Ömrünün 60 ilindən çoxunu Azərbaycan teatrına həsr etmiş aktrisa, Şuşada anadan olan: Məhluqə Sadıqova

Aktrisa Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində, çörəkçi ailəsində anadan olmuşdur.
[“Bakınskiy raboçiy” qəzeti. № 158 (24587) 16.08.2003-cü il, səh. 3]
[F. Hüseynova. Məhluqə Sadıqova. 1981-ci il, səh.3]
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 271]

Bakıda orta məktəbi bitirdikdən sonra Məhluqə 1935-1936-cı illərdə Qədirli adına Tibb Məktəbinin diş texniki fakültəsində təhsil almışdır. Eyni zamanda, o, məktəbin özfəaliyyət dərnəyində həvəskar aktrisa, müğənni və rəqqas kimi çıxış edirdi.
[F. Hüseynova. Məhluqə Sadıqova. 1981-ci il, səh.5-6]
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 271]

1936-1992-ci illərdə Məhluqə Sadıqova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində, 1992-2003-cü illərdə isə, Bakı Bələdiyyə Teatrında çıxış etmişdir.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 271]

Məhluqə Sadıqova 800 dəfədən çox Azərbaycan şairi Səməd Vurğunun “Vaqif” pyesində Yengə (gəlini toy günü adaxlısının evinə müşayiət edən qadın), Azərbaycan dramaturqu Cəfər Cabbarlının (“Solğun çiçəklər”) pyesində Pəri rolunu isə 400 dəfədən çox oynamışdır.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 272]

Məhluqə Sadıqova aşağıdakı pyeslərdəki rolları ifa etmişdir: Cəfər Cabbarlının Firəngiz, Nadya (“Oktay Eloğlu”), Sona (“1905-ci ildə”), Yaxşı (“Almas”), Gülüş (“Sevil”), Səməd Vurğunun Fitnə (“Fərhad və Şirin”), Azərbaycan şairi Hüseyn Cavidin Zəhra (“Şeyx Sənan”), Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin Səlimə və Şamama Cadu (“Pəri Cadu”), alman şairi Fridrix Şillerin İzabella (“Orlean qızı”), irlandiyalı romanist Bernard Şounun missis Datçen (“İblisin şagirdi”), Uilyam Şekspirin Paolina (“Qış nağılı”), italyan dramaturqu Karlo Qoldoninin Konstansiya (“Məzəli hadisə”) və s.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 272]
[Məhluqə Sadıqova. 1974-cü il, səh. 2]

Məhluqə Sadıqova uzun illər Azərbaycan radiosunda azərbaycanlı aktyor, Azərbaycan SSR-in əməkdar artisti Səməndər Rzayevlə birlikdə “Bulaq” verilişini aparmışdır.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 272]
[“Bakınskiy raboçiy” qəzeti. № 158 (24587) 16.08.2003-cü il, səh. 3]

Məhluqə Sadıqova aşağıdakı filmlərdə oynamışdır: 1965-ci ildə “Yenilməz batalyon”(mağaza sahibi), 1973-cü ildə “Mücrü”(Ana), 1974-cü ildə “Bakıda küləklər əsir”(Solmazın anası), 1975-ci ildə “Əgər biz biryerdəyiksə”(Mədinə) və s.
21 iyul 1949-cu ildə Məhluqə Sadıqovaya əməkdar artist, 10 yanvar (11) 1978-ci ildə isə Azərbaycan SSR-nin xalq artisti adı verilmişdir. Aktrisa həmçinin Bakı şəhər zəhmətkeşlər şurasının deputatı seçilmişdir.
[F. Hüseynova. Məhluqə Sadıqova. 1981-ci il, səh.22;40]
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 271]
[Məhluqə Sadıqova. 1974-cü il, səh. 2]

Məhluqə Sadıqova 15 avqust 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.
[Azərbaycan teatr ensiklopediyası. Üç cilddə. II cild. 2017-ci il, səh. 271]
[“Bakınskiy raboçiy” qəzeti. № 158 (24587) 16.08.2003-cü il, səh. 3]