Ermənistan prezidenti tarixi zorlamağa davam edir (artıq fransızca) – Qarabag
Ermənistan prezidenti tarixi zorlamağa davam edir (artıq fransızca)

Müxtəlif ölkələrin auditoriyasına müraciət edən Ermənistan prezidenti bu ayın əvvəlindən ikinci dəfə tarixi saxtalaşdırır. Bu, ermənilərin tarixin dərinliklərindən Qarabağ əhalisinin çoxluğunu təşkil etdiyi fikrinə xarici ictimaiyyəti inandırmağı qarşısına məqsəd qoymuş Yerevanın məqsədyönlü siyasətidir. Ancaq erməni tarixçilərinin və Qafqazın başqa nüfuzlu tədqiqatçılarının elmi əsərləri, həmçinin Rusiya imperiyasının və SSRİ-nin rəsmi sənədləri ortaya tam başqa mənzərə qoyur. 

6 noyabr tarixində “La Libre Belgique” saytında Ermənistan prezidenti Armen Sarkisyanın müsahibəsi dərc edilib. Rusiya xəbər saytı RBK-nın telekanalına müsahibəsində olduğu kimi, o XX əsrin statistika məlumatlarını tam dəyişir, uydurma hadisələr haqqında danışır, real tarixi faktları isə tam təhrif edir. Fərqli ölkələrin ictimaiyyəti üçün verilmiş iki belə müsahibə sübut edir ki, söhbət Ermənistan rəhbərliyinin dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini uydurma formada təqdim etməyə köklənmiş məqsədyönlü səylərindən gedir.

Əvvəlcə Sarkisyanın “La Libre Belgique”yə verdiyi müsahibənin tarixə aid olan hissəsini tam təqdim edək.

Beləliklə, Sarkisyan deyir:

Qarabağ – onun sakinlərinin tarixi vətənidir. Bu insanlar min illər ərzində orada yaşayıblar. Onlar 301-ci ildə orada xristian oldular XI əsrdə türk səlcuqlar Orta Asiyadan oraya gələndə onlar orada dağlarda yaşayırdılar. Onlar monqolları, böyük Teymurləngi görüblər. Onlar İran imperiyasının, sonra Rusiyanın tərkibində olublar, ancaq Azərbaycanın tərkibində heç vaxt olmayıblar.

Problem Sovet İttifaqı yaradılanda, yoldaş Stalin (Azərbaycana) Naxçıvanı və Artsaxı verəndə yarandı. Əgər XX əsrə qayıtsaq, Artsaxda 350.000-360.000 adam yaşayırdı, onların da mütləq əksəriyyəti – 95% ermənilər idi. Qalan 5%-ni azərbaycanlılar, sünnilər və şiələr, ruslar, yunanlar, yezidilər təşkil edirdi. O vaxt Şuşa 60.000 əhalisi olan böyük bir şəhər idi, əhalinin əksər hissəsini ermənilər təşkil edirdi. O Tbilisidən kiçik, ancaq Yerevandan böyük idi. Sovet illərində Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət idi. Dağlıq Qarabağ dünyada ən yüksək dərəcəli muxtariyyətə malik idi, çünki bu muxtariyyətin qarantı Sovet İttifaqı idi. Bu, 70 il davam etdi. Buna baxmayaraq, 200.000-dən çox insan oradan çıxıb getmişdi. Niyə? Çünki erməni məktəbləri yox idi, çünki gənclər iş tapa bilmirdi. Zor işlənmədən aparılsa da, bu, etnik təmizlik idi“.

İndi isə gəlin əsas fraqmentləri bu mətndəki linklərdə skanları verilmiş arxiv materialları və rəsmi sənədlərlə müqayisədə gözdən keçirək.

“Qarabağ – onun sakinlərinin tarixi vətənidir. Bu insanlar min illər boyu orada yaşayıb… İran imperiyasının, sonra Rusiyanın tərkibində olublar, ancaq Azərbaycanın tərkibində heç vaxt olmayıblar.

Bu cümlənin birinci hissəsi həqiqətin yalnız bir hissəsidir, sonu isə yalandır. Erməni tarixçisi Arakelyan yazırdı: “İki min il əvvəl Dağlıq Qarabağın və Azərbaycanın bütün rayonlarının ərazisində albanlar yaşayırd[Arakelyan A. Qarabağ rus çarlığı tərəfindən istila edilənədək // Tarixi jurnal, №2 1938. Səh. 68].

Albanlar və türklər azərbaycan xalqının formalaşdığı etnik komponentlərdən biridir. Bunu hələ nüfuzlu qafqazşünas İlya Petruşevski qeyd edirdi: “Azərbaycan türklərinin böyük hissəsi qədim Aqvaniya xalqının türkləşmiş nəsilləridir.” (Aqvaniya Qafqaz Albaniyasının sinonimidir) [Petruşevski İ. Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki inancları haqqında. Bakı, 1930. Səh. 14].

Qarabağın necə “ermənilərin əlinə keçdiyi” haqqında Arakelyan yazırdı: “Eramızdan əvvəl I əsrin ikinci yarısında Ermənistan müharibə nəticəsində Artsaxı Albaniyadan aldı. Ermənilərin burada hökmranlığı IV yüzilliyin sonlarınadək davam etdi… Artsaxı istila etmiş erməni çarı Artsax əhalisinə qarşı ən vəhşi və dəhşətli üsullarla zülm edirdi ki, onlar öz azadlıqları uğrunda mübarizəyə qalxmağa cürət etməsinlər[Arakelyan A., səh. 69-70].

“Onlar 301-ci ildə orada xristian oldular”

Bu, həqiqətin yalnız bir hissəsidir: onlar elə-belə xristian olmayıblar. “Aqvaniyada (Albaniyanın erməni adı) kilsə həm də ölkənin erməniləşdirilməsi üçün bir vasitə idi…” [Petruşevski İ., səh. 8] Lakin buna baxmayaraq, Qarabağ heç vaxt erməni mədəniyyəti mərkəzlərinə aid olmayıb” ” [Petruşevski İ., səh. 8]

“Problem Sovet İttifaqı yaradılanda yarandı.”

Yalan və “problemin necə yarandığının” həqiqi mənzərəsini gizlətmək cəhdidir.

Qanlı hadisələrin səbəbini yəqin bilirsiniz, –  11 fevral 1905-ci ildə “Qafqaz” qəzeti yazırdı. – Mürəkkəb və ilk növbədə iqtisadi səbəblərin doğurduğu erməni-tatar düşmənçiliyi bizdə çoxdan yetişirdi. Yanvarda erməni konvoyçu əsgərləri tərəfindən qaçmağa cəhd edən bir məhbus tatar öldürüldü; tatar əhali arasında bu qətlin qəsdən törədildiyi barədə söz-söhbət yayılmağa başladı, o vaxtdan bəri tatarlar arasında anti-erməni narazılığı özünü daha çox büruzə verməyə başlayıb. Ancaq fevralın 6-sı baş vermiş kədərli hadisəyə qədər açıq hücum və toqquşma baş verməmişdi. Həmin gün Parapetdə, kilsənin yaxınlığında bir erməni, fərziyyəyə görə, şəxsi ədavət zəminində revolverdən atəş açaraq bir tatarı öldürdü.  Bu qətl siqnal rolunu oynadı. Axşam Bakı küçələrində açıq qırğın başladı…“.

Hər yerdə tam kor-təbii, qarşısıalınmaz iğtişaşlar başladı, – həmin qəzet 12 fevral tarixində yazırdı. – Hadisələrin birinci günü 35-ə qədər adam öldürüldü və yaralandı… Qarşıdurmalar şəhər ətraflarında baş verirdi: bir neçə tatar öldürüldü, bir tatar dəyirmanı qəzəbli erməni kütləsi tərəfindən mühasirəyə alındı“.

Tezliklə kütləvi qarşıdurmalar bütün Qafqazı bürüdü. 1905-1906-cı illərdə bütün regionda 158 azərbaycanlı kəndi məhv edildi [Hüseynov R. Azərbaycanda inqilabi hərəkatın oçerkləri // I buraxılış, 1905-1907-ci illər inqilabı, Bakı, 1926. Səh. 81].

“…Qafqazda baş vermiş erməni-qafqaz qırğını zamanı Daşnaksütyun partiyası öz qüdrətini anladı: əsgəri gücünün təşkili səviyyəsi, müasir tipli silahlanma və sərt nizam-intizam ilə; tatarlar və ermənilər arasındakı çoxdankı gərgin münasibətlər əsasında baş vermiş bu hadisə Daşnaksütyun partiyası tərəfindən istifadə edildi“, –  deyə Rusiya İmperiyası Polis departamentinin rəsmi sənədində qeyd edilirdi.

Həmin hadisə indiyə qədər bitməyən qarşıdurmanın başlanğıc nöqtəsi idi, Sarkisyanın iddia etdiyi kimi “Sovet İttifaqının yaradılması” yox. 

“Stalin bir müddətlik (Azərbaycana) Naxçıvanı və Artsaxı verdi”

Başdan ayağa qədər yalandır.

Dağlıq Qarabağla bağlı qərar 5 iyul 1921-ci ildə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun Plenumunun səsverməsində qəbul edildi. Bu qərar Dağlıq Qarabağı Azərbaycan Sovet Sosialist Respublikasına “vermək” dən yox, “Dağlıq Qarabağı Azərbaycan SSR-in hüdudlarında “saxlamaq”dan ibarət idi [RKP (b) Mərkəzi Komitəsinin Qafqaz Bürosu Plenumunun iclasının protokolundan // Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixinə dair (sənədlər və materiallar). Bakı, 1989. s. 92]. Üstəlik, 5 iyul tarixli qərarda “bir müddətlik” barədə kəlmə belə yoxdur.

Dağlıq Qarabağın taleyi Qafqaz Bürosu üzvlərinin real səsverməsi yolu ilə müəyyən olunurdu. Bir gün əvvəl həmin büronun üzvlərinin səsverməsinin nəticələri bundan xəbər verir [RKP (b) MK Qafqaz Bürosu Plenumunun axşam iclasının protokolundan // Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranma tarixinə dair (sənədlər və materiallar). Bakı, 1989. s. 90]. O zaman hər biri öz mövqeyini müdafiə edən iclas iştirakçıları razılığa gələ bilmədi. Buna görə də Dağlıq Qarabağla bağlı iyul ayının 5-də daha bir səsvermə keçirilməsinə dair qərar verildi. Qərar Stalin tərəfindən əvvəlcədən qəbul edilmiş olsaydı, o, 4 iyulda təsdiqlənmiş olardı. Stalinin özü səsvermə zamanı orada olsa da, səsvermədə iştirak etmirdi. Əslində o, o zaman belə qərarlar vermək gücündə də deyildi. Sovet Rusiyasının rəhbərliyində nisbətən mühüm vəzifələri Stalin yalnız 1922-ci ilin aprelində tutdu. Tam hakimiyyətə isə o, tədricən – yalnız 1924-1927-ci illər ərzində nail oldu.

“ХХ əsrə qayıdırsınızsa, Artsaxda 350.000 – 360.000 adam yaşayırdı ki, bunların da böyük əksəriyyəti – 95% -i ermənilər idi. Qalan 5%-ni azərbaycanlılar, sünnilər və şiələr, ruslar, yunanlar, yezidilər təşkil edirdi”

Bu ifadənin bir hissəsi yalan, digəri statistik məlumatların seçmə təqdimatı ilə Qarabağın real etnik tarixini gizlətmək cəhdidir.

Əgər biz həqiqətən də ХХ əsrə, Rusiya İmperiyasının administrasiyasının apardığı son əhali hesablamalarına qayıdırıqsa, onda 1914-cü il yanvarın 1-nə Qarabağın dörd qəzasının (rayonlarının) əhalisinin ümumi sayı 582.621 nəfər idi. Onlardan 318.722-si müsəlman (54.7%), 252.252-si erməni (43.3%) idi. Beləliklə, tanınmamış “Artsax Respublikası”nın 2020-ci il sentyabr ayı sərhədlərində 106 il əvvəl müsəlmanlar çoxluq təşkil edirdi, ermənilər isə 40%-dən bir qədər çox idi [1915-ci il üçün Qafqaz təqvimi. Tiflis, 1914. Statistik bölmə, s. 218-219, 230-233].

Bu dörd qəzadan biri olan Şuşa qəzası tarixi Dağlıq Qarabağ (erməni dilində Artsax) sərhədləri daxilində yaradılmışdır. Daha sonra bu qəza Dağlıq Qarabağ Muxtar Vilayətinin əsas ərazisinə çevrildi. 1914-cü il yanvarın 1-nə orada 178.081 nəfər yaşayırdı. Onlardan 95.257-si ermənilər (53,5%), 77.189-u müsəlmanlar (43,3%) idi. Beləliklə, 106 il əvvəl Dağlıq Qarabağın öz sərhədləri daxilində ermənilər Ermənistan prezidentinin iddia etdiyi kimi, “böyük əksəriyyət” təşkil etməyib əhalinin yarısından bir az çoxunu təşkil edirdi [yenə orada].

Rusiya İmperiyasının süqutundan sonra görün nələr baş verdi. “Kommunist” qəzeti 1920-ci il 20 iyul tarixdə qeyd edirdi: “Daşnaksütyun” partiyasının timsalında Ermənistan hökuməti Zəngəzuru və digər qəzaları müsəlman elementlərdən təmizləməklə sırf erməni əraziləri yaratmağa çalışırdı …

Nəticədə 1921-ci il siyahıyaalmaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində Sarkisyanın iddia etdiyi kimi 350.000 – 360.000 deyil, 135.591 nəfər yaşayırdı. Bu saydan 94,4% -i həqiqətən də ermənilər təşkil edirdi. Beləliklə, 1914-cü ildə 77.000-dən çox müsəlmandan cəmi altı il sonra 7.593 nəfər qaldı. Qalanları qovuldu və ya məhv edildi. Bu səbəbdən də Sərkisyan 1914-cü il deyil, 1921-ci il üçün Dağlıq Qarabağdakı ermənilərin və müsəlmanların faiz nisbətini səsləndirir.

“O zaman Şuşa 60.000 sakini olan böyük bir şəhər idi, əhalinin əksər hissəsini ermənilər təşkil edirdi “

Bu, yalandır.

Şuşa qəza administrasiyasının 1 yanvar 1914-cü il tarixinə olan məlumatlarına görə, Şuşa şəhərinin əhalisi 42.568 nəfər təşkil edirdi: bunlardan 22.416 nəfəri ermənilər (52,6 %), 18.890 nəfəri isə müsəlmanlar (44,4%) idi.

“Bakinski Raboçiy” qəzetinin qeyd etdiyi kimi, “daşnaklar 23 mart 1919-cu ildə, demək olar ki, eyni sayda erməni və müsəlman əhalisinin yaşadığı Şuşa şəhərinə hücum etdilər …”. Nəticədə 1921-ci ilə yaxın sakinlərin sayı (1914-cü ildə 42.568 nəfərdən) 9.223 nəfərə qədər azaldı.

1923-cü ildə Dağlıq Qarabağın inzibati mərkəzi Xankəndinə (daha sonra Stepanakert adlandırıldı) köçürüldükdən sonra erməni əhalisinin Şuşadan axını başladı. Dağlıq Qarabağın digər yerlərində qalan azərbaycanlılar, əksinə, bu şəhəri bölgədəki tarixi mərkəzi hesab edərək Şuşaya köçməyə başladılar. Bunun da nəticəsi olaraq “1925-1926-cı illər üçün Azərbaycan SSR Hökumətinin Hesabatı” nda Şuşa şəhərində “əsasən türklər”in yaşadığı qeyd edilirdi. 1927-ci ildə Moskvada nəşr olunan bələdçi məlumat kitabçasında Şuşada “təqribən 10.000 sakin (müstəsna olaraq müsəlmanlar)” olduğu bildirilirdi.

Növbəti iki onillikdə şəhər əhalisinin sayı azalmaqda davam edirdi: 1939-cu ildə onların sayı 5.424 nəfər idi [1959-cu il Ümumittifaq Əhali siyahıyaalınmasının nəticələri – Azərbaycan SSR. Moskva, 1963. s.15]. Lakin Ikinci Dünya Müharibəsindən sonra şəhərin əhalisi tədricən artmağa başladı və 1959-cu ildə 6.117 nəfər təşkil edirdi [yenə orada].

Lakin etnik tərkib artıq dəyişmirdi: 1989-cu il siyahıyaalınmasına görə, Şuşada 17.000 nəfər yaşayırdı ki, bunların da 98% -i azərbaycanlılar idi.

Beləliklə, Şuşa heç vaxt “60.000 sakini olan böyük şəhər” olmamış və ХХ əsrin əksər hissəsi ərzində ermənilər orada çoxluq təşkil etməmişlər.

“200.000-dən çox insan çıxıb getmişdi” (Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətindən)

Bu, yalandır.

ХХ əsrdə Dağlıq Qarabağ muxtariyyətinin əhalisinin dinamikası aşağıdakı kimi idi:

Bu cür dinamika ilə sovet dövründə 200.000 insanın Dağlıq Qarabağdan getməsindən necə danışmaq olar – bu, aydın deyil.

image_pdfimage_print