Qarabag.com bunu anlamağa cəhd etdi: müasir ermənilərin ya azərbaycanlıların əcdadları 1828-1830-cu illərdə Rusiya imperiyasının hakimiyyəti illərində İran və Türkiyədən ermənilər kütləvi surətdə Qarabağa köçürülməzdən əvvəl həqiqətən bu ərazidə üstünlüyə malik olublar.
Azərbaycan və Ermənistan elmi cəmiyyəti nadir istisnalarla bu münaqişədə təbliğat vasitələrindən birinə xidmət etdiyinə görə biz hər iki tərəfin müasir akademik əsərlərinə məhəl qoymadıq. Bizim əsas mənbələrimiz – rus səyyahlarının, tarixçilərinin, XIX-XX əsrin əvvəllərindəki publisistlərin, Rusiya rəsmi sənədləri və sübutlarıdır. Yalnız ayrı-ayrı hallarda biz 1988-ci ildə münaqişə başlayana qədər öz elmi əsərlərini dərc etmiş sovet dövrünün ən nüfuzlu erməni tədqiqatçılarının əsərlərinə müraciət edirdik. Və topladıqlarımız bunlar idi:
Qədim qarabağlılar kim idi
“Eramızdan əvvəl I əsrin ikinci yarısında Albaniyanın Artsax vilayəti Ermənistan tərəfindən işğal olundu. Ermənilərin hökmranlığı IV əsrin sonuna qədər (400 ildən çox) davam etdi.
…Sərhədyanı ərazi kimi Artsaxdakı erməni çarlarının hakimiyyəti əvvəlcə yalnız hərbi gücə əsaslanırdı.
…Erməni çarı Artsax camaatına qarşı mübarizənin ən dəhşətli və qəddar üsullarından istifadə edirdi ki, onlar yenidən öz müstəqilliyi uğrunda mübarizə aparmağa cürət etməsinlər…
Hakim Ermənistan sinfi daha bir tədbirə – Artsax əhalisinin erməniləşdirilməsinə əl atmaq qərarına gəldilər.Bunun üçün Artsaxda xüsusi erməni koloniyaları təşkil edildi… Ermənilərin Artsaxa köçürülməsi və koloniyaların təşkili sonrakı illərdə də davam edirdi”.
[A. Arakelyan Qarabağ Rusiya çarizmi tərəfindən işğal edilməzdən əvvəl / / Tarix jurnalı, №2 1938. Səh. 69-70]
Qarabağın alban əhalisinin erməniləşdirilməsinin digər vasitəsi xristianlığın təbliğatı idi.
“ Xristian dininin təbliğatçıları erməni çarı III Böyük Tiridatın (287-332-ci illər) dövründən başlayaraq Ermənistana tabe olan Artsax, Utik və Balasakan kimi Alban vilayətlərinə göndərilirdi.
…Erməni Arşakidləri xristianlıqdan ölkədə öz siyasi mövqelərini möhkəmləndirmək üçün istifadə edərək xristian missionerlərini onlaara tabe olan Albaniya vilayətlərinə göndərirdilər“.
[SSRİ-nin tarixi haqqında oçerklər: SSRİ ərazisində III-IX əsrlərdə quldarlıq sisteminin böhranı və feodalizmin yaranması. SSSR Elmlər Akademiyasının Nəşriyyatı Moskva, 1958. Səh. 323, 326]
“Aqvaniyada (Albaniyanın erməni adı) kilsə eyni zamanda ölkənin erməniləşdirilməsi üçün bir vasitə kimi xidmət edirdi…“.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 8]
Qarabağ sakinlərinin bir qismi “ erməni dini kilsəsinə qoşuldular və ermənilərlə assimilyasiya edildilər“.
[A. İoannisyan Erməni azadlıq düşüncəsinin tarixinə dair oçerklər. İrəvan, 1957 Т. I, səh. 130]
Buna baxmayaraq: “Qarabağ heç vaxt erməni mədəniyyət mərkəzlərinə məxsus olmayıb. Kilsə, Sünikdə göstərə bildiyi mədəni təsiri ermənipərəst Aqvaniya xalqları arasında göstərə bilmirdi…“.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 13]
“IV əsrdə Ermənistanın iqtisadi və hərbi qüdrəti xeyli zəiflədi… Ermənistan Artsax üzərində 400 ildən çox davam edən hökmranlıqdan sonra ondan imtina etmək məcburiyyətində qaldı. Artsax Ermənistandan azad olaraq yenidən Albaniyanın hakimiyyəti altına keçdi”.
[A. Arakelyan Qarabağ Rusiya çarizmi tərəfindən işğal edilməzdən əvvəl / / Tarix jurnalı, №2 1938. Səh. 70-71]
Eramızın ilk əsrlərində Qarabağın etnik tarixini daha dəqiq anlamaq üçün yalnız albanların kim olduğunu aydınlaşdırmaq lazımdır:
“Azərbaycan türklərinin böyük bir hissəsi qədim Aqvaniyanın müxtəlif xalqlarının türklərdən olan törəmələridir“.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 14]
“Etiraf etmək lazımdır və bunu dəfələrlə tədqiqatçılar qeyd etmişlər ki, Qafqaz alban tayfaları Azərbaycan xalqının etnogenezində və formalaşmasında mühüm rol oynamışlar“,-deyə nüfuzlu Rusiyalı qafqazşünas Əlikbər Əlikbərov qeyd edir.
[Ə. Əlikbərov Qafqaz Albaniyası və ləzgi xalqları: aktual problemlər, yeni diskurslar // Albania Caucasica, Moskva 2015. Səh. 21]
Qarabağlılar necə müsəlman və türk oldular
“Ərəb hökmranlığı dövründə Albaniyada böyük əhəmiyyətli hadisə baş verdi: ölkənin xeyli hissəsinin, o cümlədən Artsax ovalığının əhalisi ərəblərin təsiri altında müsəlmanlığı qəbul etdilər(islam). Nəticədə, Ermənistanla Albaniya arasında, xüsusilə Artsax ərazisində sonrakı mübarizə iki rəng aldı: milli və dini“.
[A. Arakelyan Qarabağ Rusiya çarizmi tərəfindən işğal edilməzdən əvvəl / / Tarix jurnalı, №2 1938. Səh. 72]
“Ərəb hökmranlığının bərqərar olduğu vaxt (VIII əsrin əvvəlləri) … Albaniyanın Artsax vilayətinin əhalisi və Utik vilayətinin əhalisinin xeyli hissəsi artıq ermənilər tərəfindən assimilyasiyaya uğramışdı…“.
[SSRİ-nin tarixi haqqında oçerklər: SSRİ ərazisində III-IX əsrlərdə quldarlıq sisteminin böhranı və feodalizmin yaranması. SSSR Elmlər Akademiyasının Nəşriyyatı Moskva, 1958. Səh. 328]
X əsrdə ərəb coğrafiyaşünası və səyyahı əl-Məsudi yazırdı: “Arrana (ərəblər Albaniyanı belə adlandırırdılar) məxsus Əbu-Musa (Qarabağ) dağlarında Arran tayfaları məskunlaşıblar“.
[Azərbaycanın tarixi coğrafiyası. Azərbaycan SSR Elmlər Akademiyası. Bakı, 1987. Səh. 48]
XI əsrin sonunda Qarabağ Səlcuqlara tabe oldu. O vaxtdan bəri bu torpaqlar artıq daim Türk tayfa birliklərinin və dövlət qurumlarının hərbi-siyasi fəaliyyət sahəsi oldu. Nəticədə burada türklərin məskunlaşması və tədricən albanlarla qarışması baş verdi. 1928-ci ildə Dağlıq Qarabağın erməni kəndlərini tədqiq edən görkəmli sovet şərqşünası İlya Petruşevski albanların hətta əvvəllər erməniləşmiş nəsillərinin də türkləşdirilməsindən yazırdı.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 39]
“Türk köçəri tayfaları Kür-Araz ovalığının qış otlaqlarında möhkəmləndikcə, qədim Albaniyada aborigen əhalinin müsəlman hissəsi gəlmə türk tayfaları tərəfindən assimilyasiyaya uğradı. Müasir Azərbaycan xalqı belə yaranmışdı“.
[SSRİ-nin tarixi haqqında oçerklər: SSRİ ərazisində III-IX əsrlərdə quldarlıq sisteminin böhranı və feodalizmin yaranması. SSSR Elmlər Akademiyasının Nəşriyyatı Moskva, 1958. Səh. 330]
Orta əsr türk tayfalarının xatirəsi hələ uzun müddət Qarabağ toponimikasında qalıb. Məsələn, Yelizavetpol (Gəncə) quberniyasının Cavanşir qəzası Qarabağ xanlığının banisinin mənsub olduğu Oğuz tayfası Cavanşirin şərəfinə adlandırılıb. Onun 55 kənddən ibarət olan qərb hissəsi 1924-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edilmişdir. Adı erməni dilinə dəyişdirildi və Caraberd rayonu kimi adlandırılmışdır.
[1850-ci ildə Qafqaz Canişinin dəftərxanasında dərc edilmiş Qafqaz təqvimi. Tiflis, 1849. Səh. 94; İ. Petruşevksi P. XVI əsr – XIX əsrin əvvəlində Azərbaycan və Ermənistanda feodal münasibətlərinin tarixinə dair oçerklər. Leninqrad, 1949. Səh. 48; Q.A. Koçeryan Dağlıq Qarabağ Azərbaycanın tədqiq olunması və öyrənilməsi cəmiyyəti. Bakı, 1925. Səh. 8;
Həmin Cavanşir qəzasında adını eyniadlı türk qəbiləsindən almış “Tatar kəndi” Karagözlü mövcud idi.
[V.V. Bartold Т. VII. İranın tarixi coğrafiyası və tarixinə dair əsərlər. Moskva, 1971. Səh. 502]
Gəlmələrin və Qarabağ ermənilərinin antaqonizmi
Qarabağda türklərdən başqa, erməni kolonistləri tərəfindən assimilyasiya edilmiş albanların nəsilləri də yaşamağa davam edirdilər. Şərqşünas Petruşevski onları “Aqvaniya xalqlarının erməniləşmiş nəslindən olan” adlandırırdı.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 13]
Əsrlər keçsə də, bu Qarabağ “erməniləri” ilə son orta əsrlərdə İrandan buraya köçmüş ermənilər arasında aydın fərqlər qalmaqda davam edirdi. Miqrantlar ayrı-ayrılıqda məskunlaşırdılar. Petruşevskinin qeydlərinə görə, eyni İran bölgəsindən gələn şəxslər adətən birlikdə məskunlaşırdılar. Hətta onların kəndləri də albanların yerli erməniləşmiş nəslinin yaşayış yerlərindən fərqlənirdi. Buna misal olaraq, Dağlıq Qarabağın iki kəndini – Zamzur və Canyataq kəndlərini göstərmək olar. Onlar İrandan olan erməni köçkünləri tərəfindən yaradılıb. Petruşevskinin sözlərinə görə, bu XVII əsrin ikinci yarısında baş verib. Tədqiqatçı bu kəndlərdən birini ziyarət etdikdən sonra “Zamzurun xarici görünüşcə də digər kəndlərdən fərqləndiyini” qeyd etmişdir. Üstəlik, “yerli bir keşişin qayınatası, yüz on beş yaşlı qoca” Zamzur sakinlərinin Qaradağdan (İranın şimal-qərbindəki tarixi bölgə) köçənlərin nəsillərindən olduğunu hələ də xatırlayırdı.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 22]
İran ermənilərinin ilk nəsilləri ilə erməniləşdirilmiş albanlar arasında antaqonizm necə olmalı idi, hətta təxminən 300 il sonra miqrantların nəslindən olanlar da onların gəlmə olduqlarının yadlarında saxlayırdılar.
Türk-erməni simbiozu
XVIII əsrdə və XIX əsrin ilk onilliklərində ermənilərin 1828-1830-cu illərdə İran və Türkiyədən Qarabağa kütləvi surətdə köçürülməsinə qədər türklər və Qarabağ erməniləri bir-biri ilə sonrakı dövrlərdən daha yaxşı münasibət qurdular.
Ən azından hakim zadəganlar arasında qarışıq nikah halları da var idi. Belə ki, Rusiya imperiyasının daxili İşlər Nazirliyi Şurasının üzvü Pyotr Butkov arxiv sənədlərinə əsaslanaraq bildirmişdi ki, XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan erməni knyaz-məliklərindən biri Şahnazarın qızı ilə evləndi. Üstəlik, 20 il ərzində türklər və ermənilərin bu rəhbərlərinin hər ikisi ən yaxın hərbi və siyasi müttəfiqlər idilər.
[P.Q.Butkov 1722-ci ildən 1803-cü ilə qədər Qafqazın yeni tarixi üçün materiallar; Sankt-Peterburq, 1869. Т. I, səh. 386]
Bəlkə də, artıq o vaxt Qarabağın bəzi yerlərində türklər və ermənilər bir yerdə yaşayırdılar. Ən azından, belə bir vəziyyəti, demək olar ki, 70 il sonra, bu bölgənin ilk statistik araşdırmasına cavabdeh olan və toplanan məlumatları 1823-cü ilin aprelində “Qarabağ vilayətinin təsviri” hesabatı şəklində təqdim edən iki rus məmuru tapdı. Sənəddə qarışıq türk-erməni əhalisi olan kəndlərdən bəhs olunur: Xocaqan, Hacıllı, Ucanis.
[1823-cü ildə Gürcüstanın Baş Qubernatoru Yermolovun əmri ilə həqiqi dövlət müşaviri Moqilevin və Polkovnik 2-ci Yermolov tərəfindən tərtib edilmiş Qarabağ vilayətinin təsviri. Tiflis, 1866]
1828-1830-cu illərdə İran və Türk ermənilərinin kütləvi miqrasiyası başlanmazdan əvvəl Qarabağda tədricən formalaşan hər iki etnik qrupun simbiozundan bəhs edən inancların ümumiliyi də özünü göstərir. Yüz ildən çox müddətdən sonra hələ də qorunub saxlanılır. Bu barədə Petruşevski 1928-ci ilin yayında Qarabağda apardığı etnoqrafik tədqiqatının nəticələrinə əsasən yazıb:
“Qarabağlı kəndlilərin və onların türk qonşularının – oturaq və yarımköçəri – inancları ümumiyyətlə oxşardır. Onların quruluşu, əhəmiyyətli dərəcədə terminologiyası, ziyarətgahları, mədəniyyətləri – ortaqdır.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 14]
Müəllif həm türklər arasında, həm də ermənilər arasında müsəlman müqəddəs Sarı-bekə sitayişin geniş yayıldığını təsvir edir. Petruşevski təəccübləndi: “ermənilər müsəlman müqəddəsə ehtiram göstərməkdən heç də çəkinmirdilər”. Eyni şey Hadrutdan bir qədər aralıda yerləşən Şahah ziyarətgahı üçün də səciyyəvidir. Tatev və Qandzasarda köçəri türklər xristian ziyarətgahlarında ermənilərdən çox ibadət edirdilər. Arakül kəndi yaxınlığındakı Müqəddəs Ağ Oglan dağına, Tatev rayonundakı Ziarət Öquza olduğu kimi “Türk və erməni kəndliləri böyük ehtiram” göstərirdi.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 23, 25-26, 30-31, 37-38]
“Biz erməni və Türk kəndlilərinin inanclarının, demək olar ki, tam eyniliyinin şahidi olduq“.
[İ. Petruşevski Dağlıq Qarabağ kəndlilərinin xristianlıqdan əvvəlki dini etiqadları haqqında. Bakı, 1930. Səh. 42]
Türklər və ermənilər: Kim daha çox idi
Qarabağ xanlığında türklərin və ermənilərin (erməniləşdirilmiş albanların nəslindən olanlar da daxil olmaqla) say nisbəti ilə bağlı ilk statistik məlumatlar Rusiyanın regionda fəal ekspansiyasının başlanması vaxtlarına aiddir.
Hələ bu xanlığın Rusiya imperiyasına rəsmi daxil edilməsindən iki il əvvəl, 19 iyul 1811-ci ildə daxili işlər naziri Osip Kozodavlevin “Gürcüstanın və Qafqazın bir sıra digər vilayətlərinin təsviri ilə” xidməti qeyd tərtib olunmuşdu. Orada bildirilirdi:
“Qarabağ ərazisində 12 min ailəyə qədər əhali, o cümlədən 2500 ailəyə qədər ermənilər, qalanları isə tatarlar və ya məhəmmədlilər (müsəlmanlar) olduğu hesab olunur”.
[Şərqi Ermənistanın Rusiyaya birləşdirilməsi. Sənədlər toplusu. Т. I (1801-1813. Ermənistan SSR Elmlər Akademiyasının Nəşriyyatı. İrəvan, 1972. Səh. 562]
Qarabağın Rusiya Dövlətinə rəsmi şəkildə daxil edilməsindən on il sonra iki məmur keçmiş xanlığı gəzərək, 17 aprel 1823-cü ildə “Qarabağ vilayətinin təsvirini” rəhbərliyə təqdim etdilər. Müəlliflərin vəzifəsi yerli əhalinin sayını və xanlıq dövründə ödənilən vergilərin məbləğini müəyyən etməkdən ibarət idi. Bu əsasda Qarabağda Rusiya vergilər sisteminin yaradılması planlaşdırılırdı. Bununla yanaşı, hesabatda hər bir kəndin etnik mənsubiyyəti və orada yaşayan ailələrin sayı da qeyd edilib. Bu, əhalinin ümumi etnik tərkibini hesablamağa imkan verir. Belə ki, 600 kənddən 450-si “tatar” (yəni türk), 150-si isə erməni kəndləridir. Onlarda 20.095 ailə yaşayırdı: 15.729 (78.3%) – “tatar”, 4.366 (21.7%) – erməni.
[1823-cü ildə Gürcüstanın Baş Qubernatoru Yermolovun əmri ilə həqiqi dövlət müşaviri Moqilevin və Polkovnik 2-ci Yermolov tərəfindən tərtib edilmiş Qarabağ vilayətinin təsviri. Tiflis, 1866]
Bu sənədlərin hər ikisi Qarabağın tarixi üçün xüsusi əhəmiyyət kəsb edir, çünki 1828-1830-cu illərdə ermənilərin İran və Türkiyədən kütləvi köçürülməsindən əvvəl onun etnik tərkibi barədə dəqiq bir təsəvvür yaradır. Təbii ki, bu miqrasiya nəticəsində Qarabağda demoqrafik vəziyyət köklü şəkildə dəyişməyə başladı. Hər iki etnik qrupun nümayəndələri arasındakı münasibətlərin xarakteri də mənfi istiqamətdə dəyişməyə başladı.