Qarabag.com Azərbaycanın peşəkar musiqi sənətinin nümayəndələrindən biri, Şuşada anadan olmuş, Zülfüqar Hacıbəyov haqqında materialı təqdim edir.
Bəstəkar Zülfüqar Əbdül Hüseyn oğlu Hacıbəyov 5 (17) aprel 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Onun atası Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı, mesenat Xurşidbanu Natəvanın yanında mirzə işləmiş, anası isə onun yaxın adamlarından biri olmuşdur. Hacıbəyovlar ailəsi 3 oğul və 2 qızdan ibarət idi. Zülfüqarın qardaşları – azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyov və azərbaycanlı publisist, Azərbaycan Cümhuriyyətinin Paris Sülh Konfransına göndərdiyi (1919-1920) nümayəndə heyətində müşavir Ceyhun Hacıbəyli idi. Zülfüqar Hacıbəyovun oğulları – Maestro Niyazi və Çingiz Hacıbəyov Azərbaycanın görkəmli dirijorları idilər.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 72-73]
[Musiqi ensiklopediyası. cild 1. 1973-cü il., səh. 871]
[Şəxsi arxivlərdən sənədlər: A. M. Topçubaşı”: 1903-1934-cü illər. 2012-ci il., səh. 25]
[İsmayıl Hacıbəyov. Məqalələr, oçerklər, xatirələr. 2007-ci il., səh. 98]
Şuşanın iki sinifli rus-tatar məktəbini bitirən Zülfüqar atasına işində kömək etməyə başlayır. 1901-ci ildə atasının vəfatı ilə ailənin maddi cəhətdən bütün qayğıları Zülfüqarın üzərinə düşür. 1900-1902-ci illərdə o, şəhər dumasında və qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə Şuşa şəhəri əkinçilik və töyçü (kəndlilərdən alınan vergilərdən biri) işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləmişdir. 1907-ci ildə Zülfüqar öz bacıları ilə Şuşadan Bakıya köçmüşdür.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 74]
Zülfüqar Hacıbəyov Milli Musiqili Teatrın yaranmasında mühüm rol oynamışdır. 1909-1910-cu illərdə o, özünün ilk əsərini – “Əlli yaşında cavan” operettasını yazmışdır. Əsər Zülfüqar Hacıbəyovun təşkil etdiyi Azərbaycan musiqi truppası tərəfindən Tiflisdə, Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Culfada və İranda uğurla tamaşaya qoyulmuşdur.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 84-85;87-88]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 147]
[İsmayıl Hacıbəyov. Məqalələr, oçerklər, xatirələr. 2007-ci il., səh. 98]
1911-ci ilin iyununda Zülfüqar Hacıbəyov “Varlı” (“On bir yaşında gəlin”), 1912-ci ildə isə “Evliykən subay” musiqili komediyalarını yazmışdır. 1915-1916-cı illərdə Hacıbəyov “Aşıq Qərib” operasını bəstələmişdir.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 79;90]
[Musiqi ensiklopediyası. cild 1. 1973-cü il., səh. 871]
[“Bakinski raboçi” qəzeti. 1 oktyabr 1950-ci il., №206 (8943) səh. 4]
Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra (1920), Hacıbəyov 1920-1923-cü illərdə Qırmızı Ordunun Siyasi İdarəsində işləmişdir.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 80-82]
[Musiqi ensiklopediyası. cild 1. 1973-cü il., səh. 871]
Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyovla birlikdə Azərbaycan xalq mahnılarının toplanması və yazılması ilə məşğul olmuşdur. Ümumilikdə, onlar tərəfindən 300-ə qədər xalq mahnısı toplanmışdı. 1933-1937-ci illərdə Zülfüqar Azərbaycan radioverilişlərinin Şərq musiqi hissəsinin bədii rəhbəri işləmişdir.
[“Bakinski raboçi” qəzeti. 1 oktyabr 1950-ci il., №206 (8943) səh. 4]
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 83-85]
[Musiqi ensiklopediyası. cild 1. 1973-cü il., səh. 871]
Zülfüqar Hacıbəyov öz oğlu azərbaycanlı bəstəkar və dirijor Niyazi ilə birlikdə Azərbaycan dramaturqu Cəfər Cabbarlının pyesi əsasında çəkilmiş “Almas” (1936) kinofilminə musiqi bəstələmişdir.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 84-85]
1943-cü ildə incəsənət sahəsində xidmətlərinə görə Hacıbəyova Azərbaycan SSR-in əməkdar incəsənət xadimi adı verilmişdir. O, “Qafqazın müdafiəsinə görə” (1944), “Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”(1945) medalları və “Şərəf Nişanı” (1946) ordeni ilə təltif edilmişdir.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il, səh. 84-85]
Zülfüqar Hacıbəyov uzun və ağır xəstəlikdən sonra 30 sentyabr 1950-ci ildə Bakıda vəfat etmişdir.
[D. Cəbrayılbəyli. Zülfüqar Hacıbəyov. 1985-ci il., səh. 84-85]
[“Bakinski raboçi” qəzeti. 1 oktyabr 1950-ci il., №206 (8943) səh. 4]