Bülbülcan: bir neçə dildə oxumağı bacaran və imperator III Aleksandrın qarşısında çıxış edən xanəndə
Qarabag.com Azərbaycan folklor müğənnisi, muğam ifaçısı, əslən Şuşadan olan Bülbülcan haqqında material hazırlamışdır. Xanəndə Azərbaycan muğam məktəbinə böyük təsir göstərmişdir.
Bülbülcan (əsl adı Zülalov Əbdülbağı Kərbəlayı Əli oğlu) 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 97]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 283]
Əbdülbağı ümumi təhsilini Şuşa şəhər məktəbində, musiqi təhsilini isə azərbaycanlı pedaqoq Xarrat Qulunun məktəbində almışdır.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 283]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 97;99]
Məktəbi bitirdikdən sonra Əbdülbağı Zülalov tarzən Sadıqcanla birlikdə ansambl yaratmış və bu ansambl Qarabağ, Şəki, Şirvan və Gəncə məclislərində iştirak etmişdir.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 283]
İranda musiqi müsabiqəsində birinci yer tutduğuna görə Əbdülbağı Zülalov Nəsrəddin şah Qacar tərəfindən “Şiri Xurşid” (“Şir və Günəş”) ordeni ilə təltif olunmuşdur. 1873-cü ildə Əbdülbağı azərbaycanlı xeyriyyəçi və şairə Xurşudbanu Natəvan tərəfindən onun vəsaiti hesabına tikilmiş su kəmərinin açılış mərasimində iştirak etmək üçün Şuşaya dəvət olunmuşdu.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 283]
1875-ci (1876) ildə Əbdülbağı Zülalov Tbilisiyə (Gürcüstana) köçmüşdür. Burada o, azərbaycanlı tarzən Sadıqcanla birlikdə konsertlərlə çıxış etmişdir. Ana dili ilə yanaşı, Əbdülbağı fars, ləzgi və gürcü dillərində də muğam oxuyurdu. Azərbaycanlı sənətşünas Firudin Şuşinski bununla bağlı belə yazır:
“Gürcü dilini mükəmməl şəkildə öyrənən Əbdülbağı muğam mətnlərini gürcü dilində də ifa edirdi, bununla gürcü dinləyicilərini heyrətləndirirdi”.
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 99]
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1984-cü il., səh. 349]
1880-ci illərdə Əbdülbağı teatr tamaşalarının antraktlarında, xalq şənliklərində və bal-maskaradlarda çıxış edirdi. Qafqazda məşhurlaşdıqdan sonra o, “Bülbülcan” və “Boz Bülbül” təxəllüslərini aldı.
[“Qafqaz” qəzeti. 19 iyun 1882-ci il., № 160., səh. 4]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 100]
Çingiz Qacarın “Köhnə Şuşa” adlı kitabında Bülbülcanın rus imperatoru III Aleksandrın Qafqaza səfəri zamanı (1888) onun qarşısında çıxış etməsi barədə hekayə yer alıb.
“Çarın gəlişi münasibətilə Tiflisin “Müctəhid” bağında böyük şənlik təşkil edilmişdi. Hörmətli qonağın sağlığına badə qaldıranda Bülbülcanın bülbül kimi səsi eşidildi. İfa və musiqi qonaqları elə heyrətləndirdi ki. Bülbülcan çarın adamlarının şərəfinə bütün sonrakı şənliklərə dəvət olunmağa başladı. Rusiyaya qayıdarkən III Aleksandr Qafqaz canişininə tapşırır ki. Əbdülbağının nə arzusu olsa, yerinə yetirsin. Əbdülbağı ona tüfəng və at verilməsini, ən əsası isə bu atla Tiflisin mərkəzi küçəsi Qolovinski prospektindən keçməyə icazə verilməsini xahiş edir. Orada canişinin imarəti yerləşirdi və həmin küçədən ancaq onun yaxınlarının keçməyə ixtiyarları var idi. Ertəsi gün Tiflisdə məşhur müğənni kimi tanınan Əbdülbağı at belində, əynində bahalı arxalıq (yüksək yaxalıqlı bədənə möhkəm oturan kaftan), başında gümüşü papaq, çiynində silah, qolunun üstündə şahin Qolovinski prospekti ilə keçərkən camaatın təəccübünə səbəb olur”.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 284]
Bülbülcanın istedadını erməni musiqişünas Vasili Korqanov da etiraf edirdi. O, özünün 1908-ci il “Qafqaz musiqisi” kitabında yazırdı:
“Hər bir biço (qulluqçu) və kinto (ticarətlə məşğul olan və ya ümumiyyətlə müəyyən bir məşğuliyyəti olmayan kişi, kefcil, kələkbaz və fırıldaqçı) üçün Tiflisin ən yaxşı sazəndəsinin, Əbdülbağının bütün repertuarı əlçatandır; sonuncusu hər bir mokalakı (saray adamı), hər bir “kekelka”nı (snob – özü haqda yüksək fikirdə olan təkəbbürlü qadın) özünə cəlb edir və öz ifası ilə onları olduqca məmnun edir”.
[V.D. Korqanov. Qafqaz musiqisi. Məqalələr toplusu. 1908-ci il., səh. 5]
Bülbülcanın yaradıcılığı Ələsgər Abdullayev (Şəkili Ələsgər), Seyid Şuşinski və Cabbar Qaryağdı oğlu kimi Azərbaycan xanəndələrinə təsir göstərmişdir. Sonuncu bir neçə dəfə etiraf etmişdi ki, səsində tondan-tona keçmə ilə ifaçılıq sənətini o, Bülbülcandan öyrənib.
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1984-cü il., səh 349]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 100]
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Bülbülcanı belə qiymətləndirirdi:
“Əbdülbağı kimi xanəndələrin adları və sədaları bütün Qafqazın hər yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışdılar”.
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il, səh. 106]
1920-ci ildə Bülbülcan Bakıya köçdü. Əvvəlcə o, “Şərq konservatoriyası”- nda (“Qısa müddətli Şərq musiqisi kursları”), 1923-cü ildən etibarən isə Azərbaycan Dövlət Türk Musiqi Məktəbində muğamdan dərs demişdir.
[Azərbaycan Sovet ensiklopediyası. IV cild. 1984-cü il., səh. 349]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]
1927-ci ildə Bülbülcan əmək ordeni ilə təltif edilmişdir.
[Azərbaycan Sovet ensiklopediyası. IV cild. 1984-cü il., səh 349]
Əbdülbağı Zülalov 1927-ci ilin avqustunda Bakıda vəfat etmişdir.
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1984-cü il., səh. 349]
[Üzeyir Hacıbəyov ensiklopediyası. 2003-cü il., səh. 106]