Bolşevik Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti və daşnak silahlı qüvvələri tərəfindən Bakı quberniyasında (1918-ci ilin mart-aprel aylarında) azərbaycanlıların kütləvi soyqırımının həyata keçirilməsindən sonra Bakı Soveti Qarabağ erməniləri ilə birlikdə Gəncəyə hücum etmək və ümumiyyətlə, bütün Azərbaycan ərazisində sovet hakimiyyətini bərqərar etmək niyyətində idi. Bu məqsədə nail olunması üçün Şaumyan 1918-ci ilin yayında Azərbaycan Cumhuriyyəti hüdudlarına soxulmuş erməni generalı Andranik Ozanyanın silahlı birləşmələrinin də öz tərəfinə cəlb edilməsində maraqlı idi.
[R. Mustafazadə. İki respublika. Azərbaycan – Rusiya münasibətləri 1918-1922-ci illər 2006-cı il. səh. 201]
[Andranik Ozanyan. Sənədlər və materiallar.1991-ci il, səh. 446]
[C. Həsənli. Rus inqilabı və Azərbaycan: Müstəqilliyə doğru çətin yol (1917-1920) 2011-ci il, səh. 91;134]
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Parlament (stenoqrafik hesabatlar). 1998-ci il, səh. 36]
Alman tarixçisi Yorq Baberovski yazır:
“1918-ci ilin yayında, Azərbaycanın müstəqilliyi elan edildikdən sonra bu regionun müsəlman və erməni sakinləri arasında qarşıdurmalar nəzarətdən çıxdı. Şuşada erməni milli şurasının üzvləri Azərbaycan Respublikasının bu regionda suverenlik hüququna razı olmayaraq ona etiraz edirdilər. Bir müddət keçdikdən sonra Şuşada toplaşan Erməni Milli Konqresi Dağlıq Qarabağın siyasi müstəqilliyini elan etdi. 1918-ci il yayın sonlarında müsavatçılar region üzərində faktiki olaraq hər hansı bir nəzarəti itirdilər, onların Şuşadakı komendantına heç kim məhəl qoymurdu, çünki onun nə hərbi, nə də siyasi dayağı var idi”. Bakı Sovetinin sədri (1917-1918) və 1917-ci ilin dekabrından RSFSR Xalq Komissarları Sovetinin sədri, V. İ. Lenin tərəfindən təyin edilmiş Qafqaz məsələləri üzrə Fövqəladə komissar Stepan Şaumyan 1918-ci ilin may ayında Sovnarkoma öz məlumatında yazırdı:
“Sovet qoşunları Yevlax körpüsünü ələ keçirməli və Kür çayı boyu müdafiə xəttini tutmalı idilər, bundan sonra Yelisavetpolda (Gəncə) və digər yerlərdə erməni qiyamlarını təşkil etmək üçün ləngimədən Yelisavetpola hərəkət etməli idilər”.
[C. Həsənli. Rus inqilabı və Azərbaycan: Müstəqilliyə doğru çətin yol (1917-1920) 2011-ci il, səh. 91;134]
[R. Mustafazadə. İki respublika. Azərbaycan – Rusiya münasibətləri 1918-1922-ci illər 2006-cı il. səh. 201]
[Y. Baberovski. Düşmən hər yerdə var. Qafqazda stalinizm. 2010-cu il, səh. 164]
Naxçıvanda Sovet hakimiyyətinin qurulmasını elan edən general Andranik özünün Stepan Şaumyana 14 iyul 1918-ci il tarixli radioqramında öz dəstəsi ilə Mərkəzi Rusiya Hökumətinin sərəncamına keçməyə və Bakı kommunasına dəstək göstərməyə hazır olduğunu bildirmişdi. Andranikə 20 iyul 1918-ci il cavab teleqramında Şaumyan yazırdı:
“Sizin teleqramınızı aldım. Tam mətn haqda Moskvaya, Mərkəzi hökumətə məlumat verdim. Öz tərəfimdən sizin simanızda əsl xalq qəhrəmanını salamlayıram. Sizin bayrağınız altında döyüşən bütün cəsur döyüşçülərə və həm türk süngülərindən, həm də milli rəhbərlərin xəyanətindən ikiqat əziyyət çəkən bütün zəhmətkeş əhaliyə salam söyləyin. Heç bir çətinliklərə baxmayaraq, Sizi inqilab bayrağını endirməməyə çağırıram. Bakı proletariatı Rusiya hakimiyyətinin güclü dəstəyi ilə Kürdəmir və Ağsu istiqamətlərində türk bəy-quldur dəstələrinə qarşı qəhrəmanlıq müharibəsi aparır. Biz türkləri, xanları, bəyləri, gürcü knyazlarını və erməni burjuaziyasını məğlub etdikdən sonra bütün Zaqafqaziyanın birləşmiş kəndliləri və fəhlələri ümumi qurultayda Sovet hakimiyyətini quracaqlar və yenidən böyük Rusiya respublikasına qoşulacaqlar. Sizə lazım olan dəstəyi göstərmək imkanına şad olardım, bəlkə Siz əlaqə üçün yollar axtarırsınız.”
[Andranik Ozanyan. Sənədlər və materiallar.1991-ci il, səh. 292 – 294]
Azərbaycanın Baş naziri Fətəli Xan Xoyski İstanbulda Azərbaycanın nümayəndə heyətinin sədri Məmməd Əmin Rəsulzadəyə 23 avqust 1918-ci il tarixli depeşasında yazırdı: “…Qarabağ tərəfdən Zəngəzur qəzasının bir hissəsini tutmuş və bizi Şuşa qəzasından kəsmiş Andranikin erməni qoşunları hərəkət edir…” 1918-ci ilin payızında Zəngəzur ərazisinin bir hissəsində möhkəmlənmiş Andranikin dəstələri artıq sentyabr ayında Şuşanın ətraflarına gəlib çatmışdı. Şəhəri ələ keçirdikdən sonra Andranik onu “Kiçik Ermənistan” adlandırılan ərazinin mərkəzi etmək niyyətində idi. Alman tarixçisi Y. Baberovskinin sözlərinə görə: “Andranikin dəstələri Şuşanın ətrafında da ölüm və dağıntılar səpirdilər”.
[C. Həsənli. Rus inqilabı və Azərbaycan: Müstəqilliyə doğru çətin yol (1917-1920) 2011-ci il, səh. 226]
[Andranik Ozanyan. Sənədlər və materiallar.1991-ci il, səh. 446 – 447]
[Y. Baberovski. Düşmən hər yerdə var. Qafqazda stalinizm. 2010-cu il, səh. 165]
Şəhərdə Şuşanın Andranikin silahlı birləşmələri tərəfindən tutulmaq üzrə olduğu barədə şayiələr yayılandan sonra şəhərin ermənilərə aid hissəsində silah-sursat paylamağa başladılar. Müsəlmanlar öz məskənlərinə qapanaraq kiçik döyüş dəstələri yaratdılar. Şuşanın xarici aləmlə əlaqəsi kəsilmişdi, Əsgəran qalasının yanındakı dağ aşırımı bağlanmışdı. Sentyabrın sonlarında Şuşada aclıq və yatalağ epidemiyası tüğyan etməyə başladı, xəstəlik hər gün 30-40 nəfərin həyatını aparırdı.
[Y. Baberovski. Düşmən hər yerdə var. Qafqazda stalinizm. 2010-cu il, səh. 164]
Azərbaycanın Baş naziri Fətəli xan Xoyski parlamentin 20 dekabr 1918-ci il tarixli iclasında aşağıdakıları qeyd edirdi:
“…Andranik, Azərbaycan Respublikası Hökumətinin Bakı əməliyyatı ilə məşğul olmasından (Bakının Osmanlı İmperiyasının qoşunları ilə birlikdə bolşevik-daşnak qüvvələrindən azad edilməsi) istifadə edərək, Zəngəzuru müsəlman elementindən təmizləməyə cəhd edərək bu rayonda azğınlıqlar törətməyə davam edirdi və bu məqsədlə orada yerləşən müdafiəsiz müsəlman kəndlərini atəşə tutur və qılıncdan keçirirdi. Daha sonra Andranik adlandırılan şəxs öz əməliyyatını Zəngəzur qəzasından onun tərəfindən təhrik edilən yerli ermənilərin məşhur Əsgəran dərəsində Yevlax-Şuşa yolunu bağladıqları və beləliklə, Şuşa şəhərinin müsəlman əhalisini kifayət qədər təhlükəli vəziyyətə saldıqları Şuşa rayonuna keçirtdi”.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Parlament (stenoqrafik hesabatlar). 1998-ci il, səh. 36 – 37]
1918-ci ilin oktyabr ayında Osmanlı – Azərbaycan qoşunları Şuşanı döyüşsüz azad edərək (oktyabrın 1-də), Andranikin silahlı qüvvələrini Qarabağdan qovaraq onları məğlubiyyətə uğratdılar. Erməni qradonaçalnikləri (şəhərin rəisləri) Azərbaycanın Dağlıq Qarabağ üzərində siyasi suverenliyini tanımağa məcbur oldular.
[C. Həsənli. Azərbaycan Respublikası diplomatiyasının tarixi. Üç cilddə. II-ci cild. Azərbaycanın xarici siyasəti (1920-1939). 2013-cü il, səh. 173]
[Y. Baberovski. Düşmən hər yerdə var. Qafqazda stalinizm. 2010-cu il, səh. 164]
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Parlament (stenoqrafik hesabatlar). 1998-ci il, səh. 36 – 37]
Fətəli xan Xoyski parlamentin 20 dekabr 1918-ci il tarixli iclasında, həmçinin qeyd edirdi:
“Andranikin və onun həmfikirlərinin Qarabağ avantürasını sülh yolu ilə – qan tökülmədən aradan qaldırmağın mümkün olacağına ümidini itirməyən hökumət, həmçinin Azərbaycan ermənilərinin dinc hissəsinin istəyini nəzərə alaraq, nümayəndə heyətlərinin göndərilməsi yolu ilə hərəkət etməyə çalışsa da, təəssüf ki, bu addımlar arzuolunan nəticələrə gətirib çıxarmadı. Belə ki, Qarabağ ermənilərinin təcavüzkar əhval-ruhiyyəli dairələri öz niyyətlərində inadkarlıqlarını davam etdirirdilər. O vaxt hökumət respublikanın mənafelərinin müdafiə edilməsi və onun vətəndaşlarının həyat və əmlaklarının qorunması üçün dinc əhali tərəfindən heç bir qurbanlar vermədən Andranikin dəstələrini qovmuş, Yevlax-Şuşa yolunu açmış və orada tam olaraq əmin-amanlıq yaratmış Qarabağa hərbi qüvvələri göndərmək məcburiyyətində qalmışdı. Andranikin quldur dəstələri Zəngəzurun dağlıq hissələrində gizləndilər. Onların Şuşadan o tərəfə təqib edilməsi bəzi düşüncələrə və səbəblərə görə mümkün deyildi. Bu, oktyabr ayının sonunda baş vermişdi”.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Parlament (stenoqrafik hesabatlar). 1998-ci il, səh. 36 – 37]