Qarabağ xanı Pənah Əli Xanın yüksələn qüdrətinin rəmzi: Şahbulaq qalası
Ağdam şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən sonra, 23 iyul 1993-cü il tarixində Şahbulaq qalası vandalizmə məruz qaldı. Ağdamın erməni işğalından azad edilməsi ilə 20 noyabr 2020-ci ildə Ağdam şəhərindən təxminən 10 km aralıda yerləşən Qarabağ xanlığının ikinci inzibati mərkəzi olan Şahbulaq qalasının bərpası istiqamətində işlər aparılır.
Şahbulaq qalası Azərbaycanın Ağdam rayonunun Şahbulaq kəndi yaxınlığındakı təpənin ətəyində yerləşir.
Qala Qarabağlı Pənah Əli xan tərəfindən 1751-1752-ci (1748-1749) illərdə tikilmişdir. Lakin əfsanəyə görə Şahbulaq qalası Nadir Şah Əfşar tərəfindən, onun Qarabağı fəth edən zaman inşa edilmişdir.
[Mirzə-Adıgözəl-bəy Qarabağ-namə 1950-ci il., səh. 55]
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il., səh. 70;101]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 69]
[“Qafqaz” qəzeti №62.1852.səh. 260]
[E. Veydenbaum. Qafqaz üçün bələdçi. 1888-ci il., səh.394]
1748-ci ildə Bayat qalası yaxınlığındakı döyüşdə Şəki və Şirvan xanları üzərində qələbə çalmış Pənah Əli xan Qarabağ məliklərinə qarşı səmərəli mübarizə aparmaq məqsədilə öz adını Səfəvi hökmdarı I Şah Abbasdan almış Şahbulaq bulağı yaxınlığındakı Tərnəküt kəndində daha təhlükəsiz qalanın inşa edilməsi qərarına gəldi.
Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu barədə yazır:
“Bu hadisədən sonra Pənah xan düşündü: hələ mən yenicə ayaqlarım üstünə qalxmışam, Cavanşirin əhalisi, Otuziklər mənə qarşı çıxış edirlər, Xəmsə məlikləri mənimlə düşmənçilik edirlər. Mən daha da möhkəmləndirilmiş və dişbatmaz yerdə məskunlaşmalıyam. Mən düşmənlərin hiylələrinə və qəsdlərinə biganə yanaşmamalıyam”.
[Mirzə-Adıgözəl-bəy. Qarabağ-namə 1950-ci il., səh. 54-55]
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il., səh. 68]
[Abbasqulu ağa Bakıxanov. Gülüstani-İrəm. 1991-ci il., səh. 77]
Rus hərbi tarixçisi V. Potto qalanı aşağıdakı kimi təsvir edir:
“Qarabağ xanlığında, daşlı təpəliyin ətəyində, Yelizavetpoldan Şuşaya gedən yolun düz yaxınlığında ətrafına altı yarıdağılmış dəyirmi qülləli yüksək daş divardan hasar çəkilmiş qədim qəsr durur. Əzəmətli-böyük konturları ilə yolçunu heyrətləndirən bu qəsrin yanında Şah-Bulaq bulağı qaynayır“.
[V.Potto. Ayrı-ayrı oçerklər, epizodlar, əfsanələr və tərcümeyi-hallarda Qafqaz müharibəsi. 2-cild. 1887-ci il., səh. 378]
“Qafqazda rus hakimiyyətinin bərqərar olması” 1901-ci ilin kitabında qalanın ətraflı təsviri verilir:
“Şah-bulax qəsri eyni adlı çayın sahilində yerləşir. O Qarabağ hökmdarlarından biri, Pənah xan tərəfindən, Şuşa qayalarının zirvəsində soyuğun və çovğunun hökmranlıq etdiyi vaxtda, qış iqamətgahı üçün tikilmişdir. Zamanın təsirinə nisbətən az məruz qalmış qəsrin qalıqları indi də təpənin zirvəsində, tikiliyə öz adını vermiş çoxsulu bulaqların yanında görünür. Onun hündür divarları arxasında dəstə, əgər kifayət qədər ərzaq olarsa, xilas gələnə qədər orada dayana bilərdi. Səhra topları ilə Şah-bulax qəsrinin qalın divarlarını dəlmək olmaz.”
[Qafqazda rus hökmranlığının bərqərar olması. Cild I. 1901-ci il., səh. 208-209]
1977-ci ildə “Şuşa şəhərinin arxitekturası və onun tarixi simasının qorunub saxlanması problemləri” kitabında qala haqda aşağıdakılar yazılır:
“Planda Pənah xanın qəsri özü ilə hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuş, şərq divarının mərkəzi istisna olmaqla, hər divarın mərkəzinə əlavə olaraq bir yarımdairəvi qülləyə bitişik olan dörddə üçlük dairəvi döyüş qüllələri ilə bütün xarici dörd küncdən möhkəmləndirilmiş kiçik düzbucaqlı tikilidən ibarətdir. Qalanın içərisində iki istehkam var idı – biri daxildə, digəri isə bu günə qədər gəlib çatmamış qalanın hüdudlarından kənarda.Qalanın xarici divarları və qüllələri yuxarıya doğru bir qədər nazikləşirdi və dişliklərlə tamamlanırdı.
Divarların hündürlüyü – 7 m-ə qədər, qüllələrin isə 8,5 m-ə qədərdir. Qəsrin divarlarının və qüllələrinin özünün bütün uzunluğu boyunca dar mazğalların aydın ritmi ilə kəsilmişdir, onlardan aşağıda mazğallardan müdafiəni aparılması üçün əlverişli səviyyədə bir mərtəbəli otaqların damları yerləşirdi. Ola bilsin ki, nə vaxtsa onlar, daxili həyəti təşkil etməklə bütün daxili perimetri boyunca qalanın divarlarına bitişirdilər. İndi qəsrin qərb divarına bitişən daşdan olan tağlar ilə örtülmüş yalnız iki künc otaq qorunub saxlanmışdır. Bu otaqların divarlarında taxçaların izləri qalmışdır.
Qəsrə giriş şərq divarının mərkəzində yerləşirdi və Q – şəkilli girişin həyata keçirildiyi köndələninə kəsilmiş cənub tərəfdən ona bitişik ikimərtəbəli yüksək prizmatik həcmlə müdafiə olunurdu. Bir-birinə birbaşa düz bucaq altında yerləşmiş giriş tağları qəsrə birbaşa daxil olma imkanını vermirdi. Bu prizmatik həcm bütün Şahbulaq qəsrinin üzərindən ucalan darvazaüstü səkkizinci, başlıca qüllə idi. Ehtimal etmək olar ki, darvazaüstü qüllənin qabaq mərtəbəsini Pənah xanın özü tuturdu. Darvazaüstü qüllənin ikinci mərtəbəsinə həyətdən açıq daş pilləkən aparırdı. Hal-hazırda təsvir olunan darvazaüstü qüllənin yuxarı mərtəbəsi salamat qalmamışdır”.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 10-13]
Qalanın tikintisi başa çatdıqdan sonra Pənah Əli Xan 1750-ci ildə öz ailəsi ilə birlikdə orada məskunlaşmışdı. Qalada daşdan və əhəng daşından məscid, bazar, hamam və meydan tikilmişdir.
Azərbaycan tarixçisi Mirzə Camal Qarabağinin qeyd etdiyi kimi:
“(Xan), tamamilə müstəqil olaraq üç-dörd il Şahbulağında yaşadı. Mərhum xanın gündən-günə artmaqda olan istiqlaliyyətinin şöhrəti, adamlarının çoxluğu və qüdrətinin səsi ətrafa yayıldı.“
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il., səh. 70]
İran hökmdarı Məhəmmədhəsən xan Qacarın və qonşu xanların hücum təhlükəsi ərəfəsində, qalanın əlverişsiz strateji nöqteyi-nəzərdən aranda yerləşməsi və yerin iqliminin qızmar olması səbəbindən Pənah Əli Xan, qalanı tərk etmək qərarına gəldi.
Mirzə Camal Qarabaği bu barədə aşağıdakıları yazır:
“Onların (qonşu xanların) Məhəmmədhəsən xanı üzərimizə təhrik edərək, onunla birlikdə bizə qarşı çıxacaqları ehtimalı vardır. (Belə bir vəziyyətdə) Qarabağın elləri və adlı-sanlı adamları qızılbaş qoşunları tərəfindən tapdalanacaqlar, və biz elə bir güvvətli düşmən və ətraf xanların qoşunlarına qarşı Şahbulağı qalasında tab gətirə bilməyərək, hamımız bir nəfərə qədər həlak olacağıq. Ona görə bu işin əlacını qabaqdan görmək lazımdır”.
[Əhmədbəy Cavanşir. Qarabağ xanlığının siyasi mövcudluğu haqqında (1747-ci ildən 1805-ci ilə qədər) 1961-ci il., səh. 72]
[Mirzə Camal Cavanşir Qarabaği. Qarabağın tarixi. 1959-cu il., səh. 72]
Pənah Əli Xan öz iqamətgahını Şuşaya köçürdükdən sonra Şahbulaq qalası tədricən yararsız vəziyyətə düşmüşdür.
[Azərbaycan. (Tarixi və görməli yerləri). 1960-cı il., səh. 134]
[Azərbaycan Sovet Ensiklopediyası-X cild. 1987-ci il., səh. 476]
Birinci Rusiya-İran müharibəsi (1804-1813-cü illər) zamanı Şahbulaq qalası üç dəfə (1805,1810 və 1812-ci illərdə) döyüş əməliyyatlarının mərkəzində olmuşdu və əldən-ələ keçmişdir.
[Qafqazda rus hökmranlığının bərqərar olması. Cild I. 1901-ci il., səh. 208-212]
[Qafqazda rus hökmranlığının bərqərar olması. Cild II. 1902-ci il., səh. 189-190]
[V.Potto. Ayrı-ayrı oçerklər, epizodlar, əfsanələr və tərcümeyi-hallarda Qafqaz müharibəsi. 1-ci cild.1887-ci il., səh. 480-481]
1928-ci ilin “Yevlax-Şuşa: Arxeoloji oçerk” adlı kitabda qaladan xarabalıqların qaldığı qeyd edilir.
[C.Aleksandroviç, İ.Əzimbəyov, M. Sısoyev.Yevlax-Şuşa: Arxeoloji oçerk. 1928-ci il., səh. 8]
Ağdam rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə 1993-cü ildə, qala vandalizmə məruz qalmışdır.