Qutlu Musa və ya Xaçındərbətli türbəsi – Qarabag
Qutlu Musa və ya Xaçındərbətli türbəsi

Qutlu Musa və ya Xaçındərbətli türbəsi Ağdam şəhərindən 23 km məsafədə, Ağdam rayonunun Xaçındərbətli kəndi yaxınlığında yerləşir. Yerli sakinlər arasında abidə “Sarı Musa” məqbərəsi kimi tanınır.
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 153]

Məqbərə 15 iyul 1314-cü ildə inşa edilmişdir. Bu, məqbərənin giriş qapısının üzərində yerləşdirilmiş yazı ilə təsdiqlənir:
“Bu, Uca Allahın rəhmətinə ehtiyacı olan, Musa hacının oğlu, rəhmətlik Qutlunun imarətidir. On dörd (və) yeddi yüz ilin Rəbi əl-əhir (ayının) əvvəlində (bazar ertəsi 15. VII. 1314-cü il b.e.) Usta (ustad) Şahbənzərin işi (əməli)”.
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 155]

Dəfn olunanın və bənnanın adları digər mənbələrdə müxtəlif cür göstərilir. 2014-cü il, “Qarabağ: münaqişə kontekstində tarix” kitabında məqbərədə dəfn olunanın adı “Musanın oğlu Qutlu Xvace” kimi, “Azərbaycan. (Tarixi və görməli yerlər”) 1960-cı il – “Qatava Hacı Musa oğlu” kimi qeyd edilir. 2014-cü il, “Qarabağ: münaqişə kontekstində tarix” kitabında məqbərəni inşa edənin adı “Şahbəgözər”, 1976-cı il, “IV-XVIII əsrlər Azərbaycan incəsənəti”ndə isə məqbərənin adı “Şahənzi” kimi qeyd edilir.
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 153-154]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 134]
[L. S. Bretanitskiy. B.V. Veymarn. IV-XVIII əsrlər Azərbaycan incəsənəti. 1976-cı il., səh. 69]

Məqbərənin onikiüzlü korpusu üçpilləli hündür olmayan kürsülüyün üstündə yerləşir. Onun divarları, mərmərə bənzəyən böyük əhəng daşlarından hörülmüşdür. Məqbərənin günbəzi piramida şəkilli çadırdan ibarətdir. Günbəzin yuxarı hissəsi boyunca, betondan olan doldurmanın üzərinə, forma və ölçüsü ilə kirəmitlərə bənzəyən daşdan olan damlıq plitələr düzülmüşdür. Məqbərənin korpusunun üzlərində yuxarıları stalaktitlərlə doldurulmuş uzadılmış proporsiyaların oyuqları və ya dekorativ taxçalar yerləşdirilmişdir. Taxçaların və oyuqların bir hissəsinin üzərində müxtəlif heyvanların – xallı maralı parçalayan yırtıcının, qanadlı qrifonun, öküzün, bəbirin, qaçan maralların və cüyürlərin təsvirləri var.

Memarlıq formalarına və heyvanların təsvirlərinə görə memarlar sərdabəni Sasanilər dövrünün abidələri (224-651-ci illər) ilə əlaqələndirirdilər. Sovet tarixçisi, şərqşünası A. Y. Yakubovskinin fikrincə, ornamentlərin motivlərinə görə abidə, Qafqaz ustaları tərəfindən yaradılmış, rus Vladimir-Suzdal abidələri ilə (XII-XIII əsrlər) (Vladimir vilayəti, Rusiya) eynidir.
[L. S. Bretanitskiy. B.V. Veymarn. IV-XVIII əsrlər Azərbaycan incəsənəti. 1976-cı il, səh. 67;69; 71]
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il., səh. 91]
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 134]
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il., səh. 153]

Məqbərə ikimərtəbəli quruluşa malikdir. 1976-cı il, “IV-XVIII əsrlər Azərbaycan incəsənəti” kitabında bu barədə aşağıdakılar göstərilir:
“Məqbərənin daxili sahəsi adətən sərdabə baxımından xaç formalılardan və yuxarı kameradan ibarətdir. Nadir əzəmətli kameranın çoxyaruslu stalaktit tağtavanına xaçın budaqlarının formaca o qədər də az olmayan mürəkkəb stalaktit kompozisiyaları birləşir. Şimal ucunda giriş, cənub ucunda isə çanağa bənzər çoxpərli konxa ilə incə işlənmiş mehrab yerləşdirilmişdir. Mehrab kiçik, zərif naxışlarla bəzədilmiş xonçalar zəncirini haşiyələndirir”.
[L. S. Bretanitskiy. B.V. Veymarn. IV-XVIII əsrlər Azərbaycan incəsənəti. 1976-cı il., səh.69]
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 153]

Abidənin giriş qapısının yeri də, Azərbaycanın Laçın rayonundakı Məlik Əjdər məqbərəsinin girişlərinin bəzəyini xatırladan böyük, incə şəkildə tərtib edilmiş 22 xonçadan ibarət cərgəni haşiyələyir. Cənub divarında mehrab və məqbərənin giriş qapısının üzərindəki ərəbdilli yazının məzmunu sərdabədə müsəlmanın dəfn olunduğunu təsdiq edirlər.
[L. S. Bretanitskiy. B.V. Veymarn. IV-XVIII əsrlər Azərbaycan incəsənəti. 1976-cı il., səh.69]
[Azərbaycan sovet ensiklopediyası. X cild. səh. 63]
[12 cilddə memarlığın ümumi tarixi. Aralıq dənizi, Afrika və Asiya ölkələrinin memarlığı., V-XIX əsrlər. Cild 8., səh. 393]
[M. Useynov. L. Bretanitskiy. A. Salamzadə. Azərbaycanın memarlıq tarixi. 1963-cü il., səh. 153]

Ağdam rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə 1993-cü ildə məqbərə vandalizmə məruz qalmışdır.

image_pdfimage_print