İkinci dünya müharibəsi partizan hərəkatının iştirakçısı, həkim Aliyə Fətulla qızı Rüstəmbəyova 1907-ci ildə Şuşa şəhərində neftçi-mühəndis ailəsində anadan olub. Onun atası, Azərbaycan neft sənayesinin təşkilatçılarından biri, bir vaxtlar azərbaycanlı milyonçu Musa Nağıyevin firmasının müdiri, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra (1920) Azneftin (Bakıda Azərbaycan Neft Sənayesi Dövlət Birliyi) baş texniki direktor, rəis müavini və idarə heyətinin üzvü vəzifələrini tutmuşdur. Onun anası azərbaycanlı həkim, əslən şuşalı olan Kərim bəy Mehmandarovun qızı idi. O, 1906-cı ildə erməni “Daşnaksütyun” partiyasına qarşı mübarizə aparmaq məqsədilə təşkil edilmiş “Difai” (Müdafiə) gizli antiterror təşkilatının Qarabağda ilk rəhbərlərindən biri idi.
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
[Azərbaycan böyük vətən müharibəsi illərində. 2020-ci il, səh. 73]
[Vətən yolunda. 1965-ci il, səh. 94]
[1927-ci il üçün bütün Bakı şəhərinin məlumat və ünvan kitabçası. 1926-cı il, səh. 109]
[SSRİ. Azərbaycanın neft sənayesinin dövlət mülkiyyətinə keçirilməsinin 1920-1925-ci illər arası beş ilinin icmalı. 1925-ci il, səh. 1]
[Prominent figures of Shusha in the history of migration in Azerbaijan. 2022. p., 154-155]
[M. Mərdanov. A. Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. Ensiklopedik sorğu kitabı. V cild. 2021-ci il, səh. 126]
Hələ körpə yaşlarında olarkən Aliyə valideynləri ilə birlikdə Şuşadan Bakıya köçdü. 3 №-li orta məktəbi bitirdikdən sonra Aliyə indiki Azərbaycan Tibb Universitetinə daxil olmuş, lakin sonradan akademik İ. P. Pavlov adına indiki Birinci Sankt-Peterburq Dövlət institutunun birinci kursuna keçirilmişdir. 1935-ci ildə universiteti bitirdikdən sonra üç il Çirçik (Özbəkistan) şəhərində tikinti idarəetmə xəstəxanasında həkim işləmişdir. 1938-ci ildən etibarən Aliyə Rüstəmbəyova Moskvada Həkimlərin Təkmilləşdirmə Mərkəzi Institutunda sovet terapevti və tibb alimi, SSRİ Tibb Elmləri Akademiyasının akademiki M. S. Vovsinin rəhbərliyi altında terapevt işləmişdir.
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
[Vətən yolunda. 1965-ci il, səh. 94]
[Prominent figures of Shusha in the history of migration in Azerbaijan. 2022. p.,154]
Aliyə SSRİ-Finlandiya müharibəsində(1939-1940) hərbi həkim kimi xidmət etmişdir. Nasist Almaniyasının SSRİ-yə hücumundan (1941) sonra isə bir çox tibb işçiləri kimi indiki S. P. Botkin adına şəhər klinik xəstəxanasının (Moskva) həkimi Aliyə Rüstəmbəyova da cəbhəyə yollandı. Bu dövrdə Aliyə Volokolamskda, Moskvada, sonra isə Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmişdir.
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
[Vətən yolunda. 1965-ci il, səh. 94]
[Prominent figures of Shusha in the history of migration in Azerbaijan. 2022. p., 155]
1941-ci ilin oktyabrında Smolensk almanlar tərəfindən zəbt olunduqdan sonra Aliyə Rüstəmbəyova döyüşlərin birində yaralanaraq əsir düşdü. Burada o, əzab-əziyyətlərə və işgəncələrə məruz qaldı. Lakin, 1965-ci ilin “Vətən yolunda” kitabında qeyd olunur ki, almanlar Smolensk vilayətini tutandan sonra Aliyənin xidmət etdiyi hərbi hissə düşmən cəbhəsinin arxasında qalmış və almanların mühasirəsində partizan fəaliyyətini davam etdirmişdir.
[M. Alıcanov. Azərbaycan döyüşçülərin partizan hərəkatında iştirakı (1941-1944-cü illər). 1975-ci il, səh. 227]
[Azərbaycan böyük vətən müharibəsi illərində. 2020-ci il. səh. 73]
[Vətən yolunda. 1965-ci il, səh. 96-97]
1942-ci ilin əvvəllərində hərbi həkim Aliyə Rüstəmbəyovanın rəhbərliyi altında bir qrup hərbi əsir (və ya onun rəhbərliyi altında deyil, partizanların köməyi ilə) alman düşərgəsindən qaçmış (1965-ci ilin “Vətən yolunda” kitabında qeyd olunur ki, Aliyənin də daxil olduğu qrup almanların mühasirəsindən çıxmışdır) və həmin ilin fevral ayında Vasili İsayeviç Voroçenko tərəfindən idarə olunan və o dövrdə Smolensk vilayətinin Doroqobuj rayonunun meşələrində fəaliyyət göstərən “Deduşka” (ruscadan tərcümədə “baba”) partizan dəstəsinə qoşulmuşdu (Voroçenko yaşlı olduğuna görə dəstə onun şərəfinə belə adlandırılmışdı).
“Vətən yolunda” kitabında Aliyənin almanların mühasirəyə aldığı Smolensk meşəsindən Moskvadakı rəfiqəsi Тereza Xristoforovna Morqulovaya 19 aprel 1942-ci il tarixli aşağıdakı məktubu yazdığı qeyd olunur:
“Mənim əziz Terezoçkam! Beş ay susduqdan sonra bu məktubum səni yəqin ki, təəccübəndirəcəkdir. Əgər soruşsan ki, bu müddət ərzində harada idim – cəsarətlə cavab verə bilərəm: əsil cəhənnəmdə idim və indi də oradayam. Nə qədər dəhşətlər görmüşəm! Bu müddət ərzində işğal edilmiş vilayətdə idim. Yenidən özümüzünkülərin – partizanların yanındayam. Qayıdacağıma inanmıram. Bu ola bilməz. Ona görə də yaranmış imkana baxmayaraq özümüzünkülərə məktub yazmıram. Onlar mənim sağ olmadığım fikrinə alışmışlar. İstəmirəm ki, mənim üçün yenidən həyəcanlanmağa başlasınlar. Yüz faiz əminəm ki, həlak olacağam”.
[M. Alıcanov. Azərbaycan döyüşçülərin partizan hərəkatında iştirakı (1941-1944-cü illər). 1975-ci il, səh. 227]
[Azərbaycan böyük vətən müharibəsi illərində. 2020-ci il. səh. 73]
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
[Vətən yolunda. 1965-ci il, səh. 97;99]
[Prominent figures of Shusha in the history of migration in Azerbaijan. 2022. p., 155]
Aliyə Rüstəmbəyova yuxarıda qeyd olunan partizan dəstəsinin tibb-sanitar batalyonunun (sanitar bölməsinin) rəisi oldu. O, səhra şəraitində bir çox mürəkkəb cərrahi əməliyyatlar aparmış və yaralı partizanların həyatını xilas etmişdir.
[Azərbaycan böyük vətən müharibəsi illərində. 2020-ci il. səh. 236]
[M. Alıcanov. Azərbaycan döyüşçülərin partizan hərəkatında iştirakı (1941-1944-cü illər). 1975-ci il, səh. 227]
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
2 iyun 1942-ci ildə Aliyə Rüstəmbəyova son məktubunda anasına bu sözləri yazmışdı:
“Özümü yaxşı hiss edirəm. Düzdür, bir çox ərzaq mallarını, məsələn, şəkəri, çayı, yağı heç də həmişə görmürük… Yalın ayaqlarıma qaloş geyirəm. Kişi tumanından özüm üçün “zərif” kofta, alman bayrağından yubka və köynək tikmişəm. Almanların əlindən qaçarkən nə ki, paltarım vardı, hamısını atdım. Əynimdə olanlar köhnəlmişdir, indi hamı mənim kimi paltar geyir…”.
Vətən yolunda.1965-ci il, səh. 100]
“Deduşka” partizan dəstəsi 1942-ci ilin yazından bəri alman qoşunlarının mühasirəsində idi.
Aliyə bununla bağlı son məktubunda bunları qeyd edirdi: “Əziz anam! Yenə də almanların arxasındayam, partizan dəstəsindəyəm, lakin vəziyyətimiz dəyişmişdir, daha əlverişli şərait yaranmışdır. Tibb-sanitar batalyonumuz yaxın gələcəkdə “Böyük torpağa” gedəcəkdir. Öz qoşunlarımızla birləşmək ümidindəyik. Sizdən məktub almağı elə istəyirəm ki… Məktubumu alan kimi birdən-birə iki-üç məktub yazın. Bəlkə onlardan biri gəlib mənə çıxa bilə”.
1942-ci ilin yayında (və ya 30 iyun) Aliyə Rüstəmbəyova yaralı partizanları döyüş meydanından çıxararkən döyüşdə həlak olub. Lakin SovİKP Smolensk vilayət komitəsinin partiya arxivində göstərilir ki, 1942-ci il iyunun sonlarında Aliyə Rüstəmbəyova itkin düşüb. “Geri qaytarılmaz itkilər haqqında hesabat” sənədində onun itkin düşməsi tarixi həmin ilin iyun ayı olaraq göstərilir (burada onun adının Rüstəmbəyova Aliyə Fyodorovna kimi qeyd olunur, həmçinin məlumdur ki, onu Alya Fyodorovna deyə çağırardılar). “Deduşka” partizan dəstəsindən bir qadının verdiyi məlumata görə, Aliyə və dəstə komandirlərindən biri yaralanmış və onları təyyarə ilə Moskvaya aparmağa çalışmışlar. Lakin təyyarəyə düşmən bombası düşüb.
[M. Alıcanov. Azərbaycan döyüşçülərin partizan hərəkatında iştirakı (1941-1944-cü illər). 1975-ci il, səh. 227]
[Azərbaycan böyük vətən müharibəsi illərində. 2020-ci il, səh. 73;236]
[Geri qaytarılmayan itkilər haqqında məlumat. 1942-ci il, səh. 1]
[Vətən yolunda.1965-ci il, səh. 94;100;103]
Azərbaycan şairəsi Mirvarid Dilbazi Aliyə Rüstəmbəyovanın şərəfinə “Partizan Aliyə” adlı poema həsr etmişdir. O vaxtlar Azərbaycan SSR-nin birinci katibi olmuş Heydər Əliyev Aliyə Rüstəmbəyovanın şəxsiyyətini belə qiymətləndirirdi:
“… Böyük Vətən müharibəsi zamanı Smolensk vilayətində partizan dəstələrinin birində döyüşən, Azərbaycanın şanlı qızı hərbi həkim Aliyə Rüstəmbəyovanın göstərdiyi şücaəti mən yüksək dərəcədə səciyyəvi hesab edirəm”…
[Azərbaycan sovet ensiklopediyası. VIII cild. 1984-cü il, səh. 235]
[M. Alıcanov. Azərbaycan döyüşçülərin partizan hərəkatında iştirakı (1941-1944-cü illər). 1975-ci il, səh. 227]
[Azərbaycan. 9 sentyabr 1972-ci il, səh. 8]
Aliyə Rüstəmbəyovanın fotoşəkilləri, sənədləri, məktubları (o cümlədən onun mürəkkəbqabı və gümüş qələmi) Bakıda Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.
[Prominent figures of Shusha in the history of migration in Azerbaijan. 2022. p., 155]