31 il bundan əvvəl azərbaycanlı jurnalist Salatın Əsgərova Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirilib

1991-ci il yanvarın 9-da “Molodyoj Azerbaydjana” (Azərbaycan gəncləri) qəzetinin müxbiri Salatın Əsgərova vəzifə öhdəliklərini yerinə yetirən zaman ermənilər tərəfindən qətlə yetirilmişdir. O Birinci Qarabağ Müharibəsinin ilk azərbaycanlı şəhid qadın jurnalisti və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk qadın jurnalist olub.

Yanvarın 9-u səhər saat 05:00 radələrində Laçın-Şuşa yolunun beşinci kilometrində avtomatla silahlanmış 12 erməni “UAZ-469” markalı hərbi maşını gözləmək üçün pusquda durmuşdu. Saat 08:20-08:30 radələrində, avtomobil körpüdə olanda üç erməni onun yolunu kəsdi. Onlar avtomobilə dərhal yaxın məsafədən atəş açdılar. Daha sonra hərbi maşın hər tərəfdən atəşə tutulmağa başladı. Hücum  nəticəsində jurnalist  Salatın Əsgərova və Sovet ordusunun üç hərbi qulluqçusu: batalyon komandiri, podpolkovnik Oleq Larionov, Laçın rayon hərbi komendantlığının qərargah rəisi, mayor İqor İvanov və serjant İvan Qoyek həlak oldular.
[“Molodyoj Azerbaydjana” qəzeti. 18 aprel 1992-ci il. №35 (11024), səh. 3]
[“Literaturnaya qazeta” 13 fevral 1991-ci il. №6 (5332), səh. 2]
[Y.A.Pompeyev. “Qarabağ qan içində” kitabı. 1992-ci il, səh. 59-60]

Rus yazıçısı, Rusiya Yazıçılar Birliyinin üzvü Yuriy Pompeyev “Qarabağ qan içində” (1992) kitabında yazır:
Hərbi maşını yaxın məsafədən, iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Üç nəfər – sürücü İ.Qoyek və onun yanında əyləşən mayor İ.İvanov, həmçinin jurnalist S.Əsgərova hadisə yerində həlak oldular. Maşında 113 güllə deşiyi saymışdılar: düşmən atəşinin intensivliyi belə idi”.
[Y.A.Pompeyev. “Krovavıy omut Karabaxa”. 1992-ci il. səh. 60]

SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sovet Konstitusiya Quruluşunun Mühafizə İdarəsinin keçmiş rəisi Valeriy Pavloviç Vorotnikov “Pravda” (1991) qəzetində baş vermiş hadisəni siyasi qətl kimi qiymətləndirmişdir.
[“Pravda” qəzeti. 26 iyun 1991-ci il. № 152 (26600), səh. 4]

Elə həmin gün Azərbaycan DQMV Şuşa rayon prokurorluğu tərəfindən qəsdən adam öldürmə faktı üzrə cinayət işi açılır. 11 nəfər məsuliyyətə cəlb edilir. Araşdırma zamanı terror aktının İrəvan universitetlərindən birinin tələbəsi Andranik Arutyunanın başçılıq etdiyi, 1989-cu ilin yay aylarında yaradılan mütəşəkkil cinayətkar qrupu tərəfindən törədildiyi müəyyən edilir.  Qrup başçısının Qaladərəsi, Kirov və Yextsahoq kəndlərində müavini fizika müəllimi, “АМАРАС” “xeyriyyə” cəmiyyətinin yerli şöbəsinin rəisi Arno Mkrtçyan olub. O məktəblərdən birinin direktoru Velen Simonyanla birlikdə silahla dolu arsenalı döyüş sursatı və partlayıcı maddə ilə təchiz etmişdir. Həmçinin, Velen Simonyan Salatın Əsgərovanın olduğu hərbi maşına hücum edənlərdən biri olub.
[“Molodyoj Azerbaydjana” qəzeti. 18 aprel 1992-ci il. №35 (11024), səh. 3]
[“Bakinski raboçi” qəzeti. 4 mart 1992-ci il. №46 (22325), səh. 2]

“1991-ci il yanvarın 8-də saat 23:00 radələrində telefonçunu əvəz etdiyim rabitə şöbəsinə Stepanakert İcraiyyə Komitəsinin sədri Semen Babayan zəng edərək, onu Kirov kəndində olan Andranik Arutyunan və aktrisa Janna Qalstyanla calaşdırmağımı istədi. Onlar danışdılar, bir az keçəndən sonra məni qərargaha çağırdılar. Orada artıq bizimkilər və kənardan gələnlər olmaqla, 15 nəfər toplanmışdı. Daha sonra ora UAZ markalı avtomobildə Arno və Janna Qalstyan gəldilər. Janna dedi ki, tapşırıq daxil olub. O mən daxil olmaqla, iştirakçıları özü seçdi, Yextsahoq kəndindəki dəstədən “təcrübəli şəxsləri” özümüzlə götürməyi tapşırdı, Arnonu isə məsul şəxs təyin etdi”,- deyə müttəhim Arvid Manqasaryan ifadəsində qeyd edir.
[“Molodyoj Azerbaydjana” qəzeti. 18 aprel 1992-ci il. №35 (11024), səh. 3]

1992-ci il noyabrın 6-da Salatın Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
[“Molodyoj Azerbaydjana” qəzeti. 14 noyabr 1992-ci il. №65 (11034), səh. 1]

1992-ci il aprelin 2-də Azərbaycan Ali Məhkəməsinin qərarı ilə Arno Mkrtçyan, Qraçik Petrosyan, Qaqik Arutyunan, Arvid (Arsid) Manqasaryan və Qarnik Arustamyan ölümə, qalan altı nəfər isə müxtəlif müddətlərə həbsə məhkum edilirlər.
[“Molodyoj Azerbaydjana” qəzeti. 18 aprel 1992-ci il. №35 (11024), səh. 3]

1996-cı il mayın 10-da hərbi əsirlərin qarşılıqlı mübadiləsi çərçivəsində onlar Ermənistana təhvil verilir.  
[“Respublika” qəzeti. 15 may 1996-cı il. №9., səh.1]