Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, əslən Şuşadan olan Süleyman Sani Axundov 

Yazıçı, ictimai xadim, dramaturq, aktyor Süleyman Sani Axundov 3 Oktyabr (21 oktyabr) 1875-ci ildə Şuşa şəhərində zadəgan ailəsində anadan olmuşdur.
[Azərbaycan Sovet ədəbiyyatının oçerki.1963-cü il., səh. 166]
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 6]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 204]

“Sani” (ərəb dilindən tərcümədə “ikinci” mənasını verir) təxəllüsünü o, öz iş yoldaşı, pedaqoq Süleyman Əbdülrəhmanova hörmət əlaməti olaraq götürmüşdür. Azərbaycan yazıçısı Abdulla Şaiqin xatirələrinə görə Axundov tez-tez təkrarlayırdı: “Birinci müəllim odur, mən isə – ikinciyəm!”
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 6]

Atasını erkən itirmiş Süleyman anası və dayısı, azərbaycanlı maarifçi və pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən tərbiyə olunurdu. Axundovun uşaqlıq illəri Ağdam rayonunun Seyidli kəndində keçmişdir.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 204]

1884-1885-ci illərdə dayısının təkidi ilə Axundov Qoridə (Gürcüstan) Zaqafqaziya Müəllimlər Seminariyasının İbtidai məktəbinə daxil olmuşdur. 1891-ci ildə o, seminariyanın əsas kursuna keçmişdir.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 34]
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 6]

1893-cü ildə seminariyanın Azərbaycan bölməsinin inspektoru A. O. Çernyayevski əsassız olaraq Axundovun pul oğurlamasından şübhələnmişdi. Ona qarşı edilən ədalətsiz münasibət səbəbindən sarsılmış Axundov tapançadan özünə atəş açaraq həyatına son qoymağa cəhd etmişdi.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 56-66;204-205]

1894-cü ildə Qori seminariyasını bitirdikdən sonra Axundov uzun illər Bakı məktəblərində müəllim və direktor işləmişdir.
[Azərbaycan Sovet ədəbiyyatının oçerki.1963-cü il., səh. 165]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 206;209;211;213]

1895-ci ildə Axundov Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun Bakıda “Nadanlıq” pyesinin ilk tamaşasında aktyor kimi çıxış etmişdir, 1896-cı ildə isə Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada səhnələşdirilmiş “Dağılan tifaq” tamaşasında oynamışdır.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 72-73;205]

1906-cı ildə Axundov Qafqaz Müsəlmanları müəllimlərinin birinci qurultayında iştirak etmiş, 1907-ci ildə isə müəllimlərin ikinci qurultayının sədrlərindən biri seçilmişdir.
[Azərbaycan hekayələri.1961-ci il., səh. 238]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 206-207]

1906-1916-cı illərdə Axundov “Nicat” Bakı Müsəlman maarifçilik cəmiyyətinin üzvü olmuşdur. 1910-cu ildə o, əvvəlcə ədəbi-teatr komissiyasına, sonra isə cəmiyyətin idarə heyəti şurasına seçilmişdir.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 207;209]

1899-cu ildə Süleyman Sani Axundov özünün ilk “Tamahkar” komediyasını yazmışdır. 
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 7]

1912-1913-cü illərdə “Məktəb” jurnalında “Qorxulu nağıllar” ümumi adı altında onun bu uşaq hekayələri dərc olunmuşdur: “Qaraca qız”, “Nurəddin”, “Abbas və Zeynəb”, “Əhməd və Məleykə”.
[Süleyman Sani Axundov. Qaraca qız. 1962-ci il., səh. 5]

1918-ci ildə Axundov Bakı Soveti (1917-1918-ci illər) Xalq Maarif Komissarlığının pedaqoji şurasının üzvü olmuşdur. O, məktəb proqramlarının tərtib edilməsi və məktəblərin avadanlıqla təmin olunması ilə məşğul olmuşdur.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 148;209]
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 165-166]
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 9]

Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra, 1920-ci ildə Azərbaycan SSR Xalq Komissarlığınin birinci katibi Nəriman Nərimanovun təşəbbüsü ilə, dövlət məsələlərinin həll edilməsi məqsədi ilə Axundov Qarabağa göndərilən azərbaycanlı ziyalıların nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 151-152]

Axundov bir müddət Qarabağda kənd sovetlərinin təşkil edilməsində iştirak etmiş və 28 iyul 1920-ci ildə Şuşada ilk kəndli qurultayına Qarabağ və Zəngəzurdan olan nümayəndələrin seçilməsinə köməklik etmişdir.
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 166]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 212]

1920-1921-ci illərdə Axundov Qarabağ xalq təhsili şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Onun sayəsində 1921-ci ildə Şuşada müəllimlər seminariyası açılmışdır.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 152-153;209]
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 166]

1921-ci ildə Bakıda “Satir-aqit teatrı” (“Tənqid-təbliğ teatrı”) Süleyman Sani Axundovun “Çərxi-fələk” pyesinin tamaşaya qoyulması ilə açılmışdır.
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 166]
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 7]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 210]

1922-ci ildə Süleyman Sani Axundov Azərbaycan Yazıçılar və Şairlər İttifaqının ilk sədri seçilmişdir.
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 166]

1923-1927-ci illərdə Axundov “Cəhalət qurbanı”, “Qan bulağı”, “Ümid çırağı”, “Molla Qasım”, “Nə üçün?”, “Sona xala” və “Mister Qreyin köpəyi” hekayələrini yazmışdır. Sonuncu hekayə Çin xalqının ingilislərə qarşı mübarizəsinə həsr olunmuşdur.
[Süleyman Sani Axundov. Qaraca qız. 1962-ci il., səh. 5]

1926-cı ildə ictimai xadim Bakıda keçirilən Birinci Ümumittifaq türkoloji qurultayda iştirak etmişdir.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 212]

1932-ci ildə ədəbi və pedaqoji fəaliyyət sahəsində bir sıra xidmətlərinə görə Axundova Əmək Qəhrəmanı adı verilmişdir.
[Azərbaycan Sovet ədəbiyyatı tarixinin oçerki.1963-cü il., səh. 166]
[Azərbaycan hekayələri.1961-ci il., səh. 238]

1934-cü ildə Axundov SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 214]

1939-cu ildə Süleyman Sani Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh.7]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 214]

29 mart 1939-cu ildə Axundov uzun sürən xəstəlikdən Bakı şəhərində vəfat etmişdir və Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.
[“Bakinskiy raboçiy” qəzeti. 30.03.1939-cu il.,№73 (5780) səh. 4]
[Süleyman Sani Axundov. Qorxulu nağıllar. 1958-ci il., səh. 7]
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 203;214]

1975-ci ildə Süleyman Sani Axundovun 100 illiyinin Ağdam rayonunun Seyidli kəndində keçirilməsi ilə əlaqədar onun yaşadığı evin qarşısında onun şərəfinə abidə ucaldılmışdır.
[N.Vəlixanov. Süleyman Sani Axundovun elmi bioqrafiyası.1997-ci il., səh. 203]

1993-cü ildə Ağdamın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra yazıçının heykəli və evi dağıdılmışdır.