Kəlbəcərin işğalı: ermənilər necə BMT və Avropa Şurasına etinasızlıq göstərmişlər

27 mart 1993-cü il tarixidə erməni silahlı birləşmələri Azərbaycanın Kəlbəcər rayonuna hücuma başladılar. Erməni qoşunlarının əsas zərbəsi Kəlbəcərin qərbindən, Ermənistanın Vardenis rayonu tərəfindən endirilmişdir. Hücumdan əvvəl Kəlbəcər rayonunun yüksək dağlıq kəndləri “Qrad” qurğuları və erməni aviasiyasının bomba zərbələri ilə atəşə tutulmuşdur. Bir çox yaşayış məntəqələri məhv edilmişdir.
[Tomas de Vaal. Qara Bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Nyu-York Universitetinin çapı. Moskva-2005, səh. 285-287]
[Rossiyskaya qazeta, 06.04.1993, səh. 7]
[“Bakinski raboçi” qəzeti. 06.04.1993. № 47 (22557). səh. 3]

1 aprel 1993-cü ildə, Azərbaycan tərəfi mayor S. O. Barseqyana məxsus hərbi xəritəni ələ keçirdi. Xəritədəki məlumatlar onu göstərirdi ki, martın 2-də Barseqyan Sevan gölünün sahilində idi, martın 27-də isə artıq Kəlbəcərə tərəf yollanmışdı.
[Tomas de Vaal. Qara Bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Nyu-York Universitetinin çapı. Moskva – 2005, səh. 409]

“Şəhər daim olaraq artilleriya-raket atəşlərinə və havadan bombalanmalara məruz qalır. Dinc əhali arasında çoxlu sayda qurbanlar var. Minlərlə insanın taleyi məlum deyil”. – “İzvestiya” qəzeti məlumat verir.
[İzvestiya qəzeti. 02.04.1993. № 61 (23916). səh. 1]

Həftə ərzində (27.03.-03.04.1993) Kəlbəcərdən 40.000 mülki əhalinin təxliyə edilməsinə müvəffəq olunmuşdur, erməni işğalçılarının mühasirəsində qalmış 15.000-dən çox əhalinin başı üzərində məhv edilmək təhlükəsi yaranmışdır. Həlak olanların, itkin düşənlərin və girov götürülənlərin əksəriyyəti uşaqlar, qadınlar, köməksiz əlillər idi. Həmin dövrdə, Kəlbəcər rayonunun əhalisinin ümumi sayı 60.000 nəfər idi, yəni, bu rayonun işğalı ilə 60.000-ə yaxın insan qaçqın düşmüş, sonralar Azərbaycanın Gəncə, Xanlar (indiki Göygöl rayonu), Samux, Goranboy, Bərdə, Yevlax rayonlarında məskunlaşmışlar.
[Pravda qəzeti. 03.04.1993. № 64 (27018). səh. 1]
[“Bakinski raboçi” qəzeti. 06.04.1993. № 47 (22557). səh. 1, 2]

3 aprel 1993-cü ildə ermənilər Kəlbəcər şəhərini ələ keçirdilər. Erməni silahlı birləşmələri bütün rayonu, demək olar ki, ələ keçirdilər, çünki Kəlbəcəri Azərbaycan əsgərlərinin kiçik bir qrupu müdafiə edirdi, onlar vaxtında əlavə yardım almadılar və geri çəkilməyə məcbur oldular. Ermənistan ordusunun Vardenis korpusunun 24 döyüş təyyarəsi, 48 hərbi helikopteri, 87 tankı və digər hərbi texnikası var idi. Döyüşlərdə ermənilərlə yanaşı, 7-ci rus ordusunun hərbi qulluqçularının da iştirak etdiyi barədə fikirlər səslənirdi.
[“Bakinski raboçi” qəzeti. 22.04.1993. № 54 (22564). səh. 1]
[Tomas de Vaal. Qara Bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Nyu-York Universitetinin çapı. Moskva – 2005, səh. 286,287]
[“Bakinski raboçi” qəzeti. 06.04.1993. № 47 (22557). səh. 2,3]

Rayonun işğalından bir neçə gün sonra, Azərbaycanın Ermənistanı Kəlbəcərdə hərbi əməliyyatların dayandırılmasına çağırması cəhdlərinə baxmayaraq, nə BMT, nə də ATƏT baş verən hadisələrə heç bir reaksiya vermədi. Türkiyə, Kəlbəcər rayonunun işğalından xəbər tutaraq, Ermənistana qarşı mövqeyini sərtləşdirdi və Ermənistan qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb etdi. Kəlbəcərin işğal edilməsi ilə Türkiyə Ermənistanla ikitərəfli münasibətlərinə birdəfəlik son qoydu və öz ərazisindən keçməklə Avropa İttifaqının Ermənistana ikinci humanitar yardımının (buğdanın) tədarükünü əngəllədi.
[İzvestiya qəzeti. 04.06.1993.  № 63. səh. 2]
[Pravda qəzeti. 04.07.1993. № 66 (27020). səh. 1]
[Tomas de Vaal. Qara Bağ. Ermənistan və Azərbaycan sülhlə müharibə arasında. Nyu-York Universitetinin çapı. Moskva – 2005, səh. 287]

1993-cü il aprelin 12-də BMT Təhlükəsizlik Şurasının sədri Riçard Bauçer Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumunu pislədi və hərbi əməliyyatların dayandırılması və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması üçün ABŞ hökumətinin bütün təsirininin Ermənistan hökumətinə yönəldəcyini bəyan etdi. Avropa Şurası da, həmçinin Riçard Bauçerin çağırışını dəstəklədi.
[“Bakinski raboçi” qəzeti. 15.04.1993. № 51 (22561). səh. 1]
[“Bakinski raboçi” qəzeti. 20.04.1993. № 53 (22563). səh. 1]

30 aprel 1993-cü ildə BMT – nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair birinci qətnaməsini qəbul etdi. Qətnamədə Ermənistana “işğalçı qüvvələrin dərhal Kəlbəcərdən çıxarılması” tələbi yer alırdı. Tarix göstərir ki, Ermənistan tərəfi 27 il ərzində beynəlxalq hüquqa məhəl qoymamışdır. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasındakı üçtərəfli saziş əsasında Kəlbəcər şəhəri rayonla birlikdə Azərbaycana qaytarılmışdır.