Qarabag.com müasir Azərbaycan xalça sənəti məktəbinin banisi və Azərbaycanda ilk xalçaçılıq istehsalının təşkilatçısı – Lətif Kərimov haqqında materialı təqdim edir.
Azərbaycanlı dekorativ-tətbiqi sənət rəssamı, ornamentalist rəssam, xalçaçı və pedaqoq Lətif Hüseyn oğlu Kərimov 17 (4) noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Lətif Kərimov Azərbaycan xalçalarında ornamenti portret və süjetli təsvirlərlə ilk birləşdirənlərdən biridir. Xalçaçılığın əsaslarını o, anasından öyrənmişdir.
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 397]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 145]
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 64]
[Azərbaycan sovet ensiklopediyası. V cild. 1981-ci il., səh. 354]
1912-ci ildə ailə vəziyyəti ilə əlaqədar Lətif valideynləri ilə birlikdə Məşhəd şəhərinə (İran) köçməyə məcbur oldu. Burada onlar Şuşadan köçənlərin məhəlləsində yaşayırdılar. Məşhəddə ibtidai məktəbi bitirdikdən sonra Lətif, xalça toxuduğu və xalçada yeni çeşnələr (rəsmlər) yaratdığı xalçaçılıq emalatxanasında işləyirdi. 1924-1928-ci illərdə Lətif Kərimov Təbriz və Tehranda İran rəssamı Hüseyn Behzadın miniatür məktəbində, 1926-1929-cu illərdə isə o, bitirmədiyi Tehran Universitetinin tarix fakültəsində oxumuşdur.
[R. Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 64,67]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 397]
1929-cu ildə Lətif Kərimov Azərbaycana qayıtmışdır. Təxminən 1930-cu ildən ömrünün sonuna qədər “Azərxalça” birliyinin bədii və texniki rəhbəri işləmişdir. Onun rəhbərliyi altında “Xanlıq” (1930-1932), “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Xəmsə” (1940-1941 – Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında toxunmuş beş xalça), “Ləçək-Turunc” (1952), “Şuşa” (1953),”Göy-göl” (1958), “Qarabağ” (1960),”Şəbi hicran” (1958\1975″) və s. xalçalar toxunmuşdur. Onun tərəfindən, həmçinin Azərbaycanın görkəmli xadimlərinin: memar Əcəmi Naxçıvaninin, dramaturq Cəfər Cabbarlının, akademik Yusif Məmmədəliyevin, şair İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Səməd Vurğunun və başqalarının portret xalçaları yaradılmışdır. Onun Əcəmi Naxçıvaniyə həsr olunmuş xalçası Parisdə (Fransa) YUNESKO-nun daimi ekspozisiyasının kolleksiyasında saxlanılır.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 71;77;87]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 26]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 397]
[Azərbaycan sovet ensiklopediyası. V cild. 1981-ci il., səh. 354]
[The Honorary Cemetery. 2007-ci il., səh. 109]
1937-1939-cu illərdə Lətif Kərimov Moskvada (indiki Rusiya) Ümumittifaq kənd təsərrüfatı sərgisində (indiki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) Azərbaycan pavilyonunun dekorativ tərtibatında, 1940-1941-ci illərdə isə Bakıdakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Muzeyinin tərtibatında iştirak etmişdir.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 71;77;87]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 20-21]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 397]
1950-ci ildə Lətif Kərimov SSRİ Dövlət mükafatına layiq görülmüş, elə həmin ildə tətbiqi incəsənət sahəsində böyük elmi-tədqiqat və praktiki işə görə o, sənətşünaslıq üzrə namizəd adı ilə təltif olunmuşdur. 1955 (1957)-ci ildə Lətif Kərimova əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Azərbaycan SSR-ın Xalq rəssamı adı verilmişdir.
[Azərbaycan sovet ensiklopediyası. V cild. 1981-ci il., səh. 354]
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 398]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 36]
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 96]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 132]
Kərimovun əsərləri 1936/1937-ci illərdə Parisdə (Fransa), 1938-ci ildə Nyu-Yorkda (ABŞ), 1958-ci ildə Brüsseldə (Belçika), 1973-cü ildə Almaniya Demokratik Respublikasında (indiki Almaniya Federativ Respublikası), 1978-ci ildə Tbilisidə (Gürcüstan) və 1986-cı ildə Londonda (İngiltərə) keçirilmiş Ümumdünya sərgilərində nümayiş etdirilmişdir. 9 iyun 1954-cü ildə Lətif Kərimovun Moskvada ilk şəxsi sərgisi açılmışdır.
Bu, Sovet İttifaqında xalçaya həsr olunmuş ilk sərgi idi.
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 397-398]
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 80;89]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 131]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 28]
Lətif Kərimov dünyanın bir çox ölkəsinin sənətşünasları və muzey işçilərinin stolüstü kitabı olan “Azərbaycan xalçası” (birinci cildi 1961-ci ildə, sonrakılar isə 1983-cü ildə nəşr olunmuşdur) kitabının müəllifidir. Məsələn, Budapeşt dekorativ-tətbiqi İncəsənət muzeyinin (Macarıstan) direktoru Karol Qamboş Kərimova yazırdı: “Sizin kitabınız bizim muzeyimizdə İncilə çevrilmişdir. O, bizim macar mütəxəssislərimiz arasında çox məşhurdur”.
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 145]
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 71;77;87]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 32-33]
“Lətif Kərimov-Azərbaycan SSR-in xalq artisti” 1984-cü il tarixli kitabında qeyd edilir:
“Azərbaycan xalçası” monoqrafiyası ilə Lətif Kərimov sübut etmişdir ki, o vaxta qədər “Qafqaz” və “İran” xalçaları kimi tanınmış olan bir çox xalçalar Azərbaycan xalçaları qrupuna aiddir. “Bu evsiz xalçalar özlərinin yeni pasportlarını aldılar, vətən əldə etdilər və azərbaycanlı oldular”.
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 33]
“Azərbaycan xalçası” kitabında xalça ornamentlərinin 1300-ə yaxın müxtəlif elementləri sistemləşdirilmiş və öyrənilmişdir. O, 1974-cü ildə Londonda Şərq xalçaçılıq məntəqələrinin xəritəsinin nəşr olunmasında mühüm rol oynamışdır. Bu xəritənin tərtibində əsas məsləhətçi Lətif Kərimov idi.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 80;93]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 31]
Lətif Kərimov Azərbaycan xalçalarının Qarabağ, Quba, Şirvan, Gəncə, Qazax, Bakı və Təbriz məktəblərini müəyyən etmişdir.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 80]
1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə dünyada ilk Dövlət Xalça Muzeyi (hal-hazırda Bakı şəhərində Azərbaycan milli xalça muzeyi) yaradılmışdır. Kərimov, həmçinin onun aparıcı elmi məsləhətçisi idi.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 93]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 35]
Azərbaycanlı sənətşünas, akademik Əbdülvahab Salamzadə Lətif Kərimovun şəxsiyyətini belə xarakterizə etmişdir: “Onun izahından sonra xalçaçılıq sənətinin qeyri-adi elementləri aydın oxunan kitab olur, bunun üçün isə rəssam-ornamentalist, etnoqraf, tarixçi, sənətşünas istedadına malik olmaq lazımdır – Lətif Kərimov bütün bu keyfiyyətləri özündə birləşdirir”.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 77]
Lətif Kərimov YUNESKO-nun 1980-ci illərdə Bakıda keçirdiyi Şərq xalçaları üzrə beynəlxalq simpoziumların əsas təşəbbüskarı və təşkilatçısı olmuşdur.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 71;77;87]
1945-ci ildə Lətif Kərimov dekorativ-tətbiqi sənət laboratoriyasının, 1983-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun xalçaçılıq sənəti şöbəsinin rəhbəri təyin edilmişdir.
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 398]
Lətif Kərimov müxtəlif illərdə indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecində, Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. O, Azərbaycan Milli Tarix Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı Muzeyinin elmi şurasının üzvü olmuşdur.
[SSRİ xalqlarının rəssamları. Biblioqrafik lüğət. Dördüncü cild. İkinci kitab. 1995-ci il., səh. 398]
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 34-36]
Lətif Kərimov incəsənət sahəsində eyni anda həm praktiki, həm də nəzəri fəaliyyətlə məşğul olan azsaylı rəssamlardan biri idi. Azərbaycanlı sənətşünas Mürsəl Nəcəfov aşağıdakıları qeyd edirdi: “Bu, nadir bir haldır ki, siz incəsənəti və incəsənət tarixini yaradan insana rast gələ bilərsiniz”.
[K.Kerimov. Latif Kerimov – the people’s artist of Azerbaijan SSR. 1983., p. 29]
2006-cı il tarixli “Lətif Kərimov fenomeni” kitabında Lətif Kərimovun 8 sentyabr 1991-ci ildə vəfat etdiyi qeyd olunur. Lakin rəssamın Bakının birinci Fəxri xiyabanda olan məzarının qəbirüstü daşının üstündə ölüm tarixi sentyabrın 9-u kimi göstərilir.
[R.Tağıyeva. Lətif Kərimov fenomeni. 2006-cı il., səh. 89]
[The Honorary Cemetery. 2007-ci il, səh. 109]