Füzulidə Səfəvi irsinin abidələri: Qarğabazar kəndində məscid və karvansaray – Qarabag
Füzulidə Səfəvi irsinin abidələri: Qarğabazar kəndində məscid və karvansaray

Qarabag.com Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Səfəvilər dövrünə (1501-1722) aid olan iki memarlıq abidəsi haqqında materialı təqdim edir.  

Hacı Qiyasəddin məscidi Qarğabazar kəndinin mərkəzində, qayalıq təpədə yerləşir. Abidə yerli əhali arasında Şah Abbas məscidi kimi tanınır. Məscid 1683-1684-cü illərdə Hacı Qiyasəddin tərəfindən tikilib. Bu məlumat abidənin qapısının üstündə nəsx xətti ilə həkk olunmuş ərəb dilində olan yazı ilə təsdiqlənir: “Ey Allah! Ey, Məhəmməd! Ey, Əli! Bu məscidi ən uca Allahın mərhəmətinə inanmış Hacı Qiyas əd-Din tikmişdir. 1095 h. q. (=1683-84-cü il)”. Həmin yazıdan azacıq sağda və yuxarıda qırıq xətlə ərəb dilində aşağıdakı sözlər həkk olunmuşdur: “Ey qapını açan!”.
[Qarabağ: münaqişə kontekstində tarix\\ Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 161-162]
[A.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı. 1964-cü il., 39]
[M. Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 247]
[“Azərbaycan” qəzeti, №16 (8609) 24.01.2021., səh. 7]

Məscid düzbucaqlı formadadır və bir zaldan ibarətdir. Abidə yerli daşlardan inşa edilmişdir. Giriş qapısı istisna olmaqla, məscidin tikintisində ağacdan olan materiallardan istifadə edilməyib. Məscidin dam örtüyü tağ-tavan şəklindədir. Onun eyvanı isə yoxdur.
[“Azərbaycan” qəzeti, №16 (8609) 24.01.2021. səh. 7]
[Ə.V. Salamzadə. XVI-XIX əsrlər Azərbaycan memarlığı 1964-cü il., 39]
[M. Useynov. L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 247]

Məscidin cənubunda eyni təpədə XVII əsrdə tikilmiş karvansaray (digər mənbələrdə tikilinin inşa tarixi – 1681-1682-ci illərdir) yerləşir. Abidəni bəzən Şah Abbas karvansarayı da adlandırırlar. Karvansarayın memarı məlum deyil. Bu abidənin də memarının, onun məscidlə memarlıq cəhətdən oxşarlığı səbəbindən Hacı Qiyasəddin olduğu ehtimal edilir. İnşa üslubuna görə Qarğabazar karvansarayının Qafqaz Albaniyası dövrünün memarlığına oxşarlığı var (e.ə. 4 əsr – b. e. 705-ci il). Abidə əsasən işlənməmiş daşdan inşa edilmişdir. O, bir küncü kəsilmiş uzunsov düzbucaqlı formaya malikdir.

Dar cənub tərəfdən karvansaraya giriş böyük tağdan və ona bitişik olan iki otaqdan ibarətdir. Karvansarayın əsas yaşayış otaqları girişlə üzbəüz olan, uzun həyətin ensiz şimal tərəfində yerləşir. Bu otaqların əhəmiyyəti onların yüksəklik üzərində inşa edilməsində əks olunur. Otaqların qapılarının açıldığı yuxarı səki üç tağlı monumental eyvan şəklində inşa edilmişdir. Girişin sağ və sol tərəfində iki böyük lövhə yerləşir. Bəzi tədqiqatçıların fikrincə, gözətçilər onların üstünə çıxaraq karvansaraya daxil olan karvanların yüklərini yoxlayırdılar.
[M. Useynov, L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 233]
[Garabakh – the eternal memory of Azerbaijan heritage. 2008-ci il., səh. 255]
[“Azərbaycan” qəzeti, №16 saylı 24.01.2021., səh 7]

Füzuli rayonunun 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə məscid və karvansaray vandalizmə məruz qalmışdır.

image_pdfimage_print