İranın Qacarlar sülaləsindən olan Şuşa şahzadəsi: ilk azərbaycanlı həvəskar fotoqraf
Bu gün Bakı, Peterburq və Tiflis arxivlərində Qacarlar nəslindən olan fars dövlət xadimi, Azərbaycanın general-qubernatoru, Iran feldmarşalı Bəhmən Mirzənin ailə üzvlərinin fotoları saxlanılır. Oktyabr inqilabı zamanı Rusiyada və Sovet repressiyaları illərində inqilabı tanımayan Qacar şahzadələri təqiblərə məruz qalırdılar. Evləri axtararılarkən onların ailə arxivləri müsadirə olunurdu. Həmin ev sahiblərindən bəziləri təsadüfən sağ qalmış sənədləri, o cümlədən fotoşəkilləri özləri məhv edirdilər. Bu baxımdan Bəhmən Mirzə ailəsinin və onun nəsillərinin fotoları az sayda qalıb. Bu fotoların bir çoxunun müəllifi onun oğlu Əliqulu Mirzə Qacar olmuşdur. Qarabag.com Şuşadan olan Qacar şahzadəsinin həyatı, maraqları və nailiyyətləri haqqında material hazırlayıb.
“Yaxşı xatırlayıram, müharibədən əvvəl onun (Əliqulu Mirzə Qacarın) ailəsində böyük foto arxivi, ov qənimətləri, stereoskopik fotoaparat, stereoskopik şəkillərə baxış aparatı və şəxsi mükafat silahı saxlanılırdı. Bir yerdən başqa yerə məcburi köçürülmələr nəticəsində hamısı həmişəlik yox oldu. ” – Əliqulu Mirzənin nəvəsi Çingiz Qacarı öz kitabında xatırlayır.
[Çingiz Qacar. Köhnə Şuşa. Bakı, “Şərq-Qərb”, 2007. səh 267]
Əliqulu Mirzə 2 may 1854-cü ildə Şuşada anadan olmuşdur. O, Qacarların xanədanının üzvü idi. 1875-ci ildə Tiflis kadet məktəbini bitirdikdən sonra Rus Imperator Ordusunun 164-cü Zaqatala piyada alayında xidmətə başlamışdır. 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir.
Şahzadə çox qədd-qamətli və yaraşıqlı kişi idi, qadınlar arasında populyar idi. Yaxşı ailə başçısı idi. Kitabları sevirdi, xarici dilləri öyrənirdi, at sürməklə, ov etməklə və xüsusilə fotoqrafiya ilə maraqlanırdı. Rusiyada ilk ciddi həvəskar Azərbaycanlı fotoqraflardan biri idi.
[Çingiz Qacar. Köhnə Şuşa. Bakı, “Şərq-Qərb”, 2007. səh 266;267]
[E.E.İsmayılov. Rusiya imperiyasında Qacarlar xanədanına mənsub Fars şahzadələri . 2009-cu il, səh 95]
1903-cü ildə podpolkovnik Əliqulu Mirzə könüllü olaraq rus-yapon müharibəsinə getdi və oradan qayıtmadı. Onun cəsədi Qafqaza gətirildi və atasının yanında Bərdə şəhərindəki Imamzadə qəbiristanlığında türbədə dəfn olundu.
Əliqulu Mirzə Qacarın mükafatları:
- Rusiyanın 3-cü dərəcəli Müqəddəs Anna ordeni (döyüş xidmətlərinə görə)
- Rusiyanın 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni (döyüş xidmətlərinə görə)
- Fars “Şiri-Xurşid” ordeni (Şir və Günəş)
- Rusiyanın 4-cü dərəcəli Müqəddəs Anna ordeni (1877-1878-ci illər rus-türk müharibəsində “terklərə qarşı fərqlənməyə görə”)
[Çingiz Qacar. Köhnə Şuşa. Bakı, “Şərq-Qərb”, 2007. səh 267]
[Şəmistan Nəzirli. Cumhuriyyət generalları. Bakı. Hərbi nəşriyyat. 1995. səh 136]
[E.E.Ismayılov. Rusiya imperiyasında Qacarlar xanədanına mənsub Fars şahzadələri . 2009-cu il, səh 95]