Bütün Zaqafqaziya, İran və Rusiyadan gələn tacirlərin Şuşadakı sığınacaq yeri: Məşədi Şükür Mirsiyab oğlunun karvansarayı
Karvansaray tacir Məşədi Şükür Mirsiyab oğlunun vəsaiti hesabına 1880-ci ildə Şuşada inşa edilmişdir. Bina tacir Hacı Əmiraslanın sökülmüş karvansarayının yerində tikilmişdir. Azərbaycan tarixçisi Çingiz Qacarın sözlərinə görə, karvansaray azərbaycanlı memar Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmişdir.
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 69]
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 63]
[F.Şuşinski. Şuşa. 1968-ci il., səh. 29]
Azərbaycan musiqişünas və tədqiqatçı Firudin Şuşinski özünün 1968-ci il
“Şuşa” adlı kitabında bina haqqında aşağıdakıları qeyd edir:
“XIX əsrin sonlarında Şuşada 10 karvansaray var idi. Amma yenə də ən yaxşısı Mirsiyab oğlu Məşədi Şükürün karvansarayı idi. O, bütün digər şəhər karvansaraylarından həm gözəlliyi, həm də ölçüləri ilə fərqlənirdi”.
Karvansaray daşdan tikilmişdir və iki mərtəbədən ibarətdir. Binanın ikinci mərtəbəsində tacirlər və səyyahlar üçün 25 otaq var idi, qalan hissəsində isə bir neçə tacir idarələri və 30-a yaxın müxtəlif ticarət dükanları yerləşirdi. Qonaqların xidmətində bərbərxana, çəkməçi, dərzi və digər emalatxanalar var idi.
[E. Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 63]
Şuşadakı Məşədi Şükür Mirsiyab oğlu karvansarayına gələn tacirlər və qonaqlar üçün məscid tikilmişdir. Məscid ikinci mərtəbədə, binanın künc hissəsində yerləşirdi. Azərbaycan tarixçisi Elturan Avalovun fikrincə, karvansarayda məscidin olması oxşar tipli binaların inşa praktikasında unikal,yeganə bir haldır və onun bütün karvansaraylar memarlığı tarixində birbaşa analoqu yoxdur.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 63]
Gələn qonaqların artması səbəbindən karvansarayın şərq tərəfinə taxta sütunlu daha bir ikimərtəbəli yaşayış evi tikilmişdi. Birinci mərtəbədə müxtəlif ticarət idarələri yerləşirdi, ikinci mərtəbədə isə qonaqlar qalırdı.
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 63]
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 69]
Mirsiyab oğlu karvansarayında bütün Zaqafqaziyadan, İrandan və Rusiyadan gələn tacirlər qalırdılar. Buradan Qarabağ qəzasının hər tərəfinə mallar aparılırdı.
[F.Şuşinski. Şuşa. 1968-ci il, səh. 29]
Sovet dövründə Məşədi Şükür Mirsiyab oğlu karvansarayı ticarət kompleksinə çevrilmişdir.
[Ç.Qacar. Qədim Şuşa. 2007-ci il., səh. 69]
[E.Avalov. Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması problemləri. 1977-ci il., səh. 63]
1992-ci ilin mayında Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasından sonra, karvansaray tərk edilmiş vəziyyətdə idi.