Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhəri və onun tarixi ilə bağlı bəyanatları – Qarabag
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhəri və onun tarixi ilə bağlı bəyanatları

8 Noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Xanlığının türk hökmdarı Pənah Xan tərəfindən 1756-1757-ci illərdə ucaldılan Şuşa şəhərinin azad olunduğunu elan etdi. Aşağıda, Prezident Əliyevin İkinci Qarabağ müharibəsinin başlanğıcından, 27 sentyabr 2020-ci ildən, Azərbaycan xalqının Qarabağdakı bu tarixi mərkəzi və onun keçmişi barədə verdiyi açıqlamaları dərc edirik.

Xalqa Müraciəti (27.09.20)

“Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir”.

***

“Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri – Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır”.

***

“Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir”.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxışından (27.09.20)

“Şuşanın (ermənlərə) satılması (1992-ci ildə) sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir”.

Rusiya-1 telekanalına verdiyi müsahibədən (29.09.2020)

“…Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar bizə qarşı şüurlu provokasiyalar, bizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir”.

Müdafıə Nazırlıyının Mərkəzı hərbı klınık hospıtalında müalıcə olunan yaralı hərbçılərlə görüşdə nıtqdən (30.09.20)

Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”. 

“Əl-Cəzirə” telekanalına verdiyi müsahibədən (02.10.20)

“Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir”.

Xalqa video müraciətdən (04.10.20)

Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq”.

Trt Haber telekanalına verdiyi müsahibədən (05.10.20)

“Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa – Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi”.

Rusiya-1 telekanalına verdiyi müsahibədən (06.10.20)

“1980-ci illərin sonunda münaqişə başlayanda Dağlıq Qarabağ ərazisində əhalinin 75 faizi erməni, 25 faizi isə azərbaycanlı idi. Və onların cinayətkar rejiminin başçısının qondarma “inauqurasiyası”nı keçirdikləri və Azərbaycan xalqını təhqir etdikləri Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılar idi. Şuşa şəhərinin əsası azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bu qədim Azərbaycan şəhərindən bütün azərbaycanlılar qovulub“.

RBK telekanalına verdiyi müsahibədən (10.10.20)

“…azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.

Haber Global-a verdiyi müsahibədən (12.10.20)

“Orada (baza prinsiplərində) göstərilir ki, birinci mərhələdə beş rayondan, ikinci mərhələdə daha iki rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra təbii ki, bütün məcburi köçkünlər əvvəlki dövrdə yaşadıqları bölgələrə qayıdırlar. Bu da o deməkdir ki, bizim məcburi köçkünlərimiz Şuşaya da, Xankəndiyə də qayıdacaqlar və ondan sonra, yəni, bu məsələnin siyasi həlli təmin edilə bilər”.

Haber Türk TV kanalına verdiyi müsahibədən (13.10.20)

“Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri çıxarılır. Prinsip etibarilə bu məsələ artıq Minsk qrupu çərçivəsində təsbit edilib, – beş rayon, ondan sonra iki rayon, ondan sonra Dağlıq Qarabağın özündən, Şuşadan, Xankəndidən, – orada bir çox kəndlərdə azərbaycanlılar yaşayıb, – Azərbaycan vətəndaşları oraya qayıdır və Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində. Artıq biz sülhə daha da yaxınlaşacağıq”.

A-Haber telekanalına verdiyi müsahibədən (16.10.20)

“Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz (işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatı) yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi”.

Nikkei qəzetinə verdiyi müsahibədən (22.10.20)

“…müharibədən əvvəl, 1990-cı illərin əvvəlində Dağlıq Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə, ermənilərin törətdiyi soyqırımının qurbanı olan Xocalı şəhərində və bir çox başqa şəhərlərdə 40 mindən çox azərbaycanlı yaşayırdı”.

 Le figaro qəzetınə müsahıbəsindən (24.10.20)

“Müharibə (1990-cu illərdə) və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı”.

Xalqa müraciətdən (26.10.20)

“Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi”.

Rai-1 telekanalına verdiyi müsahibədən (26.10.20)

“Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”.

İnterfaks agentliyinə verdiyi müsahibədən (28.10.20)

“Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Mənim yanaşmam həmişə belə olub. Azərbaycanlılar təkcə işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar – ilk növbədə, Şuşaya, Xankəndiyə və azərbaycanlıların əsrlərboyu məskunlaşdığı digər torpaqlara“. 

Xalqa Müraciəti (08.11.20)

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürür hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm, bütün şuşalıları ürəkdən təbrik edirəm. 28 il yarım işğal altında olan Şuşa azad edildi, Şuşa indi azaddır, biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 08 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaq, bu tarix əbədi yaşayacaq, bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür”.

***

“28 il yarım  Şuşa işğal altında idi. Şuşanın Аzərbaycan tarixində xüsusi yeri var. Bu bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimiz dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələrimiz bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, yenə də, 28 ildən sonra Şuşada azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl 2016-cı ilin aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuqmərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə görə, memarlıq üslubuna görə eynidir, və demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Аzərbaycan bayrağı Şuşada dalğalanır, bu gün bütün Аzərbaycan xalqı qürür hissi ilə bu xoş xəbəri qarşılayır”.

***

“Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etdim, onu ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik! Bu böyük qələbədir, və şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün, gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun, dünya azərbaycanlıları!”

***

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

 
image_pdfimage_print