Qarakənd faciəsi – Qarabag
Qarakənd faciəsi

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni silahlı birləşmələri tərəfindən “Mİ-8” tipli Azərbaycan helikopteri vurulmuşdur. Qarakənd faciəsinin nəticəsində, Rusiya və Qazaxıstan prezidentlərinin vasitəçiliyi ilə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanla Ermənistan arasındakı danışıqlar pozulmuşdur. Qarakənd faciəsindən sonra Ermənistan-Azərbaycan münaqişəsi tammiqyaslı müharibəyə çevrildi. Qarabag.com 30 il əvvəl Azərbaycanda baş verən hadisələrin qısa xronikasını təqdim edir. Material tərtib edilərkən Rusiya və Sovet İttifaqının “Novoye Russkoye Slovo”, “İzvestiya”, “Pravda”, “Bakinskiy Raboçiy”, “Komsomolskaya pravda” kimi qəzetlərindən istifadə olunmuşdur.

18 noyabr 1991-ci ildə erməni silahlı birləşmələri DQMV-nin Martuni rayonunun (hazırkı Xocavənd rayonu) Xocavənd kəndinə hücum etmişdirlər. Xocavənddə vəziyyətin aydınlaşdırılması məqsədilə, Azərbaycanın ali dövlət xadimlərinin, SSRİ Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvlərinin daxil olduğu komissiya yaradılmışdır.
[“Novoye Russkoye Slovo” qəzeti 23.12.1991., səh. 4]

20 noyabr tarixində, saat 13:30-da komissiya Mi-8T tipli helikopterdə (uçuş №72), Xocavənd kəndinə getmək üçün Ağdamdan Martuniyə yola düşdü. Təxminən bir saatdan sonra helikopter Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında partladı. Azərbaycan Müdafiə nazirliyi elmi-tədqiqat institutunun laboratoriyasında keçirilmiş ekspertiza nəticəsində aydın olmuşdur ki, helikopter yerdən pulemyot və avtomatlardan atəşə tutulub.
[“Novoye Russkoye Slovo” qəzeti 23.12.1991., səh. 4]
[“Bakinskiy Raboçiy” qəzeti №227 (22252) 22.11.1991., səh. 1-2]
[“Pravda” qəzeti №2, 3.01.1991., səh. 6]

Bir versiyaya əsasən, helikopter hələ havada partlamış və eyni zamanda yerə onun dağıntıları və həlak olanların cəsədləri düşməyə başladı. Lakin Mərzili kəndindən olan yerli sakin E.Sarıyevin sözlərinə görə, vurulmuş helikopter partlamamış və o, yerə enə bilmişdir. Daha sonra, onun eniş etdiyi yerə yük maşını getmiş. Müəyyən müddətdən sonra isə, helikopterin eniş etdiyi yerdən 15-20 dəqiqə ərzində aydın şəkildə güllə səsləri eşidilmişdir.
[“Novoye Russkoye Slovo” qəzeti 23.12.1991., səh. 4]
[“Komsomolskaya pravda” qəzeti №270-271 (20270-20271) 23.11.1991., səh. 1]
[“İzvestiya” qəzeti №283 (23549) 28.01.1991., səh.1]

Helikopterin düşdüyü yerə silahlı şəxslər gələrək həlak olanların əksəriyyətinin cəsədlərini eybəcər hala salmış (həlak olanların cəsədlərinin üzərindəki güllə izləri) və onları talamışdırlar. Onlar hərbçilərə və hüquq mühafizə orqanlarının əməkdaşlarına məxsus olan silahları, telejurnalistlərin videokassetlərini, videokamerasını və həlak olanların qiymətli əşyalarını talamışdırlar.
[“İzvestiya” qəzeti №283 (23549) 28.01.1991., səh. 1]
[“Novoye Russkoye Slovo” qəzeti 23.12.1991., səh. 4]

Vurulmuş helikopterin “qara qutusu” Azərbaycan hakimiyyəti tərəfindən Moskvaya təhvil verilmiş və tezliklə onun yandığı elan edilmişdir.
[Y.A. Pompeyev. “Qanlı Qarabağ burulğanı”.1992., səh. 62]

Bu faciə ilə əlaqədar olaraq Azərbaycanda üç günlük matəm elan olunmuşdur.
[“Bakinskiy Raboçiy” qəzeti №227 (22252) 22.11.1991., səh. 1]

Qarakənd faciəsinin qurbanlarının siyahısı:

  1. Tofiq İsmayılov – Azərbaycanın dövlət katibi, SSRİ xalq deputatı.
  2. Vaqif Cəfərov – SSRİ xalq deputatı, Şuşa rayon Xalq deputatları sovetinin sabiq sədri.
  3. İsmət Qayıbov – Azərbaycanın Baş prokuroru.
  4. Məhəmməd Əsədov – general-mayor, Azərbaycanın dövlət müşaviri (Azərbaycan Respublikasının sabiq daxili işlər naziri).
  5. Vəli Məmmədov – SSRİ Xalq deputatı.
  6. Qurban Namazəliyev – Azərbaycanın xalq deputatı, respublikanın meliorasiya və su təsərrüfatı nazirinin birinci müavini.
  7. Zülfü Hacıyev – Azərbaycan Baş nazirinin müavini.
  8. Osman Mirzəyev – Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Prezidenti Aparatının mətbuat şöbəsinin müdiri.
  9. Alı Mustafayev – Azərbaycan televiziyasının müxbiri.
  10. Fəxrəddin Şahbazov – Azərbaycan televiziyasının operatoru.
  11. Arif Hüseynzadə – Azərbaycan televiziyasının işıqçısı.
  12. Rafiq Məmmədov – Azərbaycan dövlət katibinin köməkçisi.
  13. Nikolay Jinkin – daxili xidmət general-mayoru, fövqəladə vəziyyətin elan edildiyi rayonun komendantı.
  14. Vladimir Kovalev – daxili xidmət general-mayoru, Azərbaycan Respublikası DQMV Daxili işlər idarəsinin rəisi.
  15. Sergey İvanov – Azərbaycan Milli təhlükəsizlik nazirliyinin DQMV üzrə idarəsinin rəisi.
  16. İqor Plavski – DQMV prokuroru.
  17. Saylau (Sanlan) Serikov – Qazaxıstanın daxili işlər nazirinin müavini.
  18. D.Lukaşov – polis general-mayoru, RSFSR Daxili işlər nazirliyinin şöbə müdiri.
  19. Oleq Koçerev – polkovnik- leytenant, SSRİ Silahlı qüvvələri Baş qərargahının nümayəndəsi.
  20. Vyaçeslav Kotov – mayor, ekipaj komandiri.
  21. Dmitri Yalovenko (Yakovlev) – leytenant, baş pilot- şturman.
  22. Gennadi Dolqov – kapitan, baş texnik.

   [“Bakinskiy Raboçiy” qəzeti №227 (22252) 22.11.1991., səh. 2]

image_pdfimage_print