Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, faciəli taleyi olan kinorejissor: Lətif Səfərov – Qarabag
Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, faciəli taleyi olan kinorejissor: Lətif Səfərov

Qarabag.com rejissor, ssenarist, aktyor, Şuşada anadan olan – Lətif Səfərov haqqında materialı təqdim edir.

Kinorejissor Lətif Bəşir oğlu Səfərov 31 sentyabr 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 151]
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 408]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.1985, səh. 4]
[“Nedelya” qəzeti №40 (26421) 8.10. – 14.10.2010-cu il, səh. 20]

Onun valideynlərinin boşanmasından sonra (1925), 1927-ci ildə Lətif anası ilə birlikdə Ağdama köçdü.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 151;160]

Lətif özünün ilk rolunu (Gülgül), onun 7 yaşı olanda “Gilan qızı” (1927-1928) filmində oynadı. “Azərbaycan kinematoqrafçıları” kitabında bu barədə aşağıdakılar qeyd olunur:
“1927-ci ilin yayında ailə Şuşada istirahət edərkən “Azərkino” nun kinoekspedisiyası bu şəhərə gəlir. Təsadüfən balaca Lətiflə rastlaşan yaradıcı qrup onu filmdə çəkməyi qərara alır. Lətifin kinematoqrafla ilk tanışlığı belə olur.”
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 151-152]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.2010-cu il, səh. 4]

Həmin vaxt Lətif Səfərov aşağıdakı bədii filmlərdə çəkilmişdir: “Sevil” (Gündüz, 1929) və “Lətif” (Lətif, 1930). Həmin vaxt “Gilanın qızı” filmində rejissor assistenti kimi işləyən azərbaycanlı kinorejissor Mikayıl Mikayılov Lətifi filmdə baş rola dəvət etdi və onun şərəfinə öz əsərinin adını “Lətif” olaraq dəyişdirdi. Lətif Səfərov, həmçinin “Qızıl kol”(1930) “Almaz” (1936) bədii filmlərində və “Şərqə doğru” (1930) sənədli filmində də epizodik rollarda oynamışdır.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 152;167]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.2010-cu il, səh. 4]
[“Nedelya” qəzeti №40 (26421) 8.10. – 14.10.2010-cu il, səh. 20]

1931-ci ildə Lətif Səfərov ağır xəstələndi və həkimlər ona kinoda çəkilməyi qadağan etdilər. Bir müddətdən sonra o, həmçinin məktəbdən xaric edildi, bunun nəticəsində anasının yanına, Bərdə şəhərinə getməyə məcbur oldu. 1935-ci ildə Lətif Bakıya qayıtdı.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 153]

1936-cı ildə (1937) Lətif Səfərov Bakı kinostudiyasında aktyor və rejissor köməkçisi işləmişdir. Kinostudiyanın dublyaj şöbəsində Səfərov “Çapayev”, “Biz Kronstadtdanıq”, “Lenin Oktyabrda” və s.  sovet bədii filmlərinin səsləndirilməsində iştirak etmişdir.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 153]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.2010-cu il, səh. 4]

1937-ci ildə Lətif Səfərovun atası “xalq düşməni” kimi həbs olunaraq Sibirə sürgün edildi. Sonralar o, xatırlayırdı:
Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Öz müstəqil həyatıma küçədən başlamalı oldum. Onda yeganə yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız da isti olurdu. Amma skamyalar gündüzkü kimi bərk idi… İnstitutu bitirəndən studiyanın tapşırığı ilə sərhədçilərdən bəhz edən bir sənədli film üçün material toplamağım yadıma düşür. Bir kapitanın və avtomatçı serjantın məni necə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırlarmış ki, birdən o taya keçərəm. Çox şeylər olub…
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 160]

1939-ci ildə Lətif Səfərov Gəncə pedaqoji məktəbinin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirdi. Almaniyanın SSRİ-yə hücum etməsi ilə (1941) Lətif Səfərov sovet ordusuna çağırıldı, lakin onun hərbi xidmətə yararsız olmağı səbəbindən o bir müddət sonra tərxis olundu.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 154;161]

O, eyni zamanda həm “Çağırışa cavab”(1947),”Yeni həyat qurucuları” (1949), “Gədəbəyin sərvəti” (1950), “Azərbaycan sərhədçiləri” (1951), “Bakı və bakılılar” (1958) sənədli filmlərinin rejissoru və ssenari müəllifi olmuşdur. Sonuncu film elə həmin ildə Moskvada keçirilən Ümumittifaq Sovet Filmləri kinofestivalında III dərəcəli diplomla təltif olunmuşdur.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 159;167]
[“Nedelya” qəzeti №40 (26421) 8.10. – 14.10.2010-cu il, səh. 20]
[Kino. Ensiklopedik lüğət. 1987-ci il, səh. 13]

1950-ci ildə Lətif Səfərov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki, Moskvada S. A. Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) rejissorluq fakültəsini bitirdi.
[Kino. Ensiklopedik lüğət. 1987-ci il, səh. 12-13]
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 408]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.2010-cu il, səh. 4]

Lətif Səfərovun rejissoru olduğu ilk müstəqil işi “Bəxtiyar” və ya “Sevimli mahnı” (1955/1956) bədii filmidir. Səfərov həmçinin aşağıdakı bədii filmləri çəkmişdir: “Qızmar günəş altında” (1957),”Leyli və Məcnun” və ya “Məhəbbət əfsanəsi” (1961). O, həmçinin “Qubanın bağlarında” (1953) sənədli filminin rejissorudur.
[N.Sadıxov. Azərbaycan bədii kinosu. (1920-1935-ci illər ) 1970-ci il. səh. 95]
[Kino. Ensiklopedik lüğət. 1987-ci il, səh. 13]
[“Nedelya” qəzeti №40 (26421) 8.10. – 14.10.2010-cu il, səh. 20]
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 163]

1958-1963-cü illərdən Lətif Səfərov Azərbaycan kinematoqrafiya işçiləri İttifaqının (Azərbaycan Kinematoqrafçılar İttifaqı) sədri vəzifəsini tutmuşdur. Bu illərdə Lətif azərbaycanlı müğənni Şövkət Ələkbərova ilə evləndi.
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 408]
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 161-163]

Lətif Səfərov dəfələrlə Azərbaycan kinomatoqrafiyasında çatışmazlıqlar mövzusunu qaldırmışdır. Kino işçilərinin Ümumittifaq müşavirəsində (1952) öz nitqində Lətif Səfərov aşğıdakıları demişdir:
Mən əyalətdənəm. Bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm… Əyalətdə işləyən adamlar unudulurlar… Əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlüklə həyata keçirə bilmirlər… Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər…”
Sonra Lətif Səfərov kürsüdən üzünü moskvalılara tutub deyir:
“Deyin, biz tələbə skamyasında yanaşı oturmamışıqmı? Niyə bir parasının hər şeyi var, o bisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis kinolent, köhnə aparatlar, ləngər vuran ştativlər üzündən epizodu epizod dalınca itiririk… Ona görə də adamlar əyalətə işləməyə gəlmirlər. (Ukraynalı kinorejissor) Aleksandr Dovjenko yaxşı demişdir: “Adamlar əyalətdən qorxmamalıdırlar. Vacib deyil ki, Kreml olan yerdə yaşayasan”.

Lətif Səfərov həmçinin öz çıxışlarının birində deyirdi:
“…Nəyə görə mərkəzdə adamlar öz tariflərini artıra bilirlər, əyalətdə isə yox?… Mən hesab edirəm ki, bu dövlət nöqteyi-nəzəri deyil, bu məsələnin düzgün qoyuluşu deyil. Bizim nəhayət, soruşmağa haqqımız var: hamı üçün eyni imkanlar nə vaxt yaranacaq? Nə vaxt?..”
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 162-163]

 1960-ci ildə Lətif Səfərov Azərbaycan SSR-in əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. O, həmçinin “Şərəf nişanı” ordeni ilə də təltif edilmişdir.
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 408]
[“Bakinski raboçi” qəzeti №195 (26421) 19.10.2010-cu il, səh. 4]

1963-cü ilin yanvarında Lətif Səfərov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsindən uzaqlaşdırıldı.  
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 165]

9 dekabr 1963-cü ildə Lətif Səfərov ov tüfəngindən özünə atəş açaraq intihar etmişdir. Onu bu aqibətə gətirib çıxarmış ehtimal olunan səbəblər arasında onun həm Kinematoqrafçılar İttifaqından kənarlaşdırılması (həmin qurumla maliyyə araşdırmaları da daxil olmaqla), həm də ağır, çarəsiz xəstəliyin olması göstərilir.
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 165]

1964-cü ildə Lətif Səfərovun yaxın dostu, Azərbaycan SSR xalq şairi Rəsul Rza onun ölümünə “Rekviyem” şeirini həsr etmişdir.
[R.Rza. Dözüm. Şeirlər və poemalar. 1965-ci il, səh. 68-74]
[А. Kazımzadə. Azərbaycan kinematoqrafçıları. 2013-cü il, səh. 166]

image_pdfimage_print