Seyid Şuşinski: opera səhnəsində də çıxış etmiş muğam ifaçısı

Azərbaycanlı müğənni-xanəndə (muğam ifaçısı), musiqi xadimi və pedaqoq Seyid Şuşinski (əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğlu) 12 aprel 1889-cu ildə Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun Horadiz şəhəri) tacir ailəsində anadan olmuşdur. 
[“Bakinski Raboçiy” qəzeti №142 (21567) 18.06.1989., səh. 3]
[Azərbaycan sovet ensiklopediyası, X cild. 1987-ci il., səh. 581]

Seyid ilk təhsilini doğma kəndinin mədrəsəsində almışdır. Atasını erkən itirən Seyidə əvvəlcə bibisi, öz dövrünün savadlı, mütərəqqi qadını olan xanəndə Məşədi Hürzad, sonra isə bir müddətdən sonra onu özü ilə Şuşaya aparmış əmisi tərəfindən tərbiyə verilmişdir. Seyid Şuşinskinin musiqi istedadının formalaşmasında azərbaycanlı müğənni-xanəndə Cabbar Qaryağdı oğlu mühüm rol oynamışdır.
[“Bakinski Raboçiy” qəzeti №142 (21567) 18.06.1989., səh. 3]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

1987-ci il “Azərbaycan sovet ensiklopediyası” na görə Seyid 1907-ci ildə Şuşada azərbaycanlı alim, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın musiqi məktəbində təhsil alırdı. Lakin Ç.Qacarın 2007-ci il tarixli “Köhnə Şuşa” kitabında Seyid Şuşinskinin, ehtimal ki, 1908-ci ildə (yaxud ondan sonra) M.Nəvvabın məktəbində oxuduğu göstərilir:
“Tam müzəffəriyyətlə bitmiş ilk açıq konsertini (Şuşada), Seyid 1908-ci ildə vermişdi. O, əvvəlcə “Mani”ni, sonra isə tamaşaçıların təkidi ilə “Bayatı-Şiraz”ı (muğamlar) oxudu. Bundan sonra tamaşaçılar elə coşqunluq içində idilər ki və elə səs – küylü şəkildə öz rəğbətlərini bildirirdilər ki, konsertdə iştirak edən Xanlıq Muxtar (xan sarayında xidmət etmiş, şəhərin ən hörmətli adamlarından biri idi) Seyidə növbəti nömrənin – “Şəkər oğlu” şikəstəsinin oxumasına imkanın verilməsi üçün havaya iki atəş açmalı oldu. Konsertdən sonra 19 yaşlı Seyidin şöhrəti o qədər artır ki, Seyid Əlinin evinin yanında Seyidi toya və ya hansısa şadlığa dəvət etmək istəyən adamların kütləsi toplaşardı. Amma əmisi Seyidin təhsilini davam etdirmək qərarına gəlir və onu  Mir Möhsün Nəvvabın yanına qoyur. O, bu məktəbdə iki il oxuyur”.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 286]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

1911-ci ildə Tiflis şəhərində (indiki Tbilisi, Gürcüstan)  konsertlərindən sonra Şuşinski bütün Zaqafqaziyada məşhurlaşdı. 1912-ci ildə azərbaycanlı yazıçı, “Molla Nəsrəddin” adlı Azərbaycan satirik jurnalının redaktoru Cəlil Məmmədquluzadənin təşəbbüsü və Seyid Şuşinskinin bilavasitə köməyi ilə Tiflisdə azərbaycanlı əhalinin yaşadığı Şeytan Bazar məhəlləsində “Auditoriya” klubu açıldı. Klubun açılış günündə Şuşinskinin rəhbərliyi ilə burada “Şərq konserti” təşkil edildi, konsertdən toplanan vəsait isə kluba ianə edildi.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

Seyid Şuşinski opera səhnəsində də çıxış edən xanəndələrdən biri idi. O, azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında İbn Salam, “Arşın mal alan” operettasında Əsgər və  “O olmasın, bu olsun” operettasında Sərvər rolunu oynamışdır.
[Ç.Qacar. Köhnə Şuşa. 2007-ci il., səh. 287]

Seyid Şuşinskini xalq arasında mesenat adlandırırdılar, çünki o, Azərbaycan teatrına və aktyorlara, ehtiyacı olan tələbələrə maddi yardım göstərirdi, həmçinin Molla Nəsrəddin jurnalının nəşri üçün vəsait ianə edirdi.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 104-105]

1913-1914-cü illərdə Seyid Şuşinskinin ifasında bir sıra muğamlar Kiyevdə (indiki Ukrayna) “Ekstrafon” Səhmdar Cəmiyyəti tərəfindən vallara yazılmışdır.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]
[“Bakinski Raboçiy” qəzeti №142 (21567) 18.06.1989., səh. 3]

1924-1926-cı illərdə Şuşinski, Azərbaycan Dövlət Dram Teatrının artisti olmuşdur, 1926-1933-cü illərdə isə Azərbaycan dövlət konservatoriyasında muğam sənətini tədris etmişdi (indiki Ü. Hacıbəyov adına Bakı musiqi akademiyası).
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

1933-1938-ci illərdə Şuşinski Karyagin (indiki Füzuli) Dram Teatrının bədii rəhbəri kimi işləmişdir, 1939-1960-cı illərdə isə Azərbaycan radiosu və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]


Üzeyir Hacıbəyov Seyid Şuşinskinin öz müstəqil və orijinal yaradıcılıq yolunun olduğunu qeyd edirdi, Azərbaycan bəstəkarı Fikrət Əmirov isə onu “Azərbaycan xalqının xəzinəsinin nadir incisi” “Azərbaycan musiqisinin çırpınan ürəyi” kimi səciyyələndirirdi.
[F. Şuşinski. Şuşa.1968-ci il., səh. 104-105]
[“Bakinski Raboçiy” qəzeti №142 (21567) 18.06.1989., səh. 3]

1943-cü ildən ölümünə qədər (1965) Şuşinski Asəf Zeynallı adına Musiqi məktəbində (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kolleci) muğam sinfi üzrə dərs demişdir. O, ömrünün son illərində Azərbaycan Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləmişdir.
[F.Şuşinski. Şuşa.1968-ci il., səh. 104-105]
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

1956-cı ildə Seyid Şuşinskiyə Azərbaycan SSR xalq artisti, 1961-ci ildə isə respublikanın əməkdar müəllimi adı verilmişdir. O, həmçinin “Şərəf Nişanı” ordeni ilə də təltif edilmişdir. Seyid Şuşinskinin yetirmələri arasında Xan Şuşinski, Zeynəb Xanlarova, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Rübabə Muradova və İslam Rzayev kimi azərbaycanlı ifaçılar olmuşlar.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]
[“Bakinski Raboçiy” qəzeti №142 (21567) 18.06.1989., səh. 3]
[F. Şuşinski. Şuşa.1968-ci il., səh. 104-105]

Seyid Şuşinski 1 noyabr 1965-ci ildə Bakıda vəfat etmişdir.
[Azərbaycan sovet ensiklopediyası. X cild. 1987-ci il., səh. 581]

1989-cu ildə Şuşada keçirilən ilk beynəlxalq “Xarı bülbül” musiqi festivalı Seyid Şuşinskinin 100 illiyinə həsr olunmuşdu.