlığında yeri. 1966-cı il., səh. 185]
[М.Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 147]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 167]

Sovet sənətşünası Leonid Bretanitskinin 1966-cı il “Azərbaycanın memarlığı XII-XV əsrlər” kitabında türbənin öz adının əfsanələrdən aldığı, 1947-ci il “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında isə abidənin yerli əhali tərəfindən belə adlandırıldığı qeyd olunur. Köhnə xəritələrdə türbə Kizin-çay çayının üzərində “Arxalı-gümbəz” kimi işarələnmişdir.
[L. S. Bretanitskiy. XII-XV əsrlərdə Azərbaycanın memarlığı və onun Yaxın Şərq memarlığında yeri. 1966-cı il., səh. 185]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 166]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 138 – 139]
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 81]

Mirəli türbəsinin tikintisi ilə bağlı növbəti əfsanə Füzuli rayonunun Kürdlər kəndinin yerli sakinləri tərəfindən söylənmişdir:
“Mil-Muğan çölündə usta-bənna öz şagirdi ilə birlikdə Peyğəmbər məqbərəsinin inşası ilə məşğul idilər. Şagirddən Veysəlli kəndinin yaxınlığında abidə tikməsini xahiş etdilər. O, buna öz ustadına demədən öz razılığını verdi. Peyğəmbər üzrə öz işini bitirdikdən sonra şagird gecə Mirəli türbəsinin ucaldılması işlərinə rəhbərlik edirdi; səhər isə o, qayıtdıqdan sonra müəllimi ilə birlikdə işini davam etdirirdi. Nəhayət, Mirəli abidəsi başa çatdırıldı. Yeni gözəl gümbəz haqda xəbər bütün uzaq çöllərə yayıldı; bu xəbər ustaya da gəlib çatdı. Usta abidəyə baxmaq istədi. Abidənin yanına gəldikdən sonra o, gözəl əsəri uzun müddət dinməz-söyləməz həzzlə seyr edirdi. Xarakterinə, iş üslubuna və digər fərqli əlamətlərinə görə, o, abidənin yaradıcısının kim olduğunu anladı. Qara paxıllıq və qəzəb zəhərli ilan kimi müəllimin ürəyinə və düşüncələrinə sürünərək girdi və bu hisslərin təsiri altında, o, istedadlı şagirdinin əlini kəsdi”.
Ustanın öz şagirdinin əlini kəsdiyindən bəhz edən bu əfsanə Mtsxeti kilsəsinin (Svetitsxoveli kafedralı. Mtsxeta şəhəri. Gürcüstan) tikintisi rəvayəti ilə eynidir.
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 84-85]

Qala tipli türbə hündürlüyü 45 sm olan, daş hörgünün üç cərgəsindən ibarət olan kürsünün üzərində yerləşir. Türbənin dar silindrik korpusu konusşəkilli damla örtülmüşdür. Türbə yuxarıdan divarın ümumi xəttindən azacıq kənara çıxan hörmə pərvaz – qurşaq ilə bitir. Abidənin xarici səthi daşlar üzərində oyulmuş atların, keçilərin, dəvələrin, quşların, insanların təsvirləri və həndəsi fiqurları ilə örtülmüşdür.

Tarixçilərin ehtimallarına görə, bu təsvirlər keçmişin dini cəhətdən geridə qalmış təsəvvürləri ilə əlaqələndirilir. Buna bənzər təsvirlər “Sarı-Aşıq” türbəsində, Azərbaycanın Laçın rayonunun Cicimli kəndindəki məqbərədə və Ağdam şəhərinin yaxınlığındakı türbədə də vardır.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il, səh. 166-167]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 138-139]
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 82-83]

Türbənin daxili sahəsi bir-birinin üstündə yerləşən iki otaqdan ibarətdir: yerüstü kamera və yeraltı kamera (sərdabə). Türbənin yerüstü kamerası planda diametri 3,75 m olan dairə formasına malikdir. Divarların daxili üzlüyü iri daşlardan ibarətdir. Hörgü üfüqi sıralarla gedir. Divarın cənub hissəsində pəncərə çapılaraq açılmışdır, onun aşağısında yuxarıda oxvari tağlarla bitən yastı taxça oyulmuşdur. Bu taxçanın mehrab olduğu ehtimal edilir.
[L.S. Bretanitskiy. XII-XV əsrlərdə Azərbaycanın memarlığı və onun Yaxın Şərq memarlığında yeri. 1966-cı il., səh. 185]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 167]
[М.Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 148]

Türbənin yerüstü hissəsinin şimal tərəfində kiçik qapı yeri düzəldilmişdir. Qapı yeri yuxarı hissəsinin bütöv daşlardan oyulduğu oxvari tağla örtülmüşdür. Qapı dəliyi profilli çərçivə ilə haşiyələnmişdir və divarın səthindən 30 sm kənara çıxan portala bənzəyir. Cənub tərəfdə, qapı yeri ilə üzbəüz, daxilə getdikcə genişlənən dar, dəliyəbənzər pəncərə yeri vardır. Belə formalı pəncərələri tez-tez məscidlərdə, türbələrdə və möhkəm divarları olan digər tikililərdə müşahidə etmək olar. Daxili otağın daha yaxşı işıqlandırılması üçün pəncərə altının xətti aşağıya doğru çəpləşdirilmişdir.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 166]

Yerüstü kameradan sərdabəyə giriş daxildən düzəldilmişdir, o, lyuk şəklindədir və türbənin qapı yerinin lap kənarında yerləşmişdir. Lyukun səviyyəsindən türbənin yeraltı hissəsinin döşəmə səviyyəsinə qədər məsafə 3 metrdir. Yeraltı zirzəmiyə olan yolun dərinliyi, daha doğrusu divarlarının hündürlüyü 1,15 metrdir. Aşağı hissədə isə yol əhəmiyyətli dərəcədə daralır. 1947-ci il, “Azərbaycan memarlığı. Nizami dövrü” kitabında aşağıdakılar qeyd olunur: “Yeraltı hissəyə keçidin bu xüsusiyyəti bu abidəni həmin dövrün bu qəbildən olan bir qrup digər türbə növlərindən – Bərdə, Qarabağlar, Naxçıvanın iki və Babı kəndindəki türbədən fərqləndirir. Bu türbələrin sərdabələrinə giriş xaricdəndir”.
[L. S. Bretanitskiy. XII-XV əsrlərdə Azərbaycanın memarlığı və onun Yaxın Şərq memarlığında yeri. 1966-cı il., səh. 185]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 167]

Abidənin yeraltı hissəsi planda düzgün dördbucaqlı xaç formasına malikdir. Xaçın bütün dörd qolu oxvari tağlarla, yeraltı zirzəminin mərkəzi kvadrat hissəsi isə günbəzlə örtülmüşdür. Otağın yeraltı hissəsini örtən günbəzin ən yüksək nöqtəsi döşəmə səviyyəsindən 3,27 m hündürlükdə yerləşir. Divarlar, tağlar və günbəz hamar yonulmuş böyük daşlardan hörülmüşdür. Yeraltı zirzəminin döşəməsi böyük, yaxşı yonulmuş açıq-boz “tava” rəngli plitələrlə döşənmişdir. Demək olar ki, döşəmənin ortasında yazısız, hündür olmayan şaquli səthi daş dayanıb. Yəqin ki, bu daş məzarın üzərində türbənin ucaldığı şəxsin dəfn olunduğu yerə işarə edir. Bəzi mənbələrdə göstərilir ki, türbəyə əvvəllər yerli əhali arasında “müqəddəs”in qəbri ilə bağlı olan pir kimi pərəstiş edilirdi.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 167]
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 84-85]

Mirəli türbəsi 1933-cü ildə sovet arxeoloqu İvan Meşaninovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının (AZFAN) ekspedisiyası tərəfindən aşkar edilmişdir.
[İ.P. Şeblıkin. Nizami dövrünün Azərbaycan memarlığı abidələri (materiallar). 1943-cü il., səh. 5]

1993-cü ildə Füzulinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə türbə vandalizmə məruz qalmışdır.