Opera müğənnisi, aktyor Əli Əbdül oğlu Zülalov 13 sentyabr və ya 1893-cü ilin martında, aprelində Şuşa şəhərində anadan olub. O, azərbaycanlı xanəndə Bülbülcanın qardaşı oğlu idi.
[Z.Zülalov. Azərbaycan operasının fədailəri. 2008-ci il., səh 177]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il, səh. 106]
[Azərbaycanın teatr ensiklopediyası. Üç cilddə. I cild. 2016 il., səh. 362]
1898-ci ildə Əli Zülalovun atası ermənilər tərəfindən başı kəsilərək qətlə yetirilir. Bir müddət sonra Əlinin ailəsi Aşqabad şəhərinə (Türkmənistan) köçmək məcburiyyətində qalır. Daha sonra Əli Şuşaya qayıdır və burada başmaqçı köməkçisi işləyir. Sonralar Əli Zülalov xatırlayırdı:
“Mənim 5 yaşında ikən, atamı qətlə yetiriblər. 4 il Aşqabadda əminin (Bülbülcan) himayəsi altında yaşamışam. 9 yaşımda yenidən Şuşaya qayıdıb çəkməçi köməkçisi işləmişəm”.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 18;26;35]
1914-cü ildə (1916) Əli Bakıya gedir və qohumları olan Vəlixanovların istehsalat mağazasında işə düzəlir.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 27;87]
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
Əli Zülalov Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovdan dərs alıb. Onun tərbiyəsində və xanəndə-aktyor kimi formalaşmasında Bülbülcan böyük rol oynayıb. 1917(1925)-1952-ci illərdə Əli Zülalov Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib. Lakin 2016-cı ilin “Azərbaycanın teatr ensiklopediyası” kitabında qeyd olunur ki, Zülalov 1917-ci ildə Şuşada səhnə fəaliyyətinə başlayıb, 1920-ci illərin əvvəlindən 1925-ci ilədək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının musiqili tamaşalarında çıxış edib.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh. 22;39;86-87]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
[Azərbaycanın teatr ensiklopediyası. Üç cilddə. I cild. 2016 il., səh. 362]
1920-1921-ci illərdə Əli Zülalov Azərbaycanın müxtəlif rayonlarında qastrol konsertləri verib.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh. 81;90]
1935-ci ildə (1936-cı ildə) indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirib.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh. 81]
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
Əli Zülalovun qızı – Solmaz xanımın xatirələrinə əsasən, 1930-cu illərdə Stalin repressiyaları dövründə onun atasını həbs etmyə cəhd ediblər.
“Anamın dediyinə görə, 1937-ci ildə atamı həbs etmək istəyiblər. Deməli, bir gecə atam səhərə yaxın evə gəlib çıxıb. Anam çox narahat olub. Nəhayət, atam gələndə rəngi ağappaq imiş, məlum olub ki, onu NKVD-də (XDİK – Xalq Daxili İşlər Komissarlığı) çağırıblarmış. Bu hadisədən sonra atamın ürəyi ağrımağa başlayıb. (O zaman) adamları həbs etdikdən sonra döyüb əzab verirdilər, sonra da nəyə lazımdırsa qol çəkdirirdilər. Atam məğrur adam idi, ona görə də heç bir sənədə qol çəkməmişdi və heç bir orqanla əməkdaşlığa razı olmamışdı”.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 37-38]
Əli Zülalov Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Ehsan Paşa partiyasını ifa edən ilk müğənni idi. O, həmçinin rus bəstəkarı Reynqold Qliyerin “Şahsənəm” operasında (Hacı Əhməd) və azərbaycanlı bəstəkarların aşağıdakı operalarında çıxış edib: Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” (Şahvələd), Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (Leylinin atası), Müslim Maqomayevin “Şah İsmayıl” (Əbu Həmzə) və “Nərgiz” (Molla Mütəllim).
“Nərgiz” operasında Mütəllim obrazının necə yaranması barədə daha bir hadisə: “Müslim Maqomayev onların (Zülalovların) evində olub və bir dəfə Zülalovun necə namaz qıldığını görür, və beləliklə Molla Mütəllim obrazını məhz onun üçün yazmağı qərara alır”. Doğrusu, Əli Zülalov hətta dahi bəstəkardan bir qədər inciyir və heç bir vəchlə molla rolunu ifa etməyə razılaşmır. Lakin, nəticədə o, əlbəttə ki, bu rolu oynayır, həm də ancaq Bakıda deyil, həm də Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin ongünlüyü zamanı (1938-ci il)”.
Molla Mütəllim obrazı SSRİ-nin o dövrdəki rəhbəri olan İosif Stalinin çox xoşuna gəlir. Tamaşa zamanı o deyir:
“Gör, o (Əli Zülalov) mollanı necə də yaxşı təqlid edir”. Əli Zülalov bu rola görə “Şərəf Nişanı” ordeni ilə təltif olunur.
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 60;81-83;85:94]
Əli Zülalovun qızı, pedaqoq Zemfira Zülalovanın 2008-ci ildə nəşr olunan “Azərbaycan milli operasının fədaisi” kitabında qeyd olunur ki, Əli Zülalov azərbaycanlı opera müğənnisi, aktyor Əhməd Ağdamskidən sonra teatrda ən yaxşı qadın rollarının ifaçısı olub. Əli Zülalov həmçinin, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasında Gülçöhrə partiyasının ən yaxşı ifaçılarından biri idi.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 81]
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
23 fevral 1940-cı ildə Əli Zülalova Azərbaycan SSR əməkdar artisti adı verilib.
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 97]
[Azərbaycanın teatr ensiklopediyası. Üç cilddə. I cild. 2016 il., səh. 362]
Böyük Vətən müharibəsi illərində (1941-1945) Əli Zülalov azərbaycanlı tarzən Qurban Primovun müşayiəti ilə dəfələrlə cəbhədə əsgərlər qarşısında çıxış edib. Bu xidmətlərinə görə o, “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008-ci il., səh 85]
Əli Zülalov 10 yanvar (18 fevral) 1963-cü ildə vəfat edib.
[Z.Zülalova. Azərbaycan milli operasının fədaisi. 2008 il., səh. 39]
[“Vışka oil” qəzeti №44 (20411)19-25.11.2021 il., səh.11 (“Vışka” qəzetindən məqalə №13. 2002]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]
[Azərbaycanın teatr ensiklopediyası. Üç cilddə. I cild. 2016 il., səh. 362]