Füzulinin Əhmədalılar türbəsi – Qarabag
Füzulinin Əhmədalılar türbəsi

Əhmədalılar türbəsi (bəzi mənbələrdə Arğalı türbəsi kimi adlandırılır) Araz çayının sol sahilində, Füzuli rayonunun Əhmədalılar kəndində yerləşir.
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 57]
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il., səh. 191]

Türbənin XIII-XIV əsrlərdə inşa edildiyi ehtimal olunur (və ya XIII əsrin sonu – XIV əsrin əvvəlləri).
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 58]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 402]
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il., səh. 191]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]

Türbə səkkizguşəli formaya malikdir və yumulmuş, səkkizguşəli günbəzlə örtülmüşdür. Abidə daşdan tikilmişdir. Türbənin günbəzi ikiqatdır, onun konstruksiyası araları doldurulmuş iki cərgə daşlardan ibarətdir. Abidənin daxili məkanı yeraltı sərdabədən və geniş yuxarı kameradan ibarətdir. Türbənin daxilində mehrab-portik yoxdur. Türbə şimal və cənuba istiqamətlənmiş və hamar portallar-oyuğu şəklində işlənmiş iki giriş qapı yerinə malikdir. Abidənin girişlərinin portal haşiyələnməsi cənub və şimal portallarında müxtəlif həndəsi təsvirinin oyma naxışları ilə doldurulmuşdur. Bu baxımdan Naxçıvan memarlıq məktəbinin təsiri izlənilir.
[Q. Məmmədova, Z. Məmmədova. Orta əsrlərin memarlığı (VIII-XIV əsrlər) İkinci cild. 2013-cü il., səh. 191]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 402]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 57-58]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]
[Azərbaycan sovet ensiklopediyası. Cild IV. 1980-ci il., səh. 257]

Əhmədalılar türbəsinin xarici üzlüyündə fiqurlu hörgü yoxdur. Türbənin üzərində heç bir yazı günümüzə qədər gəlib çatmayıb və onların mövcudluğu barədə heç bir məlumat yoxdur. Abidə Azərbaycanın sıravi səkkizguşəli türbələrinə daha yaxındır və onlardan əsasən günbəzinin formasına görə fərqlənir. Məqbərə azərbaycanlı sənətşünas Əbdülvahab Salamzadə tərəfindən “gülləsi açıq-aydın görünməyən səkkizguşəli türbələrə” aid edilmişdir.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 42]
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 101]

1946-cı ildə türbə Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan İncəsənət İnstitutunun ekspedisiyası tərəfindən təftiş edilmişdir. 1960-cı illərdə dağıdılmış türbə ilkin görkəmdə bərpa edilmişdir. A. V. Salamzadə, K. M. Məmmədzadənin 1979-cu il., “Arazboyu abidələr” kitabında bu haqda aşağıdakılar qeyd edilir:
Təəssüf ki, bu türbə bizə çox pis vəziyyətdə gəlib çatıb, özü də dağılma abidənin ən maraqlı hissələrinə – şimal və cənub portalın tərəflərinə toxunub. Şimal tərəfdən dağıntı şimal portalını və onunla qonşu olan şimal-şərq tərəflərini əhatə edən bütöv bir dəlik görünüşünə malikdir. Yerli sakinlərin söylədiklərinə görə bu dağıntılar 1929-cu ildə burada baş vermiş zəlzələnin nəticəsi olmuşdur. Abidədən düşən daşlar onun ətrafındadır. 40-cı və daha sonra 50-ci illərdə aparılmış qazıntılar və abidənin tədqiqatı nəticəsində portalın haşiyəsinin və bütün türbənin ilkin görkəminin bərpa edilməsinə, eləcə də natura şəklində bərpa işlərinə imkan verən əhəmiyyətli material toplanmışdır”.
[Azərbaycan sovet ensiklopediyası. Cild IV. 1980-ci il., səh. 257]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 57]
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 165]

Abidə bir sıra memarlıq xüsusiyyətləri istisna olmaqla, onun yaxınlığında olan, Babı kəndində (Şeyx Babı Yaqub türbəsi) yerləşən türbə ilə eynidir. Yerli əhali arasında Əhmədalılar türbəsi ilə sonuncunun arasında yeraltı keçidin olması haqda əfsanə mövcuddur:
“Türbənin ucaldılması üçün o dövrün ən yaxşı ustası dəvət edildi. Bu usta türbəni öz şagirdi ilə birlikdə inşa edirdi. Onun şagirdi isə ustasından gizli olaraq guya qazılmış yeraltı keçiddən keçərək Babı kəndindən 9 km aralıda yerləşən Əhmədalılar kəndinə gedərək, orada da eynilə belə bir türbə inşa edirdi. Şagird öz müəlliminin bütün üsullarını və xarakterik xüsusiyyətlərini təkrarladı. Usta öz türbəsini bitirdikdə, onunla eyni anda Əhmədalılar” kəndində olan türbənin də inşası başa çatdı. Bu türbə ustanı heyran etdi, çünki şagirdi ondan daha yaxşısını inşa etmişdi”.
[Azərbaycan memarlığı. Nizami dövrü. 1947-ci il., səh. 165]
[Ə.V. Salamzadə, K. M. Məmmədzadə. Arazboyu abidələr. 1979-cu il., səh. 57]
[Qısa bədii ensiklopediya. Ölkələrin və dünya xalqlarının incəsənəti. Cild 1. 1962-ci il., səh. 52]

image_pdfimage_print