Şuşanın füsunkar gözəlliyi: rus yazıçısı Vasiliy Sidorov şəhəri necə təsvir edirdi – Qarabag
Şuşanın füsunkar gözəlliyi: rus yazıçısı Vasiliy Sidorov şəhəri necə təsvir edirdi

1897-ci ildə rus yazıçısı Vasiliy Sidorov Qafqaza özünün səyahəti haqda xatirələrini dərc etdi. Kitabda Azərbaycanın Şuşa şəhəri haqqında maraqlı faktlar verilir. Qarabag.com Sidorovun şəhərin gözəlliyini və şuşalıların həyatını necə təsvir etməsi haqda material hazırlayıb. 

Nuxada olarkən (indi Azərbaycanın Şəki şəhəri) yerli əhalinin bir çoxu Sidorovu bu şəhərə aparan yollarda onu gözləyən təhlükə səbəbindən Şuşaya getməməyə inandırırdılar. Sidorovun yazdığına görə, onu Şuşaya getməkdən çəkindirirdilər, çünki şəhərə gedən yolda quldurluq halları tez-tez baş verirdi. Qarabağın ən məşhur quldurları, eyni zamanda, xalq qəhrəmanları Qaçaq Nəbi və Qaçaq Alı idi. Çarlıq dövründə hökumətin zülm və ədalətsizliyinə dözməyərək, həbsdən və ya sürgündən qaçan adama qaçaq deyirdilər. Onlar hakimiyyət başında duranlara qarşı mübarizə aparırdılar və yoxsullara kömək edirdilər. O vaxtlar Şuşaya dəstələr şəklində gedirdilər, çünki tək qruplar birgə qruplardan daha çox quldurluğa məruz qalırdılar. Sidorov Şəkidən çıxarkən ona bir molokanlı əgər hücum edərlərsə, “nəyi varsa hər şeyini” dərhal onlara verməyini və quldurlara müqavimət göstərməməyini məsləhət gördü. Lakin bütün təhlükələrə baxmayaraq, Sidorov Şuşanı görmək niyyətində sarsılmaz idi. Müəllif öz mülahizələrində göstərir ki, bütün təhlükələrə baxmayaraq, məhz bu şəhərin gözəlliyi haqqında hekayələr oraya getməyə və Şuşanı öz gözləri ilə görməyə məcbur etmişdir.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 231-232]

Şuşaya gedən yolda onun yol yoldaşlarından biri olan erməni onunla Qarabağın tarixi haqqında belə bir məlumatı paylaşdı:
“Əvvəllər bu xanlıq Qarabağ adlandırılırdı, Şuşa isə Pənah-abaz (daha dəqiq Pənah-abad) adlandırılırdı. Farsların bu alınmaz şəhəri necə ələ keçirmələri sadəcə başa düşülən deyil.”
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 235-236]

Sidorov Ağdam şəhərindən keçən zaman onu aşağıdakı kimi təsvir edir:
“Bir neçə gün əvvəl yoldan keçənlərin quldurlar tərəfindən qətlə yetirildikləri torpaqlı və çox təhlükəli dərələrdən keçərək, biz, səs-küylü bazarı və başdan-başa üzüm tənəklərinə sarılmış nəhəng tut bağları ilə olan Ağdam kəndinə daxil olduq”. 
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 238]

Artıq get-gedə dilicanla (keçmişdə dördtəkərli poçt, ya minik arabası) Şuşaya yaxınlaşaraq V. Sidorov yazırdı: “Ətrafdakı dağlar divar kimi ucalırdı, bəziləri bıçaqla dəqiqliklə kəsilmişdi, digərləri fantastik qəsrlər şəklini almışdı uzaqda isə, ən yüksək dağda dumanlı şəkildə Şuşanın qalalarının konturları görünürdü.

-Yəni biz, doğrudanmı, ora qalxacağıq? – deyə, mən bu buludlardan yuxarıdakı yüksəkliyə baxaraq ucadan qışqırdım.
-Hə, qonşu cavab verdi, Şuşa oradadır və indi dağların içərisindən çapılmış məşhur yoxuş başlanacaqdır.

Sonuncu Xocalı stansiyasının arxasından biz doğrudan da nəzərəçarpacaq dərəcədə qalxmağa başladıq və Şuşaya qədər bütün 231\4 verst belə heyrətamiz və müəmmalı yolla dağa doğru sürünürdük ki, onu yada salanda adamın başı hərlənir… Əsgəran vadisinin bir tərəfindən dağlar Qatıq və Tərnavazın zirvələrini ucaltmışdı, yol boyunca uzandığı səs-küylü axının yanında isə gah qədim qarağacların kölgəsində darvazaların tağıyla Süleyman xanın böyük karvansarayları, gah da piramida şəkilli qovaq ağacları ilə əhatə olunmuş pəncərələr əvəzinə qara deşiklərlə dolu, əvvəlki xanlığın hansısa ağ binalarının qalıqları və xarabalıqları qarşımıza çıxırdı… Bir yerdə yolçular, qayalardan qopan və dərin qara vadiyə tökülən Daşaltı çayının gözəl şəlaləsinə işarə etdilər. Xırda qırışıqlı, qəmgin və tənha qayalar bizi əhatə edirdi, biz isə getdikcə daha da yuxarıya dırmaşırdıq və hər addımımızda hər tərəfə heyrətamiz mənzərələr açılırdı”. 
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 239-240]

Müəllif tərəfindən Şuşaya gedən yolda onun qarşılaşdığı aşağıdakı yaşayış məntəqələri qeyd olunur: Xan-Tyəndi (Xankəndi), Daşkənd və Şuşu-kənd (Şuşakənd). Daha sonra Şuşaya gəlib çatdıqda Sidorov onun haqqında özünün ilk təəssüratlarını yazır:
“Biz hamımız elə hey dağa doğru sürünürük və yolun isə hələ də sonu yoxdur. Neçə dəfə adama elə gəlirdi ki, bax bu dağı dolanıb şəhərə çatacağıq, amma Şuşa hələ də uzaqlarda, hansısa əlçatmaz yüksəklikdə görünürdü. Nəhayət, çöllük və kimsəsiz ərazidə xaotik şəhər kənarında olan qəbiristanlıq göründü. Sanki onları göydən kimsə yerə salıb və onlar da necə gəldi düşmüş kimi tatar abidələri yığını gözəl bir mənzərə yaradırdı. İrəlidə dağların dişlərində, gah uçurumların dərinliklərinə qaçan, gah da zirvələrə qalxan qala divarları göründü. Şəhərin darvazalarından biz gecənin zülmətində girdik və dəhşətli dərəcədə daşlarla döşənmiş küçədə silkələndik. Həyatımda heç vaxt nə Kürmükün daş yatağında, nə Uralın bulaqlarında, nə də Sibirin iri daşlı yolları boyunca mən belə təkanlar yaşamamışam. Sanki elə bil qəsdən ən uyğun olmayan ölçüdə daşları götürüblər və onları küçələrə düzüblər. Şuşanın bu dar, qaranlıq və üfunətli küçələrində hansısa daş yığınlarının çuxurlarından mənim halım daha da pisləşdi. Bizi qaranlıq, tamamilə işıqlandırılmayan meydanda düşürdülər”.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 239-240-241]

Şuşada olarkən V. Sidorov Şuşanın Azərbaycan və erməni məhəllələrini müqayisə edir. O, həmçinin Şuşada əhalinin sayının 26.086 nəfər olduğunu qeyd edir.
“Mən 5,076 fut hündürlükdə dağlar üzərində yerləşən şəhərin gəzintisinə çıxdım, onun döngələrinə, şəhərin zəif işıqlandırılması səbəbindən şəhər əhalisinin axşamlar gəzməyə cəsarət etmədikləri və evdə oturmağa üstünlük verdikləri, onun daşla döşənmiş inanılmaz dərəcədə çirkli küçələri ilə gəzintiyə yollandım. Özünün kiçik maraqlı monastırları, ilahiyyat seminariyası, kiçik ağ evləri, dik küçələri və döngələri ilə şəhərin erməni hissəsi çox az maraq kəsb edir və əgər nəsə diqqətə layiq bir şey varsa, bu, da yeni kilsə və ətrafa açılan mənzərələrdir. Ətrafa, uçurumlara, dərələrə və uçurumlara tökülən bulaqlara, Şuşanın arxasından qayalarla dolaşaraq Görusa (böyük ehtimalla Qoris şəhəri, indiki Ermənistan) və Cəbrayıla gedən yola açılan mənzərələr həqiqətən də füsunkardır. Şəhərin tatar hissəsi, onun daşla döşənmiş küçələrinin daha dəhşətli, küçələrdəki üfunətin və çirkin daha da pis olmasına baxmayaraq, çox mənzərəlidir. Tatar Meydanı daha da canlıdır və onun arxasından üstündə aypara ilə olan iri, rəngarəng kirəmitli günbəzin göründüyü iki qəddi-qamətli və qeyri-adi zərifliyə malik minarə ilə olan füsunkar rəngbərəng məscid bəzəyir. Bu məsciddə fanatik tatarlar və farslar Hüseyn və Əlinin xatirəsini qeyd edirlər, burada dini ekstazın qızğın çağında bıçaqlarla və qılınclarla özlərini döyən, dini himnlərin oxunması zamanı bədənlərinə işgəncə verən və yaralarından sel kimi axan qanın meydanın daşlarına tökərək özlərinə iztirablar verənlərin vəhşi yürüşü keçir. Elə buradaca özünü bağı və eyvanları olan, xarici görünüşü ilə az maraq doğuran, indi keçmiş hökmdar xanın qızına məxsus olan xan sarayı yerləşir”.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 240-241; 651]

Şuşanı tərk edərkən V.Sidorov Şuşa və Zəngəzur qəzasının ətraflarındakı kurqanların qazıntılarından tapılmış çoxlu sayda qədim oxları, tunc əşyaları, zinət əşyalarını, qabları, vazaları və digər əşyaları ona göstərmiş yerli arxeoloq, əslən alman olan müəllim Ressler ilə görüşdü.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il., səh. 246]

image_pdfimage_print