Tacikistan SSR-in baş cərrahı vəzifəsində çalışmış azərbaycanlı, Şuşada anadan olan: Xanlar Hacıyev
Azərbaycanlı cərrah, tibb elmləri doktoru, tibb xidməti general-mayoru, professor Xanlar Cavad oğlu Hacıyev 27 noyabr 1903-cü ildə Şuşa şəhərində fəhlə ailəsində anadan olmuşdur.
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]
[II dərəcəli Vətən müharibəsi ordeni. Mükafat sənədi. 1944-cü il, səh. 2]
Özbəkistanın Daşkənddəki indiki Mirzo Uluqbəy adına Milli Universitetinin (1928) tibb fakültəsini bitirdikdən sonra Xanlar Hacıyev Tacikistan SSR-nin Respublika Xəstəxanasının (indiki Tacikistan Respublikası) cərrahlıq şöbəsinə ordinator göndərildi.
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]
1936-cı ildə Xanlar Hacıyev namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etdi.
[“Bakinskiy raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]
1940-cı ildə Xanlar Hacıyev sovet ordusu sıralarına çağırıldı. Nasist Almaniyasının SSRİ-yə hücumundan sonra (1941), 1942-ci ilin mayında Xanlar Hacıyev Kerç şəhərində (Krım) yaralandı və kontuziya aldı. 1943-cü ildə o, ordu cərrahı vəzifəsinə təyin edildi. Xanlar Hacıyev hərbi-səhra cərrahiyyəsindəki uğurlarına (yaralılara cərrahi yardımın təşkili), orduda cərrahi kadrların hazırlanmasına və s. xidmətlərinə görə I və II dərəcəli Vətən müharibəsi, Qırmızı Bayraq, Qırmızı Ulduz, “Şərəf Nişanı” ordenləri və “Qafqazın müdafiəsinə görə” kimi s. medallarla təltif olunmuşdur.
1944-cü il mükafat vərəqəsində onun xidmətləri aşağıdakı kimi təsvir edilir:
“Ordu qoşunlarının tibbi-cərrahi təminatı üzrə y. (yoldaş sözünün qısaldılmış forması) Hacıyev tərəfindən görülmüş böyük məhsuldar işin sayəsində yaralardan ölüm faizinin əhəmiyyətli dərəcədə azaldılmasına, yaralıların müalicəsinin və sağalmalarının sürətləndirilməsinə və sıraya qayıtma faizinin artırılmasına nail olundu…
…Prof. Hacıyev minlərlə yaralı döyüşçü və zabitin həyatının qorunub saxlanılması üzrə əməliyyatlarda çox böyük işlər görmüşdür”.
[I dərəcəli Vətən müharibəsi ordeni. Mükafat sənədi. 1944-cü il, səh. 2]
[Qırmızı Ulduz ordeni. Mükafat sənədi. 1944-cü il, səh. 2]
[Qırmızı Bayraq ordeni. Mükafat sənədi. 1945-ci il, səh. 1]
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[“Vestnik Avitsennı” jurnalı Cild 22, №2 2020-ci il, səh. 182]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]
1940-1950-ci illərdə Xanlar Hacıyev Tacikistan SSR-nin baş cərrahı olmuşdur.
Sovet cərrahı Yuri Viktoroviç Şapiro öz xatirələrində onun haqqında aşağıdakıları yazırdı:
“Fakültənin cərrahiyyə kafedrasına professor Xanlar Cavadoviç Hacıyev rəhbərlik edirdi. O, respublikanın baş cərrahı idi. Gözəl cərrah, o, bizə qalxanabənzər vəzi üzərində əməliyyatları göstərirdi – boğaz uruna görə Tacikistan endemikdir (yəni bir coğrafi əraziyə xas olan xəstəlik). Bu əməliyyatlar ustalıq dərəcəsinə çatdırılmış cərrahi texnika tələb edirdi, bir çox hallarda döşsümüyü arxasında olan kiloqram ağırlığında boğaz uru nadir deyildi. Azərbaycan temperamentinə malik olan Xanlar Cavadoviç bəzən onu əməliyyatlarda bizə nümayiş etdirirdi, əməliyyat otağındakı şüşələr onun qışqırığından titrəyirdi, alətlər divara atılırdı, assistentləri tər basırdı. Əməliyyat başa çatdıqdan sonra onun əməliyyat tibb bacısı işdən çıxmaq barədə ona ərizə gətirirdi, o, stresdən özünə gələrək, üzr istəyir, onu sakitləşdirir, ona bir fincan qəhvə süzür və məsələ sülh ilə bitirdi”.
[“Zdravıy Smısl” jurnalı Bahar. №2 (35) 2005-ci il, səh. 5]
1945-1964-cü illərdə Hacıyev Vladikavkaz şəhərində (Rusiya) indiki Şimali Osetiya Dövlət Tibb Akademiyasının qospital cərrahlığı kafedrasına rəhbərlik etmişdir. Lakin “Vestnik Kavkaza” elmi-tibbi jurnalında qeyd olunur ki, Xanlar Hacıyev 1946-1961-ci illərdə Düşənbə şəhərində indiki Abuəli ibn Sino (Avisenna) adına Tacikistan Dövlət Tibb Universitetində yuxarıda adı çəkilən kafedraya rəhbərlik etmişdir.
[“Bakinski raboçi” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]
[“Vestnik Avitsennı” jurnalı Cild 22, №2 2020-ci il, səh. 182]
Y. Şapiro qeyd edirdi ki, Tacikistan SSR-nin baş cərrahı olan Xanlar Hacıyevin Rostovdan olan həkim, Rumyantsev soyadlı biri ilə münaqişəsi olmuşdu. O, aşağıdakıları yazırdı:
“1953-cü ildə Xanlar Cavadoviçin başına xoş olmayan bir hadisə gəldi. O dövrdə elmdə obskurantizmin (cəhalətpərəstlik) geniş yayılması fırıldaqçıların ikrah oyadan fiqurlarının canlanmasına səbəb olmuşdu – onlardan biri sovet təbabətində yeni bir fəsil – toxuma transplantasiyalarını “kəşf etmiş” Rostovdan olan həkim Rumyantsev idi. Əslində bunda yeni heç bir şey yox idi, transplantasiyalarla Odessada Filatov, Moskvada Kazakov məşğul olurdular, reiz-terapiya Almaniyada keçən əsrin əvvəllərində tətbiq edilmişdir. Yenicə peyda olmuş “peyğəmbərin” kəşfi, onların daha çox potensial enerjiyə sahib olduqlarını hesab edərək heyvanların və uzunömürlü quşların toxumalarını xəstələrə köçürülməsini təklif etməsindən ibarət idi. Tacikistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi V. Qafurov (1946-1956-cı illərdə bu vəzifəni tutan Bobocan Qafurov nəzərdə tutulur) şəkərdən əziyyət çəkirdi və Rumyantsev Kreml xəstəxanasında ona transplantasiya etdi. Minnətdarlıq əlaməti olaraq Qafurov onu Tacikistana gəlməyə dəvət etdi. Təcrübəni nümayiş etdirilməsi üçün Ümumi Cərrahiyyə Klinikası seçildi. Bütün planlaşdırılmış əməliyyatlar ləğv edildi, səhər tezdən partiya, sovet əyanları və onların qohumları hökumət maşınları ilə klinikaya yaxınlaşmağa başladılar. Dağlarda bir neçə qartal vurdular, onları klinikaya gətirdilər. Rumyantsev əməliyyat otağında sanki dini ayin icra edirdi. Xəstələrə qaraciyər, böyrək, dalaq və toxumluğun parçalarını əkərkən əlində nəyi rəhbər tuturdu – heç kim bilmirdi. Axşam institutda tibbə aidiyyəti olan hamının iştirakı ilə institutun Elmi Şurasının açıq iclası çağırıldı. Rumyantsev Rəyasət Heyətində oturmuşdu, azacıq sərxoş idi və toplanan əyalət adamlarına yuxarıda aşağı baxırdı. Onun məruzəsi cəhalətin və həyasızlığın qarışığı idi. O, SSRİ səhiyyə nazirinin müalicəsi buraxılmış xərçəng formaları ilə olan 40 xərçəng xəstəsinə transplantasiya etməsinə icazə verdiyini və bütün şişlərin və metastazların sorulub yox olunduğunu söylədikdə, iclasda iştirak edənlərin ağızları açıq qaldı. Xanlar Cavadoviç dözmədi. Ö, söz aldı və tribunadan bildirdi ki, respublikanın baş cərrahı kimi belə bir “əməliyyatı” təkrarlamağa özünə rəva bilən istənilən cərrahı məhkəməyə verəcəkdir. Rumyantsev, onun artıq bunlardan keçdiyini, müalicəsi buraxılmış döş xərçəngindən əziyyət çəkən Rostov prokurorunun həyat yoldaşına transplantasiyanı etdiyini və onun şişinin sorulub yox olduğunu söyləyərək qışqırmağa başladı. Hacıyev onu hamının qarşısında cahil adlandırdı. Əməlli-başlı qalmaqal yarandı. Ertəsi gün institutun partiya bürosu toplandı və Hacıyev partiyadan xaric edildi və müdiriyyət qarşısında onun kafedra rəhbəri vəzifəsindən azad edilməsi məsələsi qoyuldu. Lakin bu zaman Stalin öldü və sanksiyalar məsələsi bir daha qaldırılmadı. Rumyantsev it-bat oldu. Bir neçə ildən sonra Hacıyev Bakı Tibb İnstitutunda kafedra aldı və ölənə qədər orada işlədi”.
[“Zdravı Smısl” jurnalı Bahar. №2 (35) 2005-ci il, səh. 5]
Bakıya köçdükdən sonra (1964) Xanlar Hacıyev indiki Azərbaycan Tibb Universitetinin operativ cərrahlıq kafedrasına, 1967-ci ildən isə ömrünün sonuna qədər Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahlıq kafedrasına rəhbərlik etmişdir.
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
Uzun illər ərzində Xanlar Hacıyev Ümumittifaq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin üzvü və Azərbaycan Cərrahlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü olmuşdur. O, döş qəfəsi, qarın boşluğu, onkoloji, uroloji xəstəlikləri olan pasiyentləri uğurla əməliyyat edirdi. Xanlar Hacıyev, həmçinin bir neçə Avropa dillərini mükəmməl bilirdi.
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[“Vestnik Avitsennı” jurnalı Cild 22, №2 2020-ci il, səh. 182]
Xanlar Hacıyev 2 yanvar 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.
[“Bakinski raboçiy” qəzeti №2 (15425) 3.01.1969-cu il, səh. 4]
[Azərbaycan sovet ensiklopediyası. Cild Х. 1987-ci il, səh. 154]