“Şuşanın dağları” mahnısının müəllifi: xanəndə Xan Şuşinski

Azərbaycanlı müğənni-xanəndə Xan Şuşinski (əsl adı İsfəndiyar Aslan oğlu Cavanşirov) 20 avqust 1901-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Lakin azərbaycanlı publisist Mustafa Çəmənlinin, 2007-ci il tarixli “Xan Şuşinski” adlı kitabında onun doğulduğu yer Şuşa qəzasının Ballıca kəndi (indi Azərbaycanın Xocalı rayonu) göstərilir. Xan Şuşinskinin əsli Qarabağ xanları -Cavanşirlər nəslindən idi.
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 7]
[E. E. İsmayılov. Qafqaz və Qlobalizasiya. 8-cild, 3-4-cü buraxılış, 2014. Məqalə: Qarabağ xanları: soyun yuxarı xəttinin hər bir nəsil budağının təsviri., səh. 159]


İbtidai təhsilini mədrəsədə aldıqdan sonra İsfəndiyar Şuşa real gimnaziyasına daxil olmuşdur. Gimnaziyanı bitirdikdən sonra o, muğam sənətini azərbaycanlı xanəndə İslam Abdullayevdən öyrənmişdir. Məhz İslam Abdullayev ona “Xan Şuşinski” adını vermişdir. Şuşada öz peşəsinin ustalarına “Xan” ləqəbini vermək adəti var idi.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 8-10; 13-14]
[Ç. Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 253]

Azərbaycanlı xanəndə Cabbar Qaryağdı oğlu Xan Şuşinskini “gələcəyin ən yaxşı müğənnisi” adlandırırdı, azərbaycanlı sənətşünas Firudin Şuşinski isə onun haqqında aşağıdakıları yazırdı:
“Xan geniş diapazonlu xoşavaz səsə malikdir. Şuşa ağsaqqallarının iddiasına görə, belə səsə yalnız Hacı Hüsü (azərbaycanlı xanəndə) malik idi. Cəsarətlə demək olar ki, Cabbar Qaryağdı və Seyid Şuşinskidən sonra heç kim Xan Şuşinski kimi ritmik muğamları belə məharətlə ifa etmirdi”.
[F. Şuşinski. Şuşa. 1968-ci il., səh. 109-110]

1918-ci ildə Xan Şuşinski ailəsi ilə birlikdə Ağdam şəhərinə köçmüşdür, 1919-cu ildə isə Gəncə şəhərində Azərbaycan Cümhuriyyətinin ordu sıralarında (1918-1920) xidmət etmişdir.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 19]

Sovet hakimiyyəti qurulduqdan sonra (1920) repressiyalar ondan yan keçsə də onun bəzi qohumları repressiyaya məruz qaldılar. 1924-cü ildən Şuşinski Bakıda və Azərbaycanın digər şəhər və kəndlərində qastrol konsertləri verirdi.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 20]
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499). səh. 3]

1928-ci ildə Xan Şuşinski Ağdamda yerli musiqiçilərdən ibarət xalq çalğı alətləri ansamblı yaratmış, 1938-1939-cu illərdə isə Ağdamın müəllimlər evində muğam sinfi açmışdır.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 23]

1934-cü ildə Xan Şuşinski Tbilisi şəhərində (Gürcüstan) keçirilən birinci Zaqafqaziya incəsənət olimpiadasında birinci yer tutmuşdur.
[F. Şuşinski. Şuşa.1968-ci il., səh. 109]
[Fərman., 1934]

1930-cu illərdə, Stalin repressiyaları dövründə Azərbaycan KP MK-nin birinci katibi Mir Cəfər Bağırovla görüşdə Azərbaycanın görkəmli xadimləri-bəstəkar Üzeyir Hacıbəyov, şair Səməd Vurğun və yazıçı Mirzə İbrahimov Xan Şuşinskinin tərəfini saxlayaraq onu müdafiə etmişdilər.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 38-40]

Sovet-alman müharibəsi (1941-1945) illərində Xan Şuşinski hospitallarda və çağırış məntəqələrində sovet əsgərləri qarşısında çıxış edirdi.
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]

17 iyun 1943-cü ildə teatr sənəti sahəsindəki xidmətlərinə görə Xan Şuşinskiyə Azərbaycan SSR-ın xalq artisti adı verilmişdir.
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]
[Azərbaycan SSR Xalq artistinin fəxri fərmanı., 1943]

1944-cü ildə Şuşinski İranda qastrol səfərlərində olmuşdur və Təbriz, Ərdəbil, Urmiya, Tehran, Qəzvin, Rəşt və Marağa kimi şəhərlərdə çıxış etmişdir.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 50]

1939-cu ildən 1970-ci illərin əvvəllərinədək Xan Şuşinski Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Onun yaradıcılığının təşəkkül tapmasında və təkmilləşməsində Üzeyir Hacıbəyovun rolu var.
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]
[М. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 45]

1956-cı ildə Xan Şuşinski Üzeyir Hacıbəyovun eyni adlı operettasının motivləri əsasında çəkilmiş “O olmasın, bu olsun” bədii filmində xanəndə rolunu oynamışdır. 1959-cu ildə xanəndə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti Ongünlüyündə çıxış etmişdir.
[M. Çəmənli. Xan Şuşinski. 2007-ci il., səh. 50]
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]

29 dekabr 1971-ci ildə Azərbaycanın musiqi sənəti sahəsindəki xidmətlərinə və anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı; “Şərəf Nişanı” ordeni və digər medallarla təltif olunmuşdur.
[Fəxri Fərman. 1971]
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]

Xan Şuşinski 18 mart 1979-cu ildə Bakıda vəfat etmişdir. O, Bakıda, 2-ci Fəxri xiyabanda dəfn olunmuşdur.
[“Bakinski raboçi” qəzeti. 20.03.1979-cu il., №65 (18499) səh. 3]