Cəbrayılda anadan olan Sovet İttifaqı Qəhrəmanı: Cəmil Əhmədov

Cəmil Məmməd oğlu Əhmədov 10 mart 1924-cü ildə Cəbrayıl kəndində (indiki Cəbrayıl şəhəri) anadan olub.
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1980, səh. 259]
[Sovet İttifaqı qəhrəmanları. Qısa bioqrafik lüğət. 1. 1987-ci il, səh. 91]
[R. Məmmədov. Azərbaycanlılar vətənləri uğrunda döyüşürdülər. 2005-ci il, 11]

1941-ci ildə Cəmil orta məktəbi bitirdi. Nasist Almaniyasının Sovet İttifaqına hücumundan (22 iyun 1941-ci il) sonra Cəmil cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət etsə də, çağırış yaşına çatmamış bir gənc olduğundan onun xahişinin yerinə yetirilməsindən imtina edildi.
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 55]

1942-cü ilin martında Cəmil Əhmədov sovet ordusu sıralarına çağırıldı, və həmin ilin sentyabrında cəbhəyə yola düşdü. O, Şimali Qafqaz, Krım, Belarus və Polşa uğrunda döyüşlərdə iştirak etdi.
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 55-58]
[Mükafatların siyahısı. 3 iyul 1944-cü il]

1942-cu ilin dekabrında Cəmil Əhmədov ilk dəfə yaralandı. 1943-cü ildə isə o, Bakı şəhərində Serqo Orconikidze adına hərbi piyada məktəbini bitirərək kiçik leytenant rütbəsini aldı. Məktəbi bitirdikdən sonra kiçik leytenant rütbəsində olan Əhmədov atıcı tağımın komandiri təyin olundu.
[R. Məmmədov. Azərbaycanlılar vətənləri uğrunda döyüşürdülər. 2005-ci il, 11]
[Sovet İttifaqı qəhrəmanları. Qısa bioqrafik lüğət. 1. 1987-ci il, səh. 92]
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 55-56]

14 may 1944-cü ildə Cəmil Əhmədova “qvardiya leytenantı” rütbəsi verildi.
Məhz həmin ilin iyun ayında hərbi əməliyyatlarda o, bir-birinin ardınca üç dəfə yaralandı, lakin hər səfərində o döyüş meydanını tərk etmədi.
24 iyun 1944-cü ildə Prujinişe (indiki Belarus) kəndi uğrunda gedən döyüşdə Cəmil Əhmədov ilk dəfə başından yaralandı.
25 iyun 1944-cü ildə Əhmədov öz tağımı ilə Tremlya çayını (Qomel vilayəti, Belarus) birinci keçdi. On saat ərzində öz tağımı ilə qurşağa qədər suda duran Əhmədov digər bölmələr yaxınlaşana qədər keçidi saxladı. Cəmilin yaralandığını görən bölük komandiri ona hospitala getməyi təklif etdi. Cəmil Əhmədovun buna cavabı belə oldu:
“Nə qədər ki, mənim ürəyim vurur, nə qədər ki, əllərim avtomat tutur döyüş meydanından çıxmayacam”.

26 iyun 1944-cü ildə Malın kəndinə (Qomel vilayəti, Belarus) hücum zamanı Əhmədov budundan ağır yaralansa da tağıma komandanlıq etməyə davam etdi. Almanlar kənddən sıxışdırılıb çıxarıldıqdan sonra qan itkisindən huşunu itirən Əhmədov səhra hospitalına çatdırıldı.
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 57-58]
[Sovet İttifaqı qəhrəmanları. Qısa bioqrafik lüğət. 1. 1987-ci il, səh. 91]
[Azərbaycanın qızıl ulduzları.1975-ci il, səh.106]
[Sovet İttifaqı qəhrəmanı. Cəmil Əhmədov. 1975-ci il, səh. 48-49]
[Mükafatların siyahısı. 3 iyul 1944-cü il]

26 sentyabr 1944-cü ildə sağaldıqdan sonra Cəmil Əhmədov cəbhəyə qayıtdı. Bu dəfə o, bölük komandiri təyin olundu. 1944-cü ilin oktyabrında Əhmədov Narev çayı yaxınlığında Zalubitse Stare (Polşa) kəndinin azad edilməsi zamanı yenidən üç dəfə yaralandı.
6 oktyabr 1944-cü ildə Cəmil Əhmədov dördüncü dəfə, lakin bu dəfə ölümcül yaralandı. Əhmədovu döyüş meydanından çıxararkən ona bir mərmi qəlpəsi dəydi. Cəmil Əhmədov 17 (6) oktyabr 1944-cü ildə aldığı yaralardan vəfat etdi. Lakin həmin illərin sənədlərində və bəzi mənbələrdə Cəmil Əhmədovun 2 sentyabr 1944-cü ildə həlak olduğu göstərilir. O, Varşavada (Polşa) Sovet döyüşçülərinin qəbiristanlığında dəfn edildi.
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 59]
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1980, səh. 259]
[Sovet İttifaqı qəhrəmanları. Qısa bioqrafik lüğət. 1. 1987-ci il, səh. 92]
[Sovet İttifaqı qəhrəmanı. Cəmil Əhmədov. 1975-ci il, səh. 46-47; 51-52]
[Əvəzolunmaz itkilər haqqında məlumat]

24 mart 1945-ci ildə Cəmil Əhmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. O, həmçinin Qızıl Ulduz, Aleksandr Nevski və Lenin ordenləri ilə təltif olunmuşdu. Arxiv sənədlərində onun adı Camal (Əhmədov) kimi qeyd olunur.
[Sovet İttifaqı qəhrəmanları. Qısa bioqrafik lüğət. 1. 1987-ci il, səh. 92]
[Azərbaycanın qızıl ulduzları.1975-ci il, səh.104]
[A.A.Hüseynov. Azərbaycan 1941-1945. Sovet İttifaqı Qəhrəmanları. 2017-ci il, səh. 57;59]
[R. Məmmədov. Azərbaycanlılar vətənləri uğrunda döyüşürdülər. 2005-ci il, 11]
[Azərbaycan sovet ensiklopediyası. IV Cild. 1980-ci il, səh. 259]
[Mükafatların siyahısı. 3 iyul 1944-cü il]
[Mükafatların siyahısı]
[Əvəzolunmaz itkilər haqqında məlumat]

1972-ci ildə Cəmil Əhmədov haqqında “Qayıdacağına inanırdı” adlı sənədli film çəkilib. Cəbrayılda bir küçə və bir məktəbə onun adı verilmişdi.
[Azərbaycan sovet ensiklopediyası. IV cild. 1980-ci il, səh. 259]
[R. Məmmədov. Azərbaycanlılar vətənləri uğrunda döyüşürdülər. 2005-ci il, 11]

1993-cü ildə Cəbrayılın Ermənistan silahlı birləşmələri tərəfindən işğalından sonra Cəmil Əhmədovun ev-muzeyi və onun şərəfinə ucaldılmış iki büst dağıdıldı.
[Azərbaycan sovet ensiklopediyası. IV Cild. 1980-ci il, səh. 259]
[Azərbaycanın qızıl ulduzları. 1975-ci il, səh. 107]