Füzulinin Hacı Ələkbər məscidi
Məscid 1889-1890-cı illərdə memar Kərbəlayi Səfixan Qarabağı tərəfindən inşa edilib.
Bunu məscidin giriş qapısının üzərində yerləşdirilmiş ərəbdilli daş yazı da təsdiq edir:
“Memar Kərbəlayi Səfixan Qarabağinin işidir” hicri 1307-ci il. (=1889-1890).
Həmçinin məscidin dəyirmi medalyonlarında belə yazı var:
“Ya Allah! Məhəmməd! Ya Əbu Bəkr! Ömər!, Osman, Ya Əli!, əl-Həsən, əl-Hüseyn”.
[Qarabağ: münaqişə kontekstində tarix\\\Məşədi xanım Nemətova. Qarabağın epiqrafik abidələri. 2014-cü il, səh. 139;164]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 40]
Yerli uzunömürlü sakin Nəriman Məşədi Fətulla oğlu Quliyevin dediklərinə görə, məscid Hacı Ələkbər bəyin sifarişi ilə tikilib.
“Hacı Ələkbər bəy Bakı quberniyasında müxtəlif məsul vəzifələrdə çalışmışdı. Ömrünün qürub çağlarında o öz, doğma ata-baba yurdu olan Qarabulağa (indiki Füzuliyə) gəlir. Ata yurdunun kasıb və cansıxıcı görünüşü onun qəlbini mərhəmət hissi ilə doldurur. Odur ki, Hacı Ələkbər bəy qalan ömrünü bu şəhərin abadlıq işlərinə sərf edəcəyini qərara alır.
Az keçmir ki, Hacı Ələkbər bəy İrandan bir dəstə usta və Şuşa qalasından məscid tikənlər dəvət edir…
… Beləliklə, Hacı Ələkbər bəy iranlı ustalara kəhriz tikməyi, şuşalı ustalara isə məscid, hamam və dəyirmanın inşasını tapşırır” . Sonda Quliyev qeyd edir ki, memar Kərbəlayi Səfixan Qarabaği hamam, dəyirman və məscid inşa edən ustaların dəstəsinə rəhbərlik edirdi.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 40-41]
Məscid istisna olmaqla, hamam, dəyirman və kəhriz günümüzə qədər gəlib çatmayıb. Deyilənə görə, Hacı Ələkbər evinin eyvanından havaya bir dəfə atəş açıb ki, üç binanın və kəhrizin tikintisi eyni vaxtda başlasın. 1995-ci ilin “Memar Kərbəlayi Səfixan Qarabaği” kitabında qeyd olunur ki, onların tikildiyi yerlər bir-birinə yaxın olduğundan bu deyilənin düz olması mümkündür.
[R. Qarabağlı. Füzuli rayonunun memarlıq abidələri. 2017-ci il, səh. 34]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 40-41-42]
Azərbaycan tarixçisi Ənvər Çingizoğlunun “Qarabağ hüquqşünasları” (1822-1920) kitabında göstərilir ki, məmur, 2-ci Bakı sahəsinin pristavı, quberniya katibi Hacı Ələkbər Nəsirbəyov (1857-ci ildə anadan olub) Qarabulaq kəndində dəyirman, məscid, klub və kəhriz tikdirmişdi. Çox güman ki, söhbət eyni şəxsdən, yəni Hacı Ələkbərdən gedir.
[Ə. Çingizoğlu. Qarabağ hüquqşünasları (1822-1920). 2012, səh. 147]
Azərbaycan memarı Fətullayev göstərirdi ki, məscidin ibadət zalı planda kvadrat, digər azərbaycanlı memar Rizvan Qarabağlı isə qeyd edirdi ki, məscidin özünün plan quruluşu kvadrat şəklində həll olunub. Qarabağlı onu da əlavə edirdi ki, məscid özü əsasən Ağdam və Şuşa məscidlərinin ideya məzmununu qoruyub saxlayır. Fətullayev eyni zamanda qeyd edirdi ki, məsciddə “memarlıq qərarının eyni konstruktiv sxeminə əməl olunub, Qarabağın iri şəhər və məhəllə məscidlərində memar (Qarabaği) tərəfindən aparılan prinsiplər təkrarlanıb.”
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 270]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 39]
Giriş sağ tərəfdə, portalın dərinliklərində oxşəkilli tağla yerləşdirildiyinə görə məscid asimmetrik plana malikdir. Bu, ikinci mərtəbədə qadınlar üçün nəzərdə tutulmuş şüşəbənd və birinci mərtəbədəki köməkçi otağın böyük götürülməsi hesabına baş verib.
Məscidin ibadət zalına dörd səkkizguşəli sütun qoymaqla memar onun zalını üç nefə bölüb. Fətullayev eyni zamanda qeyd edir ki, ibadət zalının üç nefə bölünməsi Ağdam və Şuşa məscidlərində də mövcuddur. Məscidin ibadət zalı doqquz ədəd sivri şəkilli günbəzlə örtülüb. Zalın aşırımlarını tamamlayan oxşəkilli sütunlar günbəzlərlə ahəng təşkil edir.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 39-40]
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 270]
Məscidin daxili memarlıq həllində memar heç bir dekorativ elementdən istifadəyə yol verməmişdir.Lakin 1984-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində qeyd olunur ki, məscidin divarlarının bəzəyində quşların (çox güman ki, alabaxtı – çöl göyərçinlərin) təsvirlərindən istifadə edilib.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 39-40]
[“Ədəbiyyat və incəsənət” qəzeti. 21.12.1984-ci il, № 51 (2134) səh. 8]
Şüşəbənd baş fasadla sol tərəfdəki divarın kəsişdiyi küncün xarici divarından açılmış qapıdan daxil olduğu yolu ümumi girişdən tamamilə ayırmışdır. İbadət zalının sadə daş konstruksiyası və onun yüngül relyefli azacıq bəzədilmiş mehrabı bu məscidin daxili məkan həllinə bir sərinlik və sərbəstlik bəxş edir. Məscidin ağ rəngli divar fonunda alaqaranlıq görünən oxvari çatmatağlı portalı Ağdam məscidinin girişini xatırladır.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 39-40]
Məscidin minarələri yoxdur, 1984-cü il “Ədəbiyyat və mədəniyyət” qəzetində qeyd olunur ki, məscidin qoşa minarələri var idi, lakin onlar naməlum dövrdə dağıdılmışdır.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 39]
[“Ədəbiyyat və incəsənət qəzeti”. 21.12.1984-ci il, № 51 (2134) səh. 8]
Hacı Ələkbər məscidi yerli sakinlərin və inşaatçıların köməyi ilə bir neçə dəfə kortəbii surətdə təmir edilib, bununla əlaqədar onun dam örtüyü müasirləşdirilib və qarşısında tikilmiş hovuzun ümumi görünüşü təhrif olunub. 1984-cü ilin “Ədəbiyyat və incəsənət” qəzetində bu barədə aşağıdakılar yazılır:
“Məscidin daxilində aparılan yenidənqurma işləri onun qədim görkəmini itirmişdir. Məscid tavanlarının əzəmətliliyi, qədim divar ornamentləri görünmür. Sonradan düzəldilmiş taxta döşəmə və tavan abidənin daxili ansamblını pozur.”
Lakin yuxarıda qeyd olunanlara baxmayaraq Hacı Ələkbər məscidində Səfixan ənənəsini sübut edən memarlıq elementləri qalıb.
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 39]
[“Ədəbiyyat və incəsənət” qəzeti. 21.12.1984-ci il, № 51 (2134) səh. 8]
Yuxarıda adı çəkilən hovuzun məscidin qarşısında inşa edilməsi ilə bağlı ayrı bir hekayə var. Uzunömürlü sakin Nəriman Məşədi Fətulla oğlu Quliyevin xatirələrinə görə: “Hacı Ələkbər bəyin başladığı tikinti Qarabağın nüfuzlu bəylərindən olan Camal bəy Vəzirovun, (o, həm də Ələkbər bəyin qohumudur) qüruruna toxunur. Bunu eşidən Ələkbər bəy onun onun qəlbinə toxunmasın deyə, məscidin qarşısındakı hovuzun tikilmə xərcini ona həvalə edir. Bu iş doğrudan da, böyük xərc tələb eləmirdi. Lakin savab xətrinə Camal bəy məscid qarşısında hovuz tikdirməsi işinə razılıq verir və Ələkbər bəyin uzaqgörənliyinə, həm də onun yüksək mədəniyyətinə heyran qalır.”
Nəriman Quliyevin məlumatına görə, hovuzun üzərində Camal bəyin adı da yazılmışdı. (lakin bərpa zamanı o da itirilib).
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995, səh. 41]
Şamil Fətullayevin sözlərinə görə Hacı Ələkbər məscidi azərbaycanlı memar Kərbəlayi Səfixan Qarabağinin bizə məlum olan son memarlıq əsərlərindən biridir. Lakin Rizvan Qarabağlı qeyd edir ki, bu məscid Kərbəlayi Səfixan Qarabağinin ilk işlərindən biridir.
[Ş. S. Fətullayev. XIX əsrdə – XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. 1986-cı il, səh. 270]
[R. Qarabağlı. Memar Kərbəlayi Səfixan Qarabaği. 1995-ci il, səh. 39]
1984-cü ildə sovet dövründə məscid binasında “muğam-poeziya evi” yerləşirdi.
[“Ədəbiyyat və incəsənət” qəzeti. 21.12.1984-ci il, № 51 (2134) səh. 8]
1993-cü ildə Füzulinin erməni silahlı birləşmələri tərəfindən işğalından sonra məscid dağıdılmışıdır.