Şuşanın ən qədim məscidi – Yuxarı Gövhər ağa məscidi
Qarabag.com saytı Şuşada tikilmiş sayca dördüncü məscid olan Yuxarı Gövhər ağa məscidi haqqında material hazırlayıb. Məqalədə vaxtilə indiki məscidin yerində olmuş əvvəlki üç məscid haqqında da məlumat verilib. Məqalə ilk ən qədim məscidin təsviri ilə başlayaraq xronoloji ardıcıllıqla davam edir.
Şuşadakı Yuxarı və ya Böyük Gövhər ağa məscidi (başqa adı ilə Cümə məscidi) 1883-1885-ci illərdə Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhər ağanın təşəbbüsü və şəxsi vəsaiti hesabına Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Bu, məscidin binasında yazılmış ərəb dilli yazılarla da təsdiqlənir:
“Qarabağlı memar Kərbəlayi Səfi xanın işidir. H. 1301 (=1883\84).”
“Doğrudan da Allah onun razılığından ötrü qapısına yönələn əlacsız bəndələri üçün kəramət arzulayır, cənnət məkanlı Gövhər-ağanın vəsiyyətnaməsinə əsasən (məscidin təmiri başa çatdırıldı). H. 1302-ci ildə (= 1884\85)”.
İndiki memarlıq abidəsinin yerində müxtəlif zaman kəsiklərində üç məscid inşa edilib: Pənahəli xanın məscidi, İbrahimxəlil xanın məscidi və Gövhər ağa məscidi.
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53;55]
[Ş. Fətullayev. Şuşa abidələri. 1970-ci il, səh. 6]
[Ş. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 99; 26;2 66]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il, səh. 125]
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Neymətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 164]
Şuşada ilk məscid Pənahəli xan tərəfindən Şuşa qalasının əsası qoyulan zaman inşa edilib. Məscid qamışdan (hündür bataqlıq otu) inşa edilmişdi. Məscidin tikintisində bu bitkidən istifadə edilməsi ehtimal olunan tələsikliklə izah olunur. Azərbaycanlı alim Çingiz Qacarın “Köhnə Şuşa” adlı kitabında qeyd olunur ki, bu tikili müvəqqəti xarakter daşıyırdı. Məscidin iki qapısı olduğundan xalq arasında ona “Iki qapılı məscid” adı verilmişdi.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il, səh. 122]
Azərbaycan tarixçisi Mirzə Camal Qarabağinin yazdığına görə, 1768-1769-cu illərdə Qarabağlı Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən daşdan və əhəngdən ikinci – böyük məscid (cümə məscidi) inşa edildi. Məscidin fasadında nəstəliq xətti ilə işlənmiş və 1787-1788-ci illərə aid olan növbəti iki sətirli ərəb yazısı da mövcuddur.
“Peyğəmbər dedi: – Allahın ona salam və salavatı olsun – Allaha ibadət edin! Güya sən onu (Allahı) görürsən, əgər görməsən o səni görər və “əbd”(qul) sözü üç hərfdən – “ayn”,”ba” və “dal” (hərflərindən) ibarətdir. Amma “ayn” (yəni Allah bəndəsinin) Allaha aid olan elmidir, ba isə onun başqasından fərqlənməsidir, “dal” isə onun sorğu-sualsız və pərdəsiz Allaha yaxın olmasıdır. Həqiqəti olmayan, yalan ibadət köynəyi geymək iddiasında olmaqdan şiddətli günah yoxdur (h. 1202-ci il (=1787-1788-ci illər)”.
Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir “Qarabağ tarixi” kitabında qeyd edirdi ki, Gövhər ağa köhnəlib yararsız hala düşmüş Ibrahimxəlil xanın məscidini bərpa etmiş və onu atasının vaxtında olduğundan daha gözəl görünüşə gətirmişdir.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53]
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il, səh. 122]
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il, səh. 101]
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Neymətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 163-164]
1837-1838-ci illər Gövhər ağa öz vəsaiti hesabına üçüncü məscidi – iki minarəli cümə məscidini inşa etdirdi. Ç. Qacarın kitabında məscidin tikintisinin XIX əsrin əvvəllərinə, Azərbaycan rəssamı Elturan Avalovun kitabında isə XIX əsrin birinci yarısına təsadüf etdiyi qeyd olunur. Bu Şuşada iki minarəsi olan ilk məscid idi. E. Avalovun “Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri” kitabına əsasən, minarələrin olması İbrahimxəlil xanın məscidinin yenidən qurulması deyil, yeni tikili olduğunu təsdiq edir. Azərbaycan sovet ensiklopediyasında göstərilir ki, 1865-1866-cı illərdə məscid restavrasiya edilib. Bu, məscidin binasının üzərində oyularaq həkk olunmuş Gövhər ağa vəqifnaməsinin mətni ilə təsdiqlənir.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il, səh. 123-124]
[Azərbaycan sovet ensiklopediyası. VI cild. 1982-ci il, səh. 101]
[Ş. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 266]
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Neymətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 165]
Bu (üçüncü) Gövhər ağa məscidinin təsvirləri rus rəssamı V. V. Vereşşaqinin eskizlərində verilib. Qeyd olunan rəsmlər hal-hazırda bu binanın memarlıq və bədii xüsusiyyətlərini əks etdirən yeganə tarixi mənbədir. Vereşşaqinin rəsmlərinə əsasən məscid mərkəzində günbəz olan iki mərtəbəli binadan təşkil olunmuşdu.
E. Avalovun kitabında məscid aşağıdakı kimi təsvir olunur:
“Məscidin fasadlarında simmetrik olaraq yerləşən çatma və düzbucaqlı qapı yerləri diqqət çəkir. Tikilinin əsas oxlarında yerləşdirilmiş dərin camaxatan-eyvanlar özünəməxsus portallar təşkil edirdi. Məscidin mərkəzi oxda yerləşən əsas girişi düzbucaqlı çərçivədə dərin və geniş ön portallı çatma camaxatanla vurğulanıb. Mərkəzi girişin portalı şimal əsas fasad divarının pərvazından xeyli yüksəkdə olmaqla çatma günbəzin fonunda uğurla detallı şəkildə şəkilib. V.V.Vereşaqinin rəsminə görə, bu giriş portal camaxatanının dərinliyində mərkəzi girişin dərin yarımdairəvi qapı yeri, camaxatanın hər iki tərəfində isə daha bir kiçik düzbucaqlı qapı yerləri yerləşirdi. Məscid binası ilə birbaşa birləşən və onun əsas girişini yan tərəfdən əhatə edən iki hündür silindrşəkilli minarə parlaq təəssürat yaradır ki, bu da memarlıq formalarının ümumi meyllərini yuxarıya doğru möhtəşəm şəkildə tamamlayır. Bu minarələr mövcud olan minarələrlə müqayisədə çox genişdir, onlardan nəinki forması, həm də dekoru ilə fərqlənir. “Vereşaqin” minarələrinin gövdəsinin səthi birləşdirici elementlərlə və sərt həndəsi ornamentin geniş lentləri ilə ayrılır. Minarənin gövdəsi stalaktit eyvanla deyil, kiçik nazik sütunların üzərində sivri uclu çadırla tamamlanırdı. Minarələrin üst hissəsinin ətraflı həll yolu XVI-XIX əsrlərə aid, onların birbaşa məscidin binası ilə birləşməsi isə XVIII əsrə aid dini memarlıq abidələri üçün səciyyəvidir. Şuşa məscidinin minarələri az aralı yarıqvari pəncərələr vasitəsilə işıqlandırılırdı. Minarələrin günbəzləri və iki işıqlı ibadət zalının əsas günbəzi sonda dini gerb-aypara olan bir növ qüllələrlə tamamlanırdı. Mərkəzi günbəzin zirvəsinə yüksək qüllə ilə yanaşı, üzərində dini bayraqlar ucaldılan kifayət qədər uzun bayraq dirəyi də bərkidilib. Bu, V. V. Vereşaqinin “Şuşada şiə müsəlmanlarının dini mərasimi” rəsmində göstərilib.”
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53-55]
Rus yazıçısı Vasili Sidorov da öz qeydlərində çox güman ki, Yuxarı Gövhər Ağa məscidində baş vermiş bu dini mərasimlərdən birini belə təsvir edir:
“Tatar Meydanını üzərindən zirvəsində aypara olan böyük təmtəraqlı kirəmitli qübbəsi olan, iki hündür və fövqəladə dərəcədə zərif minarəsi olan gözəl təmtəraqlı məscid bəzəyir. Bu məsciddə fanat tatarlar (azərbaycanlılar) və farslar Hüseyn və Əlinin xatirələrini yad edirlər, burada dini ekstazın tozunda bıçaqla və qılıncla özlərini döyən, dini himnləri ifa edərkən bədənlərini əzən və yaralarından axan qanla meydanın daşlarını sulayan əzadarlar vəhşi mərasim keçirirlər”.
[V. Sidorov. Rusiya boyunca. 2. Qafqaz. Səyahət qeydləri və təəssüratlar. Turist üçün praktiki məlumatlar. 1897-ci il. səh. 244]
Məscidin interyeri V. V. Vereşaqinin başqa bir rəsmində təsvir edilir:
“Dekorasiyanın təsirli nəfisliyi, qübbələrin, kanvasların və məscidin çatma tağlara söykənən mərkəzi günbəzinin ornamental quruluş sxeminin aydınlığı və məntiqliliyi diqqəti özünə cəlb edir. Stalaktitlərlə bəzədilmiş cənub yarımsferik, çatma şəkilli apsidanın üzərində mükəmməl işlənmiş mehrabın stalaktitlərlə bəzədilmiş, yarımsferik ənənəvi camaxatanı yerləşirdi. Görünür ki, qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbədəki ibadət zalının yan tərəfində təmtəraqlı balusterləri olan eyvanlar uzanırdı. Bu məscidin divarlarından birində Şuşanın əsasının qoyulduğu tarixi göstərən yazı var idi”.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 53-55]
Azərbaycan memarı Şamil Fətullayev-Fiqarovun “XIX əsr – XX əsrin əvvəllərində şəhərsalma və memarlıq” kitabında qeyd olunur ki, bu məscid daha təsirli idi, daha yaxşı dekorasiya olunmuşdu və Qarabağ xanlarının bir zamanlardakı şöhrətinə uyğun idi.
[Ş. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 266]
1883-1884-cü illərdə Gövhər ağanın əmri ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən indiki – dördüncü və iki minarəli sayca sonuncu cümə məscidi inşa edildi. E. Avalov kitabında qeyd edirdi ki, onun əvvəlki məscidin təməli üzərində tikilmiş olması ehtimalı var. Güman ki, yeni məscid binası əvvəlki məscidin minarələrinin hərbi əməliyyatlar zamanı dağıdılması və ya zəlzələ zamanı dağılması nəticəsində inşa edilmişdi. Məscidilə yanaşı Gövhər ağanın adı ilə “Gövhəriyyə” adlandırılmış mədrəsə tikilmişdi. Mədrəsənin ikinci mərtəbəsində kiçik otağın naxışları üzərində azərbaycanlı rəssam Mir Möhsün Nəvvab işləmişdi.
1961-ci ilin “Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri.Ictimai elmlər seriyası” jurnalında göstərilir ki, məscid nəzdində məktəb 1801-ci ildə, hələ İbrahimxəlil xanın sağlığında təsis edilmişdi.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 55; 57]
[Ş. Fətullayev. Şuşa abidələri. 1970-ci il, səh. 6]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il, səh. 124]
[Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri.Ictimai elmlər seriyası. 1961-сi il. səh. 51]
Ş.Fətullayev-Fiqarov bunları qeyd edir: “Bu məscidin tikintisində Qarabaği köhnə memarlıq-planlaşdırma sxemindən (mərkəzi-günbəz) imtina etmiş və Ağdam məscidində və Şuşadakı Aşağı Gövhər ağa məscidində (Aşağı məscid) istifadə edilən ibadətxana həll yolu ideyasını inkişaf etdirmişdi”.
[Ş. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 266]
Məscidin şimal əsas fasadının bütün ön hissəsi geniş eyvanla – Azərbaycanın Ağdam rayonunda yerləşən Şahbulaq məscidi tipli yarımsirkul yüngül daş arkada ilə bəzədilib. Məscidin eyvanının arkadası hündürlüyü iki mərtəbəli tikilinin əsas fasadının demək olar ki, ümumi yüksəkliyi qədər olan üç eyni tağdan ibarətdir. Tağların üzərində uzun lent ilə Quran yazısı uzanır.
E. Avalov aşağıdakıları qeyd edir:
“Məscidin əsas fasadının kompozisiyasının memarlıq həlli onun bədii görünüşünə ibadət binasından daha çox saray tipli mənzil xarakteri verir. Binanın bu bədii xüsusiyyəti Şuşa Cümə məscidinin fərqləndirici xüsusiyyətlərindən biridir.”
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 61; 56]
Məscidin ibadət zalı ikiqat pəncərəlidir və planda demək olar ki, kvadratdır. Onun yanlarında balkonlar uzanır. Zalın səkkizguşəli altı sütuna söykənən üç orta cərgəsinin çatısı yığınları çatma formasındadır. Məscidin divarları ornament şəklində ərəb hörmə yazısı ilə bəzədilib.
[К. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 62]
[Ş. Fətullayev. Şuşa abidələri. 1970-ci il, səh. 6]
Məscidin minarələri iki rəngli kərpicdən inşa edilib. Onlar kərpic hörgülü naxışlar və Quran yazısı ilə bəzədilib. Bu naxışların müəllifi Mir Möhsün Nəvvabdır. Minarənin gövdəsinin içərisində müəzzin üçün yuxarı meydançaya aparan, sivri uclu çadırla örtülmüş, nazik zərif sütunlara söykənən 85 pilləli dar və dik vintşəkilli pilləkən var.
[K. M. Məmmədzadə. Azərbaycanın inşaat sənəti (qədim dövrlərdən XIX əsrə qədər) 1983-cü il, səh. 63]
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi görkəminin qorunması problemləri. 1977-ci il, səh. 56]
[Ş. Fətullayev. Şuşa abidələri. 1970-ci il, səh. 6]
Sovet hakimiyyəti illərində Yuxarı məsciddə diyarşünaslıq muzeyi yerləşirdi. Həmin illərdə həyata keçirilən bir neçə yenidənqurma işlərindən sonra məscidin qarşısındakı “meydana” çıxan tikili mədrəsənin qərb qanadı istisna olmaqla sökülmüş, yerində kiçik bir bağça salınmışdı. Nəticədə məscidin əsas fasadı tamamilə meydana açıldı. E. Avalovun sözlərinə görə, məscidin həyətinin mərkəzində bir vaxtlar hovuz olub, həmin hovuz 1970-ci illərə qədər artıq dağılmış vəziyyətdə idi. Məscidin qarşısındakı meydanda 1990-cı illərdə erməni işğalı zamanı dağıdılmış, “Meydan bulağı” adlanan bulaq da yerləşirdi.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il, səh. 60; 63]
Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra 1992-ci ilin mayında məscid vandalizmə məruz qalmışdır.